Rusiya və Qərb arasında mübarizə yenicə yaranmayıb, hər zaman olub və bu gün də davam edir. Ümumiyyətlə, qütbləşmənin tarixi kökləri dərindir və nəzərə almaq lazmdır ki, hətta SSRİ-nin mövcud olduğu dövrdə belə bu toqquşma var idi. Belə demək mümkünsə, həmin zamanlarda bu toqquşmalar sanki formasiyaların mübarizəsi kimi görünürdü, amma artıq tam aydın, eləcə də çılpaq şəkildə, özü də müharibə fonunda özünü büruzə verir.Etiraf olunmalıdır ki, ABŞ da, Avropa İttifaqı da, Rusiya da nəhəng güclərdir və bütün dünya bu həqiqəti qəbul edir. Onu da qəbul edir ki, ilk növbədə mübarizənin kökündə siyasi və iqtisadi hegomonluq niyyəti dayanır. Qərb də öz hegomonluğunu görmək və göstərmək istəyir, Rusiya da. Hər zaman da belə olub və tərəflər bir-birinə öz gücünü daim göstərib. Doğrudur, müharibə formasında olmasa belə mübarizənin olduğu bəlli olub. Sözsüz ki, hətta tarixin müəyyən dövrlərində bu qütbləşmənin açıq qarşıdurmaya da çevrildiyinin bütün bəşəriyyət şahididir.Bu ilin, 2022-ci ilin əvvəlində, daha dəqiq desək, 24 fevral tarixində Rusiya ilə Ukrayna arasında başlayan genişmiqyaslı xüsusi əməliyyatlar həm dünya düzənini dəyişdi, həm də Qərblə Rusiya arasındakı mübarizənin olduğunu açıq-aydın şəkildə isbatladı. Müharibə iki ölkə arasında olsa da kənar qüvvələrin təsirləri də aşkar şəkildə üzdədir və hələ də qalib tərəfin hansı olduğunu söyləmək mümkün deyil. Rusiya tərəfi qələbə qazanacağı iddiasında olsa da, itgilər kifaət qədər olsa da, hər iki tərəfin sonadək vuruşmağı hədəflədiyi görünür. Bu isə səbəbsiz deyil, çünki Rusiya bu müharibədə məğlubiyyətini təsəvvür belə etmək istəmir, Ukrayna isə Qərbin dəstəyinin hər zaman olacağına əmindir, baxmayaraq ki, hərdən bu dəstəyin azalmasından gileylənir. Müharibənin bu qədər uzanmasının da əsl səbəbi elə bundadır və hərbi əməliyyatların dayandırılması məhz bu səbəbdən, Qərbin dəstəyi səbəbindən ləngiyir. Heç şübhəsiz ki, müharibənin ləngiməsinə səbəb olan dəstək də, yardımlar da səbəbsiz deyil və kərar qüvvələrin maraqlı olduğu barədə nəticəyə gəlməyə əsas verir.Qərb ölkələrinin Ukraynanı dəstəkləməsi, hətta bir sıra yardımlar etməsi, Rusiyaya qarşı sanksiyaların tətbiqi təsdiq edir ki, Rusiya ilə Ukrayna arasında toqquşmanın baş verməsi kimlər üçünsə böyük maraq kəsb edir. İlk növbədə onu nəzərə almaq lazımdır ki, Rusiya bütün dünyada kifayət qədər güc sahibir və Qərbin hansısa yolla, yaxud, belə demək mümkünsə, hansısa bəhanə ilə Rusiyaya qarşı sanksiyalar tətbiq etmələ, təzyiqlərlə bu ölkənin iqtisadiyyatını sarsıtmağa maraqlı olduğu təkzib edilə bilməz. Təbii ki, belə bir maraq Qərbdə hər zaman olub və bu heç də yenilik deyil, sadəcə Rusiya-Ukrayna toqquşması, aylarla davam edən müharibə bu istiqamətdə marağın bir qədər də artığını üzə çıxarır.Rusiya-Ukrayna müharibəsindən, eləcə də Qərbin müdaxiləsi, xüsusən də Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsinə görə qazanc əldə edən ölkələr də kifayət qədərdir. Bilirik ki, Rusiya eyni zamanda neft və qaz ixrac edən ölkədir və bu ölkənin sanksiyalarla qarşılaşması bu müstəvidə də həmin ölkəyə təsirsiz ötüşmür. Yəni, Rusiya həmin təbii sərvətlərin ixracı məsələsində böyük maneələrlə qarşılaşır və bü məqam da neft, eləcə də qaz tədarük edən üçün əlverişli şərait hesab olunur. Belə ki, neft və qaz tədarük edən ölkələr sanksiyalardan istifadə edərək, Rusiyanın dünya bazarındakı yerini tutmağa çalışırlar. Üstəlik, onlar bunu ucuz neft və qaz dövrünün sonu kimi dəyərləndirirlər. Bir sözlə, iqtisadi maraqlar burada dərhal özünü göstərir və əlbəttə ki, bu mənada da Rusiya ilə Ukrayna arasında gedən mübarizənin, müharibənin uzanması kimlər üçünsə sərfəli məqam kimi qiymətləndirilir. Göründüyü kimi, arzuolunmaz və gözlənilməz nəticələr yaradan iqtisadi məhdudlaşdırıcı tədbirlər ABŞ üçün bir alətə çevrilib və bu da bir çoxlarını belə qane edir.Sanksiyaların Rusiya iqtisadiyyatına necə təsir etdiyini və yaxın gələcəkdə nələrin baş verəcəyini təhlil edən Avropa Birliyinin Xarici Əlaqələr üzrə Ali nümayəndəsi Josep Borrell öz məqaləsində bir çox məqamlara toxunub və onun fikirləri bəzi məsələlərə xüsusi aydınlıq gətirir. "Artıq Vladimir Putinə və onun tərəfdaşlarına sərt zərbələr endirilir, zaman keçdikcə bu sanksiyaların Rusiya iqtisadiyyatına təsiri artacaq", deyən Avropa Birliyinin Xarici Əlaqələr üzrə Ali nümayəndəsinin fikirləri təsdiq edir ki, təbii ehtiyatların ixracı məsələsində xüsusi maraq var. Josep Borrell əminliklə yazır ki, 2022-ci ilin sonuna kimi Avropa Birliyi Rusiyadan neft idxalatını 90 faiz azaldacaq. O, hətta qeyd edir ki, bütün bu hadisələrin nəticəsi olaraq, iyun ayında, tarixdə ilk dəfə ABŞ Avropaya qaz ixracatında Rusiyanı üstələyib. Bununla həm Rusiyanın bir ixracatçı kimi o qədər də vacib ölkə olmadığını göstərmək istəyən Jozep Borrel, eyni zamanda ixracatda Rusiyanı geridə qoyduqlarını diqqətə çatdırır. Bu isə onu deməyə əsas verir ki, Rusiya ümumiyyətlə, Avropanın enerji bazarından uzaqlaşdırılır və onun yeri məmnuniyyətlə tutulur. Bu yeri tutanın da ABŞ olduğu bəllidir. Bir sözlə, ABŞ Rusiyanın itirdiyi yeri qazanır və qısa desək, Rusiya itirir, ABŞ isə qazanır, burada iqtisadi maraqlar var.Eyni zamanda, Qərb Ukraynaya yardımlar etməklə, bu ölkənin tərəfində olmaqla, həm də bəyan etmək istəyir ki, Ukraynanın mühafizəsi, qorunması ondan asılıdır. Bir sözlə, dolayısı ilə bu müharibədə Qərb özünü göstərməyə, eləcə də onunla hesablaşmağın vacibliyini bəyan etməyə bir imkan əldə edib və bunu edir də. Qərbin belə bir xatırlatmasının Rusiya tərəfinə çatdırılması üçün də əlbəttə ki, müharibə lazım gəlirdi və bu məqam da məhz maraqlara aiddir. Digər tərəfdən, Qərb öz yardımları, tərəf tutmağı, eləcə də Rusiyaya qarşı sanksiyaları ilə Ukraynanı qoruduğunu həmin ölkəyə çatdıraraq, özünə bağlamağa çalışır və Rusiyaya qarşı onunla birləşmək niyyəti də, marağı da ortadadır.Doğrudur, Ukraynanı dəstəkləsə də, yardımlar göstərsə də, Qərb Rusiya ilə açıq və birmənalı toqquşmadan hər zaman yayınıb və indi də hər addımda yayınmaqdadır. Hərhansı yardımın göstərilməsi fonunda Qərb münaqişədə birbaşa iştirakçı olmadığını göstərməyə çalışır. Hətta birbaşa iştirakdan çəkinir də. “Amerikalı əsgər Ukraynada rus ordusuna qarşı döyüşməyəcək”, deyən Ağ Ev rəhbəri Co Bayden bunu hələ müharibə yenicə başlayan zaman bəyan etmişdi. Oxşar bəyanatla çıxış edən NATO baş katibi Yens Stoltenberq də münaqişədə tərəf olmadığını bildirmişdi və bütün bunlar öncə sadalananları təsdiq edir. Təsdiq edir ki, Qərb müharibədə tərəf olmaqdan çəkinir, amma bununla belə yardımları dayandırmır, Ukrayna tərəfini dəstəkləyir və bir sözlə, müharibənin uzanmasına, hərbi əməliyyatların dayandırılmasının ləngidilməsinə rəvac verir. Elə isə bu məqamda Qərbin maraqlarının olduğu bir daha öz təsdiqini tapır və maraqlar içərisində Rusiyanı çökdürmək niyyəti şübhəsiz ki, ön planda durur.Almaniyanın Elmau şəhərində keçirilən "Böyük yeddilər"in sammitinin iştirakçıları Rusiyanın Ukraynaya raket hücumunu pisləyən bəyanat yayıblar. Avropa Komissiyasının sədri Ursula fon der Leyenin yaydığı bəyanatda G7 liderləri Kremençuq ticarət mərkəzində həlak olanlara və həlak olanların ailələrinə başsağlığı veriblər. G7 Rusiyanın hərəkətlərini pisləyib və bu faktları müharibə cinayəti kimi tanıyıb. Bəyanatda o da deyilir ki, bu vəhşilikdə əli olan hər kəs və şəxsən Rusiya prezidenti Putin cavab verməlidir. Qeyd edək ki, sözügedən sammitdə ABŞ prezidenti Co Bayden, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Boris Conson, Kanadanın baş naziri Castin Trüdo, İtaliyanın baş naziri Mario Draqi, Yaponiyanın baş naziri Fumio Kişida və Almaniya kansleri Olaf Şoltsla yanaşı, Avropa Birliyinin rəhbərləri də iştirak ediblər. Ukraynaya maliyyə, humanitar, hərbi və diplomatik dəstək verməyə davam edəcəyini açıqlayan G7 liderləri Ukraynanın yanında olacaqlarını da qeyd ediblər və bəyan ediblər ki, onlar Ukrayna ilə həmrəyliyə, Ukrayna hökumətini və xalqını öz ölkələrinin suverenliyini və ərazi bütövlüyünü cəsarətlə müdafiə etmək, dinc, firavan və demokratik gələcək uğrunda mübarizələrində dəstək verməklə bağlı öhdəliyə sadiqdirlər. "Biz Rusiyanı məsuliyyətli davranmağa, təmkinli olmağa çağırırıq və bir daha bildiririk ki, bu cür silahlardan istənilən istifadə qəbuledilməzdir və ölkə ağır nəticələrlə üzləşəcək", deyə bəyan edən G7 liderləri Moskvanı öz beynəlxalq öhdəliklərinə, o cümlədən, kimyəvi, bioloji və nüvə silahlarının istifadəsini qadağan edən öhdəliklərə əməl etməyə çağırıblar və Rusiyanı nüvə ritorikasından əsassız istifadə etməkdə ittiham ediblər. Onlar Rusiyanın gəlirlərinin azaldılması istiqamətində fəaliyyətlərini davam etdirmək haqqında da razılığa gəliblər. Açıq-aşkar görünür ki, G7 liderlərinin Almaniyanın Elmau şəhərində keçirilən sammitinin əsas gündəmini Rusiya ilə Ukrayna arasındakı müharibə, bu müharibənin doğurduğu nəticələr, eləcə də Moskvaya qarşı tətbiq edilməli olan siyasət mövzusu təşkil edib. Sammit iştirakçıları şəkil çəkdirdikləri zaman belə mövzu Rusiya prezidenti olub və G7 liderlərinin, xüsusilə Böyük Britaniyanın baş naziri Boris Conson və Kanadanın baş naziri Castin Trüdonun Rusiya prezidentini, yəni Vladimir Putini məsxərəyə, lağa qoyması bunu təsdiq edir. Bütün bunlar onu deməyə əsas verir ki, məsələ qlobal müstəvidə daha ciddidir və Rusiyanın qlobal iqtisadiyyatdan kənarlaşdırılması üçün onlar əllərindən gələni edəcəklər və bu proses hələ davam edəcək.G7 liderləri həmçinin, Rusiyaya qarşı sanksiyalarının şərtlərinin icrasından yayınmağa çalışan Qərbdəki siyasi qüvvələrə və şirkətlərə qarşı mübarizəni davam etdirəcəyini vəd ediblər. Deməli, burada Rusiyaya tərəf olan dövlətlər də, hətta tərəfsiz olanlar da hədəflədir. Ümumiyyətlə, tərəfsiz mövqe tutan dövlətlərin Rusiya-Qərb toqquşmasından artıq zərər çəkdiyi də bir reallıqdır. Bu məsələdə ölkəmizin nə kimi, hansı təsirlərə məruz qalıb-qalmayacağı da hər birimizi dərhal düşündürür. Məsələ burasındadır ki, Azərbaycanın qlobal qütbləşmə zamanında ən doğru, ən uğurlu yol tutduğu göz önündədir və bu o deməkdir ki, biz hədəf deyilik. Ölkə rəhbərinin, cənab Prezident İlham Əliyevin müdrik siyasəti, uzaqgörənliyi sayəsində Azərbaycan sözsüz ki, Rusiya-Qərb toqquşmasında təhlükəsiz bir mövqedədir. Hətta ölkəmiz elə reallıqlar yaradıb ki, istəq Qərb, istərsə də Rusiya bununla həm barışmalı olub, həm də bu reallıqları dəstəkləyir, çünki Azərbaycan ümumilikdə Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısı olaraq çıxış edir. Bu isə təbii ki, heç bir tərəf üçün qəbuledilməz hesab oluna bilməz və sülh, sabitlik kimi məqamlar, ümumbəşəri dəyərlərin qorunması hər zaman prioritet olub. Bununla yanaşı, Azərbaycan öz haqq işi, ədalətli mübarizəsi, beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsi, ümumiyyətlə, tarixi ədalətin vərpası uğrunda 44 günlük müharibədə qazandığı Zəfər sayəsində qüdrətli, güclü dövlət olduğunu bir daha isbatlayıb və artıq qlobal miqyasda hesablaşılan dövlət olaraq qəbul edilir. Ölkəmiz Avropa İttifaqının timsalında beynəlxalq təşkilatlarla yüksək səviyyəli münasibətlər qurub və bu münasibətlər uğurla davam etdirilir. Böyük Britaniyanın əsaslı ticari tərəfdaşlarından, ABŞ-ın təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində qlobal müttəfiqlərindən olan Azərbaycanın eyni zamanda, Rusiya ilə də strateji müttəfiqlik müqaviləsi var. Dünyanın sayılıb-seçilən, hesablaşılan hərbi güclərindən biri olan Türkiyə ilə Şuşa bəyannaməsinin imzalanması da o deməkdir ki, Azərbaycan qardaş ölkə ilə gücünü birləşdirib və bütün bunlar ölkəmizin hazırkı çox həssas dönəmdə, qütbləşmə prosesində sağlam bir mövqedə qərarlaşması, təhdidlərdən kənar, müstəqil güc kimi inkişaf yoluna davam etməsi deməkdir. Sözsüz ki, ölkəmiz üçün ən ideal vəziyyət hesab olunan mövcud hal Azərbaycan Prezidentinin, cənab İlham Əliyevin apardığı müdrik siyasət sayəsində reallaşıb. Azərbaycan öz uğurlu inkişaf yolundadır və ölkə rəhbərimiz tərəfindən aparılan düzgün, müdrik siyasət sayəsində heç bir mübarizə, yaxud müharibə ölkəmizin təhlükəsizliyinə, sabitliyinə, inkişafına maneə, yaxud təhdid hesab olunmur.
Müəllif: İnam Hacıyev