53 il öncə başlanan bu yol Ulu Öndərimiz Heydər Əliyevin xalqı, milləti ilə bütünləşməsi, bütövləşməsi yolu oldu
Artıq xalqımız iki ildir ki, 1969-cu il iyulun 14-ü Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başlaması tarixini daha fərqli ovqatla, qalib kimi qarşılayır. Məhz bugünkü günün memarı olan Ümummilli Liderin arzuları artıq həyata keçirilib. Bütün fəaliyyətini Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına həsr edən Ulu Öndərin yarımçıq qalmış ideyalarını dahi şəxsiyyətin siyasi məktəbinin ən layiqli davamçısı Prezident İlham Əliyev reallaşdırdı. Ali Baş Komandan, Prezident İlham Əliyev «Dəmir yumruq» siyasəti ilə Müzəffər Azərbaycan Ordusu rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə 44 gün ərzində xalqımızın 30 illik yurd həsrətinə birdəfəlik son qoydu, Ermənistanı diz çökdürdü. Və 2020-ci ilin noyabrın 10-da Ermənistan dövləti kapitulyasiya oldu. Azərbaycan qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasi strategiyası sayəsində öz gücünə torpaqlarımızı işğaldan azad etdi. Bununla da ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi. Biz doğma Qarabağımıza qovuşdu.
1969-CU İL İYULUN 14-DƏN BAŞLANAN YOL HEYDƏR ƏLİYEV EPOXASININ UĞURLU DAVAMIDIR
Bu gün Zəfərə gedən yolun əsasında tarixi şəxsiyət, dahi Heydər Əliyevin ölməz ideyaları dayanır. Müasir Azərbaycan tarixində yeni eranın başlanğıcı sayılan 14 iyul 1969-cu il böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başlaması kimi son dərəcə qiymətli bir hadisə ilə əbədiləşmişdir. Həmin dövrdə Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni durumu heç də ürəkaçan deyildi. O zamankı sovetlər birliyinin ən ucqar respublikalarından biri kimi səciyyələnən Azərbaycanda idarəetmədə çoxlu nöqsanlara yol verilmiş, iqtisadiyyat geri qalmış, sosial-mənəvi mühit şəffaflıqdan uzaq düşmüşdü. Belə bir vaxtda Heydər Əliyevin respublikanın ali vəzifəsinə seçilməsi tariximiz və taleyimiz, Vətənimiz və xalqımız üçün, sözün əsl mənasında, dönüş və xilas, möhtəşəm tərəqqi və yüksəliş erasının əsasını qoydu.
XALQIN ETİMADINI ONDAN BAŞQA HEÇ KİM DOĞRULDA BİLMƏZDİ
Belə bir dahi insanın Azərbaycanda rəhbərliyə başlaması respublikanın xilası üçün yeganə düzgün yol idi. 1969-cu ildən başlanan böyük quruculuq və yüksəliş mərhələsi qısa müddətdə Azərbaycanı bütün sahələrdə geniş tərəqqi yoluna çıxardı. Azərbaycanda Heydər Əliyevin birinci hakimiyyəti dövründə (1969-1982) sosial, siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində ölçüyəgəlməz uğurlar qazanılmış, qüdrətli iqtisadi potensial, maddi-texniki baza yaradılmış, əhalinin rifahı xeyli yüksəlmiş, elm, təhsil, mədəniyyət güclü inkişaf prosesi keçmiş, milli şüurun oyanışı və dirçəldilməsi istiqamətində çox mühüm işlər görüldü. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə sənayedə 581 adda yeni tipli maşın, avadanlıq, aparat, cihaz nümunələri yaradılmış, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş sex, istehsal sahəsi və i.a. yaradılmışdır. 1970-ci ildən başlayaraq Azərbaycan sənaye məhsulunun artım sürətinə görə müttəfiq respublikalar arasında ən qabaqcıl mövqeyə çıxmışdı. Respublikada kənd təsərrüfatı və onun xam malını emal edən sahələr böyük sürətlə inkişaf edirdi. 1970-1982-ci illərdə kənd təsərrüfatı məhsulu 2,6 dəfə, əmək məhsuldarlığı 2,2 dəfə artmışdı. Bütün bunlar inkişafın ümumiləşdirilmiş göstəricisi olan milli gəlirin sürətlə artmasına səbəb oldu. Eyni zamanda, Azərbaycan dilinin dövlət dili kimi Konstitusiya səviyyəsində rəsmi status qazanması da dahi rəhbərin qətiyyəti, siyasi iradəsi hesabına gerçəkləşdi. Möhtəşəm fəaliyyəti ilə şöhrətlənən dahi Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkildi. Bütün bunlar isə 1969-cu il iyulun 14-dən başlanan şanlı Heydər Əliyev epoxasının vüsət və əzəmətinin parlaq təzahürü idi. Azərbaycan xalqının böyük oğlu mərkəzi hökumətdə tutduğu vəzifənin imkanlarından istifadə edərək, İttifaq əhəmiyyətli bir sıra böyük layihələri Bakıya yönəltdi. Həmin illərdəki coşqun fəaliyyəti, yüksək işgüzarlığı, fitri təşkilatçılıq bacarığı onu daha da şöhrətləndirdi.Mixail Qorbaçov SSRİ-də siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə münasibət dəyişdi. Baş katiblə aralarında yaranmış ciddi fikir ayrılığı səbəbindən 1987-ci ildə tutduğu vəzifələrdən istefa verdi. Bundan bir il sonra Dağlıq Qarabağda separatçılıq hərəkatı baş qaldırdı, Azərbaycanın qara günləri başladı. Yəqin ki, o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, Azərbaycan xalqı Qarabağ problemi ilə, qara Yanvarla və digər faciələrlə üzləşməzdi. 1990-cı illərin əvvəlində - Vətənin ağır günlərində Ulu Öndər Azərbaycana qayıtdı. O vaxtkı rəhbərlik onun Bakıya yolunu kəsdiyi üçün doğulub boya-başa çatdığı Naxçıvana getdi. Naxçıvan Ali Sovetinin Sədri seçilən Heydər Əliyev muxtar respublikanı erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu. Yetmiş ildən sonra ilk dəfə Naxçıvanda üçrəngli bayrağımızı ucaltdı.
53 İL - ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XALQI, MİLLƏTİ İLƏ BÜTÜNLƏŞMƏSİ, BÜTÖVLƏŞMƏSİ YOLU
Həqiqətən də, bu illərin heç birində O, xalqından ayrı, kənarda olmayıb. Və ən əsası odur ki, xalq, millət bu illər ərzində heç vaxt özünü Ümummilli Liderimiz Heydər Əliyevdən, Onun böyük və müdrik rəhbər dühasından ayrı görməyib. Məhz bu səbəbdəndir ki, Azərbaycan xalqı bu illərdə özünü tənha, arxasız və güvənsiz hiss etməyib. Təsadüfi deyil ki, Azərbaycan xalqı 1993-cü ilin yayında müstəqil dövlətçiliyimiz, milli gələcəyimiz uçurumun kənarında dayananda, Azərbaycanı vətəndaş qarşıdurması, zülmət və parçalanma gözləyəndə, yenə də öz gerçək Liderinə - Heydər Əliyev müdrikliyinə üz tutdu. Bu, xalqın liderinin xalqın çağırışına səs verib, Onun hüzuruna qayıdışı idi. Bu, eyni zamanda, xalqın artıq qəribsədiyi güvənli, təhlükəsiz və arxayın həyata qayıdışı, sabaha inam və etimadının bərpası idi... Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsindən ötən 53 ilin hər səhifəsi Azərbaycanın inkişaf, sınaq və özünütəsdiq səhifəsidir. Çünki bu səhifələri vərəqləmək Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmaq deməkdir.
AQRAR ƏYALƏTDƏN İNKİŞAF ETMİŞ SƏNAYE ÖLKƏSİNƏ DOĞRU
Müstəqilliyi əldə etmək üçün isə möhkəm təməl, iqtisadi inkişaf lazım idi. Buna görə də 1969-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatının gücləndirilməsi Ulu Öndərimizin siyasi xəttinin əsasını təşkil edirdi. Həmin illərdə isə iqtisadi vəziyyət acınacaqlı idi. Belə ki, ötən əsrin 60-cı illərində ölkəmiz iqtisadi vəziyyətinə görə keçmiş SSRİ-də ən geridə qalmış respublikalardan biri idi. Sənaye və kənd təsərrüfatı sahələrinin günün tələblərinə cavab verməməsi əhalinin güzəranının getdikcə pisləşməsi ilə nəticələnmişdi. 1969-cu ildə Sovetlər Birliyində ümumi məhsulun həcmi 1965-ci ilə nisbətən 43 faiz çoxaldığı halda, Azərbaycanda bu artım cəmi 29 faiz olmuşdu. Baxmayaraq ki, ölkəmizin imkanları yetərincə idi, ancaq təbii sərvətlərimiz digər müttəfiq respublikaların inkişafına yönəldilir, Azərbaycan isə məhvə sürüklənirdi. Nəticədə, ötən əsrin 50-ci illərindən sonra SSRİ-də başlanan sənayeləşmə Azərbaycandan yan keçir, ölkədə işsizlərin sayı artır, gənc əhalinin bir qismi iş dalınca ittifaqın müxtəlif şəhərlərinə üz tuturdu. Ulu öndərimizin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilib. Müstəqilliyə qovuşmaq məqsədilə reallaşdırılan həmin tədbirlər nəticəsində 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilib, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunub. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artıb. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilib. Bu, Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin göstəricisi idi.Həmin dövrdə həyata keçirdiyi tədbirlərdən danışan ulu öndər Heydər Əliyev demişdir: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur”.Həmin illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin bilavasitə göstərişi və rəhbərliyi ilə Azərbaycanda 52 memarlıq abidəsində bərpa işləri aparılıb, 650-dən çox tarix və mədəniyyət abidəsinin pasportu hazırlanıb.
1969-1982-Cİ İLLƏR - MÜSTƏQİL DÖVLƏTÇİLİYİMİZ ÜÇÜN HƏYATİ ƏHƏMİYYƏT KƏSB EDƏN MİLLİ KADR HAZIRLIĞI
1969-1982-ci illər müstəqil dövlətçiliyimiz üçün həyati əhəmiyyət kəsb edən milli kadr hazırlığı ön planda olub. Ümummilli liderimizin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılıb, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılıb. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil alıb. Ulu Öndər ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə respublika gənclərinin bilavasitə Bakıda hərbi təhsil alması üçün o zamanlar mümkün olan bütün addımları atıb, imperiya rəhbərlərinin etirazına baxmayaraq, Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasına nail olub. 1976-1982-ci illərdə yüzlərlə azərbaycanlı gənc Sovetlər Birliyinin müxtəlif respublikalarında yerləşən 54 ən qabaqcıl ali hərbi məktəblərə və akademiyalara hərbi təhsil almağa göndərilib, milli kadrların hazırlanması problemi öz uğurlu həllini tapıb. Ümummilli Liderimizin 70-ci illərdə başladığı hərbi quruculuq prosesi ikinci dəfə müstəqillik qazanan Azərbaycan Silahlı Qüvvələrinin zabit heyətinin formalaşmasında müstəsna rol oynayıb. Ulu öndərimiz Heydər Əliyevin həmin dövrdə Azərbaycan naminə həyata keçirdiyi müdrik siyasətə diqqət çəkən ölkə Prezidenti İlham Əliyev demişdir: “SSRİ dönəmində Azərbaycanın iqtisadiyyatının, elm və mədəniyyətinin inkişafına, milli kadrların yetişdirilməsinə böyük səylər qoyan Heydər Əliyev nə vaxtsa ölkəmizin müstəqil olacağına inanırdı. Təbii ki, o zamanlar bütün bu işlər görülməsəydi, müstəqil dövlət quruculuğu vəzifəsinin həyata keçirilməsi çox ciddi çətinliklərlə qarşılaşardı”.
ULU ÖNDƏRİN 1993-CÜ İL İYUNUN 15-DƏ İKİNCİ DƏFƏ SİYASİ HAKİMİYYƏTƏ QAYIDIŞI İLƏ AZƏRBAYCANI YENİDƏN ƏSASI 1969-CU İLDƏN BAŞLANAN İNKİŞAF YOLUNA QAYTARDI
Naxçıvanda dövlət quruculuğu prosesinin getdiyi həmin dövrdə ölkəmiz hakimiyyətsizlik, vətəndaş qarşıdurması, dövlət müstəqilliyini itirmək, işğal və parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Azərbaycana “rəhbərlik edənlər” ölkənin və xalqın gələcəyini deyil, öz şəxsi mənafelərini güdürdülər. Belə bir dövrdə xalqımız ümid yeri kimi Naxçıvana – ümummilli liderimiz Heydər Əliyevə üz tutdu, onu təkidlə siyasi hakimiyyətə dəvət etdi. 1993-cü il iyunun 15-də Ulu Öndərin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizin əsasını qoydu, ölkəmiz təlatümlər burulğanından xilas oldu, müstəqilliyimiz qorunub saxlandı, vətəndaş müharibəsinin qarşısı alındı, möhkəm ictimai-siyasi sabitlik yaradıldı, Azərbaycan yenidən əsası 1969-cu ildən başlanan inkişaf yoluna qayıtdı. Dahi şəxsiyyət o zaman qarşıya qoyduğu vəzifələri belə bəyan edib: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, - deyən ümummilli lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu, inkişafın təməllərini qoydu. Bu istiqamətdə ilk addım 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə atıldı. Sonrakı dövrdə ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə qədim İpək Yolunun bərpasına, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinə başlanıldı. Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu transmilli layihələrə Çini Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi əlavə edildi. 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına start verildi.
HEYDƏR ƏLİYEV İDEYALARININ İŞIĞINDA DİNAMİK İNKİŞAF EDƏN, ƏRAZİ BÜTÖVLÜYÜ BƏRPA OLUNAN AZƏRBAYCAN PREZİDENT İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİ ALTINDA YENİ NAİLİYYƏTLƏR QAZANIR
Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı cənab İlham Əliyevə əmanət edib. Bu gün ölkəmiz Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır. Azərbaycan belə bir möhkəm zəmin əsasında bu gün də inkişaf edir. Böyük iftixar hissi ilə qeyd edə bilərik ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ümummilli liderimizin siyasi kursu uğurla davam etdirilir. Bu siyasətə sədaqətlilik Azərbaycan xalqında parlaq gələcəyə inamını daha da artırıb. Prezident İlham Əliyev son 19 ildə ümummilli liderin ideyalarının işığında böyük inkişaf yolu keçib, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Bütün bunlar əyani şəkildə göstərir ki, Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Təsadüfi deyil ki, Azərbaycanın Vətən müharibəsi, xüsusən, misilsiz Şuşa əməliyyatı dünyanın aparıcı ölkələri tərəfindən öyrənilməkdədir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi bu sözlər yada düşür: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”. Ruhun şad olsun, ulu öndər, artıq 28 ildən sonra Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.Bir sözlə, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi yolla inkişaf edən müstəqil Azərbaycan bundan sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlər əldə edəcəkdir.Bu prosesdə-demokratik dövlət quruculuğu istiqamətində ümummilli liderin miras qoyduğu irsin öyrənilməsi, təbliği və tətbiqində unikal genetik irsə, zəngin təcrübəyə, böyük intellektə və geniş təşkilatçılıq qabiliyyətinə malik Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Başqa sözlə, ulu öndərin irsinin öyrənilməsi istiqamətində irimiqyaslı proqramların həyata keçirilməsini dəstəkləmək, Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş təşəbbüsləri himayə etmək, ölkədə elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə və digər mühüm vəzifələrin yerinə yetirilməsinə nail olmaq ölkənin birinci xanımının rəhbərlik etdiyi təşkilatın genişmiqyaslı fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir və geniş ictimaiyyət tərəfindən olduqca yüksək dəyərləndirilir. Hörmətli Mehriban xanımın qazandığı ümumxalq sevgisinin kökündə dayanan əsas amil insanların inamını qazanması ilə bağlıdır.Möhtərəm Prezident İlham Əliyev torpaqlarımızın güc yolu ilə azad edilməsinin mümkünlüyünü həmişə bəyan edib. Hər bir qələbəni, hər bir uğuru tarix və şərait yetişdirir. Bu qələbənin müəllifi isə düzgün və düşünülmüş qərarlar qəbul edən lider olur. Fəxarət hissi ilə qeyd etməliyik ki, İlham Əliyev elə bir uğurlu siyasət irəli sürdü ki, ordumuz öz missiyasını layiqincə həyata keçirdi. Torpaqlarımızı azad etmək istəməyən Ermənistan güc yolu ilə ərazilərimizdən qovuldu, darmadağın edildi. Bir sıra strateji vacib yüksəkliklər, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Suqovuşan, Xocalı və Xocavəndin kəndləri və milli mədəniyyətimizin məbədlərindən olan Şuşa döyş yolu ilə düşməndən azad edildi. Artıq ərazi bütövlüyünü təmin edən Azərbaycan vətəndaşları öz torpaqlarına geri dönür. Bu dönüş möhtəşəm olacaq və işğaldan azad edilmiş ərazilərimiz ən qısa vaxtda öz inkişafları ilə yeni nümunələr yaradacaqlar. Bir sözlə, bu gün məhz uzaqgörən liderin siyasi kursunun böyük uğurla davam etdirilməsi nəticəsində möhtəşəm tarixi zəfərə imza atıldı. Müzəffər Ali Baş Komandan müzəffər Ordusu ilə qələbə qazandı! Ümummilli Liderin ən böyük arzusu gerçəkləşdi - Azərbaycanın ərazi bütövlüyünün bərpa edildi! Əbəs deyil ki, müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına qələbə xəbərini çatdırarkən də Ulu Öndərin ruhunun şad olduğunu dedi: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin qəbrini ziyarət etdim. Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim ki, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdim. Bu, böyük qələbədir. Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”Beləliklə, torpaqlarımızın işğaldan azad edilməsi ilə Azərbaycanın gələcək inkişafı üçün yeni imkanlar açılır. Bu inkişafa gedən yol isə yenə də Heydər Əliyev yoludur! Çünki Heydər Əliyev yolu Azərbaycanı daim yeni-yeni uğurlara, nailiyyətlərə, zəfərlərə aparır!
RƏFİQƏ KAMALQIZI