Siyasət

  • 825

Azərbaycanın təşəbbüsləri region dövlətləri tərəfindən yüksək qiymətləndirilir

image

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş uğurlu xarici siyasət kursu Azərbaycanın milli maraqlarına əsaslanan milli təhlükəsizlik siyasətini əsas götürməyə, həmçinin ölkələrarası qarşılıqlı münasibətlərin nizamlanmasına hədəflənmişdir. Bu siyasət eləcə də özünü Xəzəryanı ölkələrlə münasibətlərdə də biruzə verir.

Məlum olduğu kimi, iyun ayının 29-da Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirmişdir. Prezident İlham Əliyev Zirvə Toplantısında iştirak etmişdir. Dövlət Başçımız toplantıda çıxış edərək bir çox vacib məsələlərə toxunmuş, regionda yaranmış reallıqlardan, Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiyanın tarixi əhəmiyyətindən bəhs etmişdir. Dövlət Başçımız həmçinin çıxışında Xəzərin səviyyəsinin xeyli aşağı düşməsinin gələcəkdə yeni problemlər meydana gətirə biləcəyinə diqqət çəkmişdir.
Azərbaycan region ölkələrinin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Bu baxımdan da cənab Prezidentin Zirvə Toplantısında çıxışı zamanı qeyd etdiyi kimi, Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaqdır. Region ölkələrinin qarşılıqlı fəaliyyətinin əsasını bütün tərəflərin mənafelərini nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Bu baxımdan qeyd etmək lazımdır ki, Xəzər dənizi region xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir.
Ölkə başçımızın qeyd etdiyi kimi, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır. Azəraycanın ümumi inkişafa töhfə verməyə yönələn səyləri, təşəbbüsləri region dövlətləri tərəfindən də yüksək qiymətləndirilir və dəstəklənir. Heç təsadüfi deyil ki, son illərdə məhz Azərbaycanın təşəbbüsləri və fəal iştirakı ilə Xəzər hövzəsi regionda bir sıra ikitərəfli və çoxtərəfli siyasi, iqtisadi əməkdaşlıq platformaları yaranıb. Xəzəryanı ölkələrlə qarşılıqlı münasibətlərin uğurla inkişaf etdiyini məmnunluq hissi ilə diqqətə çatdıran dövlətimizin başçısı bu əlaqələrin eyni zamanda regional baxımından da sülhə və təhlükəsizliyə yeni çalarlar verəcəyini, sahilyanı ölkələrin qarşılıqlı münasibətlərinin və əməkdaşlığının daha da güclənməsinə töhfə verəcəyini xüsusi vurğuladı.
Zəngəzur dəhlizinin əhəmiyyətindən danışan Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. Artıq Zəngəzur dəhlizi reallığa çevrilir.
Beləliklə, Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplatısında qəbul edilmiş qərarlar Xəzər dənizinin mehriban, qonşuluq, sülh və əməkdaşlıq məkanı kimi qalmasına imkan verəcək, ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin güclənməsində sabitlik və təhlükəsizlik amili olaraq qalacaqdır.

Sahib Şükürov
YAP Göyçay rayon tıəşkilatının sədri

Digər xəbərlər