“Biz işğala son qoyduq, ədaləti bərpa etdik. Mən 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısında qeyd etmişdim ki, biz beynəlxalq hüququ, ədaləti bərpa edəcəyik”. Bu sözləri iyunun 30-da Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında söyləyib və bildirib ki, biz uzun illər, 30 il gözlədik ki, beynəlxalq ictimaiyyət tərəfindən bu məsələnin həlli tapılacaq və işğala son qoyulacaq.
Dövlət başçısı qeyd edib ki, bu məqsədlə 1992-ci ildə ATƏT-in Minsk qrupu təsis olunmdu: “Qrupun funksiyası münaqişənin həlli, işğala son qoymaq idi. Lakin əksinə, ATƏT-in Minsk qrupu sadəcə bir alətə çevrilmişdi”.
Minsk qrupu ilə bağlı spekulyasiyalar sülh üçün dağıdıcı təsirə malikdirAzərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında onu da bildirib ki, artıq Azərbaycan işğala son qoyub, Azərbaycan öz ərazi bütövlüyünü hərbi və siyasi yolla təmin edib: “Belə olduğu halda artıq Minsk qrupuna ehtiyac yoxdur, biz Minsk qrupu ilə vidalaşmışıq, onlarla sağollaşmışıq. Lakin təəssüflər olsun ki, Ermənistan tərəfi və digərləri bu qrupu canlandırmaq istəyirlər. Bildirmək istəyirəm ki, bu, qeyri-mümkündür. Artıq o qrup ölüdür, cansızdır. Biz işğaldan xeyli əziyyət çəkmişik və bunu açıq-aydın şəkildə bildiririk".
Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda dağıdıcıdır, regionda sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir. Çünki ATƏT bu 28 il ərzində yalnız vaxt aparmaqla məşğul idi. Lakin ötən illər ərzində Minsk qrupu necə ki, bizə ümid verib, heç bir fəaliyyət həyata keçirtmədiyi kimi bizdə onlara toxunmadan öz ordumuzu gücləndirib, diplomatiya sahəsində uğur qazanmaq üçün fəaliyyət göstərdik. Bunun nəticəsi olaraqda Ali Baş Komandanın başçılığı ilə Azərbaycan ordusu qalib gəldi. Beləliklə də biz bu gün ATƏT Minsk qrupunu tarixdən sildik. Son zamanlar Minsk qrupunun ətrafında baş verən məsələlər və müxtəlif siqnallar əslində dünyadakı reallıqların göstəricisidir ki, bu gün de-fakto Minsk qrupuna ehtiyac yoxdur.Digər bir məqam isə, ATƏT-in Minsk qrupu tərəfsiz və ədalətli olmalı idi. Belə olmadığı halda Azərbaycan Prezidentinin dediyi kimi, bu ölü qrup regionda sülhün bərqərar olması üçün dağıdıcı təsirə malik olduğu üçün 28 illik fəaliyyəti də göz qabağındadır və nəticə də sıfırdır. Və 30 il həlli mümkün olmayan problemi Ali Baş Komandan, Azərbaycan Prezidenti "Dəmir yumruq" siyasəti yolu ilə azad edərək Ermənistanın müdafiəsinə qalxmış dövlətlərə və siyasi mərkəzlərə öz yerlərini göstərdi. Bununla da Prezident İlham Əliyev cənabları tərəfindən ATƏT -in Minsk qrupu üçlüyü məsələsinə birdəfəlik son nöqtə qoyulmuş oldu.
Bu yerdə bir məqamı xatırlatmaq istərdim. Dünyanın ən təcrübəli dövlət xadimləri ilə bir sırada dayanan Azərbaycan Prezidenti İlham Əliyev o zaman Minsk qrupunun etimadı itirmiş həmsədrlərinə mükəmməl bir sual vermişdi: “Siz nə ilə məşğul olmaq istəyirsiniz, deyin, biz də bilək və öz fikrimizi bildirək. Bir ildən çox müddətdə bu məsələ ilə bağlı bizə hər hansı bir təklif verilməmişdir. İndiki şəraitdə isə Minsk qrupu, onun həmsədrlər formatı faktiki olaraq qeyri-funksional vəziyyətdədir. Bunu artıq bu həmsədr ölkələrin yüksəkvəzifəli şəxsləri bildirirlər və belə olan halda, əlbəttə ki, hər hansı bir qrup şəklində fəaliyyətdən söhbət gedə bilməz”.Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir. Azərbaycan bu gün beynəlxalq aləmdə söz sahibidir. Qərəzli beynəlxalq təşkilatların böhtan və qarayaxmalarına baxmayarq, Azərbaycan tuduğu haqq-ədalət yolunda inamla irəliləyəcək. Azərbaycan Prezidentinin dediyi kimi: "Bizə qarşı hansısa təxribat törədiləcəyi, revanşist addımlar atılacağı təqdirdə Ermənistan üçün daha pis olacaq. Çünki dəmir yumruq yerindədir!"
MƏŞHUR MƏMMƏDOV,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü