PDF Oxu

Siyasət

  • 3 016

Azərbaycanın xarici siyasətində aparıcı mövqeyə malik təsisat - ŞƏRH

Azərbaycanın xarici siyasətində aparıcı mövqeyə malik təsisat - ŞƏRH

Azərbaycanda müstəqil dövlət quruculuğu vəzifələri- müstəqilliyin möhkəmləndirilməsi, təhlükəsizliyin, ərazi bütövlüyünün və iqtisadi maraqların təmin olunması və s. özünəməxsus xüsusiyyətlərlə, vəzifə və taktiki gedişlərlə fərqlənən müxtəlif istiqamətli xarici siyasət yeridilməsini tələb edirdi. Ölkənin müstəqilliyinin dönməzliyinə nail olmaq, onu tədricən ənənəvi siyasi təsir dairəsindən çıxarmaq, tarixən formalaşmış xarici iqtisadi, siyasi və mədəni əlaqələrdən müstəqillik mənafeləri üçün səmərəli istifadə etmək, Şərqlə Qərb arasındakı münasibətlər sistemində Azərbaycanın özünəməxsus yer tutmasını təmin etmək üçün region dövlətlərinin köklü mənafelərinə və maraqlarına toxunmamaq şərtilə çoxşaxəli və tarazlaşdırılmış siyasət həyata keçirilir. Bu vəzifələrin hamısı müasir Azərbaycan Respublikasının memarı Ulu Öndər Heydər Əliyevin fəal xarici siyasəti vasitəsi ilə uğurla həyata keçirilmişdir.

Müstəqillik və dövlətçilik mənafelərini qorumaq, bu sahədə qarşıya çıxan problemləri beynəlxalq aləmin dəstəyi ilə həll etmək üçün Azərbaycan diplomatiyası beynəlxalq və məhəlli təşkilatlarla sıx əlaqələr yaratmaq, beynəlxalq hüquq normaları və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri ilə tənzimlənən böyük dünya siyasətinə qatılmaq sahəsində də mühüm işlər görülür. Dünya səviyyəli təşkilatlarla sıx əməkdaşlıq və sıx inteqrasiyanın, hərtərəfli münasibətlərin qurulmasının yeni yolları və vasitələri müəyyənləşdirilir və həyata keçirilir.

Müstəqillik dövründə mürəkkəb formalaşma mərhələlərindən keçmiş Azərbaycanın xarici siyasəti 1993-cü ilin ikinci yarısından etibarən ölkənin həyati mənafelərinə xidmət edən, dövlətin strateji maraqları üzərində qurulmuş, hərtərəfli işlənib hazırlanmış, özünün aydın, konkret vəzifə və istiqamətləri, prioritetləri ilə seçilən, bitkin, ardıcıl və prinsipial xarakter kəsb etməyə başlamışdır. Azərbaycanın dövlət müstəqilliyini qorumaq, möhkəmlətmək və ölkəmizin dünya birliyinə inteqrasiya olunması üçün dinc və əlverişli beynəlxalq şəraitin təmin edilməsinə yönəlmiş çoxşaxəli, tarazlaşdırılmış, fəal xarici siyasətinin nəticəsidir ki, respublikamız planetin siyasi xəritəsində özünə layiq yer tutmuş, regionun və beynəlxalq aləmin qlobal problemlərinin həllində təsirli və əhəmiyyətli mövqe qazanmışdır. Belə uğurlu xarici siyasət strategiyasının əsas istiqamətlərindən biri də Azərbaycan Respublikasının Qoşulmama Hərəkatı təsisatı ilə olan münasibətlərdir ki, bu istiqamətdə son zamanlar əldə edilən uğurlar ümummilli lider Heydər Əliyevin layiqli varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır.

Məlumdur ki, Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Qoşulmama Hərəkatına üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, bu beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul olunmuşdur. Azərbaycan Respublikası 25-26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə ev sahibliyi etmişdir. Tədbirdə 120 BMT üzv dövlətinin yüksək səviyyəli nümayəndələri və 42 beynəlxalq təşkilat nümayəndələri iştirak etmişdir. Bakı Sammiti ilə Hərəkatda Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçmişdir. 26 noyabr 2021-ci il tarixində Qoşulmama Hərəkatının Azərbaycan sədrliyinin təşəbbüsü əsasında Qoşulmama Hərəkatının Parlamentarilər Şəbəkəsinin təsis iclası keçirilmişdir. Cari ilin 30 iyununda tarixində keçirilmiş Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında Azərbaycanın Qoşulmama Hərəkatına olan sədrliyi üzv dövlətlərin yekdil qərarı ilə 2023-cü ilin sonuna kimi uzadılmışdır.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyinə diqqət çəkərək bildirmişdir: “Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür. Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir. Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcəkdir. Qoşulmama Hərəkatına üzv ölkələrin əksəriyyəti inkişaf etməkdə olan ölkələr olduğundan Hərəkat çərçivəsində iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi çox mühümdür. Bu mənada keçən ay Azərbaycanın “77-lər qrupu”na qoşulması sosial-iqtisadi sahədə beynəlxalq miqyasda səylərimizi daha da artırmağa imkan verir. Üzv dövlətlərin maraqlarının BMT çərçivəsində birgə səylərlə müdafiə olunması xüsusi əhəmiyyət kəsb edir”.

Beləliklə, Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində uğurlu siyasəti və aparıcı rola malik olması eləcə də Qoşulmama Hərəkatı təsisatı kimi böyük beynəlxalq təşkilata sədrlik etməsi cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasət strategiyasından xəbər verir. Bu uğurlu siyasətində ən mühüm məqamı 44 günlük Vətən müharibəsindəki əldə etdiyimiz tarixi Zəfər və regionda yaranan reallıqlardır.

Osman Əliyev

YAP Yasamal rayon təşkilatının əməkdaşı

Digər xəbərlər