“Bu günkü diaspor fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov bildirib.
Onun sözlərinə görə, istər Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti, istərsə də Azərbaycan diasporu yeni çağırışlara uyğunlaşaraq fəaliyyətlərini yeni tələblərə uyğun qururlar: “Bu prosesdə gənclərin xüsusi fəallığını qeyd etmək lazımdır. Son illər diaspora hərəkatına xeyli sayda gənclər gəlmişdir. Əvvəlki dövrlə müqayisədə diaspor işində mobillik daha da artmış, yeni koordinasiya şuraları və Azərbaycan mərkəzləri yaradılmışdır. Diaspor nümayəndələrimiz müasir texnologiyalardan istifadə edərək yaşadıqları ölkələrin ictimai rəyinin formalaşmasında petisiyalardan və yeni lobbiçilik vasitələrindən istifadə edirlər. Eyni zamanda bu sahədə yeniliklərdən biri də Azərbaycanın strateji tərəfdaş olduğu ölkələrin diasporu ilə uğurlu əməkdaşlıq modelinin yaradılması və xarici ölkələrdə birgə hərəkət etmələridir. Bu sahədə Diasporla iş üzrə Dövlət Komitəsinin xidmətlərini qeyd etmək yerinə düşər. Bu sahədə görülən məqsədyönlü işlərin nəticəsində tam əminliklə demək olar ki, bu gün Azərbaycan diasporunun fəaliyyəti Strateji Yol Xəritəsi əsasında həyata keçirilir və milli həmrəylik ən yüksək səviyyədədir. Milli məsələlərdə Azərbaycan diasporu çox böyük həmrəylik nümayiş etdirərək milli maraqlardan çıxış edir. Azərbaycanın dövlət və milli maraqlarının müdafiəsi işində diasporun rolunun biz 44 günlük Vətən müharibəsi ərəfəsində bir daha şahidi olduq. Xüsusilə ABŞ-ın müxtəlif ştatlarında, eləcə də Avropa ölkələrinin paytaxt şəhərlərində diaspor təşkilatlarının nümayəndələri və soydaşlarımız keçirilən yürüşlərdə xüsusi fədakarlıq nümayiş etdiriblər. Şübhəsiz ki, bütün bunlar diasporumuzun vahid milli ideya ətrafında birləşməsindən xəbər verir”.