PDF Oxu

Siyasət

  • 2 337

Silahlı Qüvvələrimizin izi hər bir qarış torpağımızda

Silahlı Qüvvələrimizin izi hər bir qarış torpağımızda

Ordu quruculuğu hər bir dövlətin özünümüdafiə gücünün əsas mənbəyidir. Müasir dünya sistemində dövlətlərarası münasibətlər diplomatik əlaqələrlə tənzimlənsə də, hər bir ölkə dövlət müstəqilliyini təminat altına almaq üçün güclü ordusuna arxalanır. Bugün güclü iqtisadiyyatı, ordusu olan ölkə suveren hüquqlarını qorumaqla yanaşı, regionda, dünya dövlətləri arasında söz sahibinə çevrilir. Təkcə Qarabağ münaqişəsinə nəzər yetirsək bunu aydın görə bilərik. Uzunmüddətli sülh danışıqları haqlı davamızda torpaqlarımızın bötövlüyünü təmin etməyə kifayət etmədi. Qarşı tərəfin davamlı olaraq, Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə maneə olması sonda müharibəyə gətirib çıxartdı. Azərbaycan Respublikası prezidenti İlham Əliyev daima sülh tərəfdarı olan ölkə olaraq qəti mövqeyimizi bildirsə də, torpaqlarmızın işğal altında qalmasına göz yummayacağımızı da dəfələrlə qətiyyətlə ifadə etmişdir. Bunun nəticəsi idi ki, İkinci Qarabağ müharibəsi böyük zəfərlə sona çatdı. 44 günlük “Dəmir Yumruq” əməliyyatında ordumuz öz şücaətini göstərdi. İşğal edilmiş torpaqlarımızda yenidən üçrəngli bayrağımız dalğalanmağa başladı.Milli ordumuzun əsası 1918-ci il 26 iyun tarixində qoyulmuşdur. 104 illiyini qeyd edən Silahlı Qüvvələrimiz böyük inkişaf yolu keçmişdir. Müstəqilliyimizin bərpasından sonra ordumuzun yenidən təşkil edilməsi, maddi-texniki baza ilə təmin edilməsi daim ön planda olmuşdur. Ulu Öndər Heydər Əliyev, daha sonra onun layiqli davamçısı İlham Əliyev müasir silahlarla silahlanmış güclü ordumuzun olması üçün lazımı tədbirlərin görülməsinə diqqət yetirmişdir. Xüsusilə torpaqlarımız işğaldan azad edildikdən sonra, həmin ərazilərdə hərbi sahədə də yenidənqurma işləri görülməyə başlamışdır.24 dekabr 2021-ci ildə birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilmişdir. 6 ay sonra Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasimi təşkil olunur. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir. Xüsusilə qeyd etməliyik ki, bu gün dünyada güc amili ön plandadır. Beynəlxalq hüququn norma və prinsipləri işləmir, beynəlxalq təşkilatlar faktiki olaraq fəaliyyəti formal şəkildə davam etdirir. Bu da onu söyləməyə əsas verir ki, güclü ordu öz mənafeyini qoruyan güclü dövlət deməkdir. Qarabağ münaqişəsinin sülh danışıqları dövründə İşğalçıya heç kim “Azərbaycan torpaqlarından çıx!” deməmişdir. Haqq-ədalət bizim tərəfimizdə idi, beynəlxalq hüquq bizim tərəfimizdə idi, bizim torpaqlar işğal altında idi. Ona görə Azərbaycan xalqı özü doğma torpaqlarını azad etdi. Bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Bəşər tarixində baş verən bütün müharibələrdə iqtisadi müstəqillik faktoru öz sözünü deyib. Sürətli inkişaf iqtisadi müstəqilliyi təmin etdi və Qələbəni yaxınlaşdırdı. İqtisadi müstəqillik müharibəni aparmaq üçün imkan yaratdı. Biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq.Xalqımızın şanlı müharibəsi indi müxtəlif ölkələrin ali məktəblərinin hərbi dərsliklərindədir və bunu bir çox hərbi ekspertlər qeyd edirlər. Çox çətin relyefi olan ərazini, Şuşa kimi alınmaz qalanı cəmi 44 gün ərzində azad etmək ancaq Azərbaycan əsgərinin ruhu, gücü hesabına mümkün olmuşdur. Biz bütün dünyaya göstərdik ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən böyük xalqıq. Böyük qürurla qeyd edə bilərik ki, Şuşanın azad edilməsi gənc nəslin dinləyəcəyi qəhrəmanlıq dastanı olaraq tariximizdə öz silinməz izini qoydu. Biz bu gün qalib insanlar kimi yaşayırıq. Bütün dünya azərbaycanlıları yaşadıqları yerlərdə başlarını dik tutub qalib xalqın nümayəndələri kimi yaşayırlar. Biz tarix qarşısında, əcdadlarımızın ruhu qarşısında və gələcək nəsillər qarşısında tarixi missiyanı icra etdik. Bu tarixi Qələbə daim bizim tariximizdə olacaq. Biz daim bu tarixi Qələbə ilə fəxr edəcəyik.Böyük fəxarət hissi ilə deyə bilərik ki, Ermənistan ordusu 44 gün ərzində demək olar məhv edilmişdir. Ermənistan ordusunda panika, isterika vüsət almışdı. Özlərinin etirafına görə, 10 min fərari olmuşdu. Sonda Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Bütün sərhədlərdə hərbi hissələr yaradılıb. Müharibədən keçən il yarım ərzində biz gecə-gündüz çalışmışıq ki, ordumuzu daha da gücləndirək, daha da müasir silahlarla təchiz edək, sərhəd boyunca bütün əlverişli mövqelərə sahib olaq, yerləşək və buna nail olduq. Bundan sonra da Ordumuzun inkişafı üçün lazımı addımlar atılacaq. Müharibədən sonra bu gün Azərbaycan Ordusu daha da güclüdür. Həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən deməyə haqqımız çatır. Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalandı. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək. Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmləndiriləcək.Azərbaycanlı xalqı qurub-yaradan, öz maddi, mədəni irsinə sahib çıxan xalqdır. Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Artıq yeni həyatın təzahürləri görünməkdədir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Kəlbəcər şəhərində İşğal və Zəfər muzeylərinin təməli qoyuldu. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. Xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər infrastrukturun yenidən bərpasında xüsusi əhəmiyyət kəsb edir. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu, onu göstərir ki, biz bu torpaqların sahibləriyik. Azərbaycan xalq öz torpaqlarının əzəli, əbədi sahibi olaraq, daim bu torpaqlarda üçrəngli bayrağı dalğalandıracaq.

Mənzər Ağabəyova
Yeni Azərbaycan Partiyasının fəalı, Bakı şəhəri 156 nömrəli tam orta məktəbin tarix müəllimi

Digər xəbərlər