Belə bir fikir var - lider o şəxsiyyətdir ki, ona etimad göstərmiş xalqın maraqlarını bütün imkanları ilə müdafiə edir, reallaşdırır, cəmiyyətin enerjisinin səfərbər edilməsilə insanların taleyində əhəmiyyətli faktora çevrilir. Artıq 19 ildir ki, Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev - Sözü imzası qədər qüvvətli olan Qalib Lider "Dəmir yumruq" siyasəti ilə Güclü Azərbaycan Ordusunun rəşadətli əsgər və zabitlərin igidliyi ilə 30 illik həsrətə 44 gündə Qələbə Zəfərini xalqına yaşatdı. Bu 30 ildə dilimizdən düşməyən gün o gün olsun ki...
İllərdir həsrətində olduğumuz, ürəyimizdə qübara çevrilən, xiffətini çəkdiyimiz ata-baba torpaqlarına böyük qayıdışın arzusu, xəyalı ilə yaşadıq... Nəhayət, sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDASI qoyuldu!. Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu, Silahlı Qüvvələrimiz Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun kəndlərini işğaldan azad etdi.
Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. 8 noyabr isə Azərbaycan tarixinə Qələbə günü kimi düşdü. Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa mənfur düşmən tapdağından qurtuldu. Ali Baş Komandanımız İlham Əliyev "Twitter" hesabından 71 kəndin, 1 qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edilməsi ilə bağlı şad xəbəri xalqa verdi. 10 noyabr gecəsi isə Qalib Prezidentimiz İlham Əliyev doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi: "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır".
"Qarabağ Azərbaycandır!" reallığı 44 gündə – mümkünsüzü mümkün etdi
Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq. Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 28 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. Üçtərəfli bəyanata əsasən Dağlıq Qarabağın heç bir xüsusi statusu olmayacaq. Dağlıq Qarabağ Muxtar Vilayəti də tarixə qovuşdu. Bu bəyanat Ermənistanın kapitulyasiyasıdır. Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, «Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur» - deyən Ulu Öndərin arzusunu reallaşdırdı: «Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".
“Dəmir yumruğ”un gücü ilə “Qarabağ Azərbaycandır!” dirçəliş yolundadır
Bu gün isə “Dəmir yumruğ”un gücü ilə “Qarabağ Azərbaycandır!” dirçəliş yolundadır. Və bu «Dəmir yumruq» siyasəti ilə ilk öncə bu gün işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi də, məhz sözü imzası qədər qüvvətli olan Qalib Liderimiz İlham Əliyev cənablarının uğurlu diplomatiyası ilə Ermənistan Ağdam, Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə minaya dair xəritələrini Azərbaycana təhvil verib. Bu, Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən siyasətinin məntiqi nəticəsi idi. Bu, həm on minlərlə vətəndaşın, o cümlədən, minatəmizləyənlərin həyatının təhlükədən xilası deməkdir.Ən əsası isə, Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan əzad olunmuş torpaqlara davamlı səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır. Və iyulun 26-da Ali Baş Komandanımız Silahla Qüvvələr Günündə Kəlbəcər və Laçın rayonlarına səfərinin əsas səbəbini hərbiçilərlə bir yerdə olmaq olduğunu deyib: “Mənim iyunun 26-da bu rayonlara səfərimin əsas səbəbi bu gün - Silahlı Qüvvələr Günündə hərbçilərlə bir yerdə olmağımdır. Mən bu gün hərbçilərlə - yeni yaradılmış komando qüvvələri ilə Ordu Gününü Kəlbəcərdə qeyd etdim. Hesab edirəm ki, bunun çox böyük rəmzi mənası var. Hərbi xidmət nöqteyi-nəzərdən bu bölgə - Kəlbəcər-Laçın zonası həm iqlim, həm relyef, həm də təbiət baxımından bəlkə də ən çətin bölgədir. Ona görə bu gün mən burada olmalı idim, Müzəffər Ordumuzla bərabər olmalı idim, hər zaman olduğu kimi...”Prezident İlham Əliyev hərbçilərlə görüşü zamanı bildirib ki, hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik: «Biz şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Dəfələrlə demişdim ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Belə də oldu. İkinci Qarabağ müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi”, deyən Ali Baş Komandan söyləyib ki, bu Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır: "Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik!... Çünki nəyi demişiksə, onu da etmişik". Ali Baş Komandan həmçinin, Ermənistandakı revanşist qüvvələrə də xəbərdarlıq etdi: “Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”. Bir sözlə, Ermənistanın düşdükləri böhrandan yeganə çıxış yolu sadə məntiqlə günü-gündən güclənən, qalib Azərbaycanın irəli sürdüyü tələbləri qəbul etməkdir. Əks halda “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”.
ZƏRİFƏ QULİYEVA,
“Modern ailə və inkişaf” İctimai Birliyinin sədri