İlham Əliyev: “Hesab edirəm, bu, çox böyük bir səhv olacaq”
44 günlük Vətən müharibəsinin Azərbaycanın Zəfəri ilə başa çatmasının ardınca Cənubi Qafqazda yeni geosiyasi proseslərin başlanğıcı, regionda yeni çağırışlar meydana gəldi. Belə ki, məhz Zəfər reallığı nəticəsində Cənubi Qafqazda cərəyan edən bütün proseslər məhz Azərbaycanın birmənalı liderliyi və diktəsi altında həyata keçirilir. Beləliklə, 44 günlük müharibədən sonra imzalanan və Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən üçtərəfli bəyanat növbəti mərhələdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına doğru yönəldi. Lakin müharibənin başa çatmasından 20 aya yaxın zaman keçməsinə baxmayaraq rəsmi İrəvan bu prosesi ləngidir.
Ermənistanın bu məsələdəki yanlış addımları Azərbaycanın səbrini haqlı olaraq tükəndirir
Təbii ki, birmənalı sülhün əldə olunmaması isə qarşıda dayanan planların realizəsinə ciddi maneələr yaradır. Belə ki, region ölkələrinin yeni əməkdaşlıq formatlarının qurulması və Zəngəzur dəhlizinin yaradılması başda olmaqla, bir çox layihənin reallaşması istiqamətində ilk olaraq iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyasının aparılması əsas şərtlərdən biri və birincisidir. Çünki buradakı məqsəd də onu ehtiva edir ki, sərhədlərin müəyyənləşməsinin zəruriliyi qarşıdakı illərdə sərhədyanı ərazilərdə baş verə biləcək hər hansı münaqişələrdən sığortalanmaq anlamını daşıyır. Ermənistanın isə bu məsələdəki yanlış addımları Azərbaycanın səbrini haqlı olaraq tükəndirir. Halbuki, hazırkı dövrə qədər ölkələr arasında yaradılmış müvafiq komissiyalar Brüssel, Moskva və Soçi görüşlərində əldə edilən razılaşmalar fonunda iş aparırlar. Daha dəqiq desək, rəsmi Bakı bütün öhdəliklərini icra edir, İrəvan isə prosesi uzatmaqla vəziyyətin yenidən gərginləşməsinə səbəblər yaradır. Bu isə rəsmi və qalib Bakının İrəvana qarşı digər vasitələrdən istifadə etməsinə kifayət qədər legitimlik verir.Ancaq bu da faktdır ki, müharibədəki ağır məğlubiyyətindən sonra Ermənistan müxtəlif dairələrdən imdad və dəstək umur. Üstəlik, ABŞ və Fransadakı erməni diaspor təşkilatları, eləcə də Ermənistandakı revanşist qüvvələr həssas məqamda yaranmış kövrək sülhün yenidən müharibə ilə əvəzlənməsinə səy göstərirlər. Ancaq unudurlar ki, növbəti müharibə bütövlükdə Ermənistanın xəritədən silinməsi ilə başa çata bilər.
Ermənistanın Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan Azərbaycanı ittiham edirsə...
Başqa tərəfdən, sərhəd dəqiqləşmələrinin bu günə qədər reallaşmamasına daha bir səbəb rəsmi İrəvanın beynəlxalq təsisatların, xüsusilə də ATƏT-in Minsk qrupunun köməyi ilə qondarma “dqr” adlı psevdoqurumun “status” alması kimi utopik ideyalarla baş qatması cəhdləridir. İstər ötən dövr ərzində, istərsə də son vaxtlarda sərhəddə baş verən məlum insidentlər də bilavasitə Ermənistanın qeyri-adekvat hərəkətləri səbəbindən yaranır.Maraqlıdır ki, bütün bunların yerinə məhz Ermənistan Azərbaycanı ittiham edir. Misal üçün, Ermənistan hökumətinin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan delimitasiya ilə bağlı ikinci görüşün nəyə görə yubandığını, eləcə də bütövlükdə prosesin dalana dirəndiyini belə cavablandırıb: “Mən deməzdim ki, bu, dalana dirənib, çünki delimitasiya ilə bağlı ilk görüş baş nazirin müavinləri səviyyəsində keçirilib və hər iki tərəf bu görüşü müsbət qiymətləndirib. Növbəti görüş Moskvada, daha sonra Brüsseldə keçiriləcək. Ümid edirik ki, görüşlə bağlı razılıq ən qısa zamanda əldə olunacaq. Ermənistan danışıqlara hazırdır (?!-R.R.) və Azərbaycan tərəfdən belə siyasi iradə (???!!!-R.R.) olarsa, daha sürətlə irəliləmək mümkün olacaq. Erməni tərəfi substantiv danışıqlara həmişə hazırdır və Azərbaycan belə siyasi iradə göstərsə, təbii ki, biz daha sürətlə irəliləyəcəyik”.Göründüyü kimi, Armen Qriqoryan prosesin yubanmasını, əslində, heç bir əsası olmadan (!!!) Azərnaycan tərəfinin üzərinə yıxmağa cəhd göstərir, amma unudur ki, belə cəhdlər boş qalacaq.
Azərbaycan Prezidenti: “Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız var”
Bu müstəvidə biz Azərbaycan Prezidenti İlham Əliyevin mühüm bəyanatlarından birini xatırlaya bilərik. Onun sözlərinə görə, Azərbaycan Ermənistanla sülh müqaviləsini imzalamağa hazır olsa da, onlar tərəfindən buna rəsmi reaksiya verilmir: “Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil. Hesab edirəm, bu, çox böyük bir səhv olacaq. Necə ki, müharibə ərəfəsində və müharibə dövründə Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib. Bu, növbəti böyük səhv ola bilər”.Bu arada daha bir faktor budur ki, sözügedən məsələdə beynəlxalq təşkilatlar və ayrı-ayrı maraqlı ölkələrin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması və sərhədlərin müəyyənləşdirilməsinə öz dəstəklərini yalnız dildə ifadə etmələri, reallıqda isə bunun üçün Ermənistana hər hansı ciddi təzyiq göstərməmələri mövzunun dalana dirənməsinə, eyni zamanda sülhün əldə edilməsi yönündə problemlərə səbəb olur. Eyni zamanda, sadalanan hallara rəğmən, Ermənistan və regionda sülhə xələl gətirmək istəyən bəzi xarici qüvvələr bölgədəki yeni reallığı dərk etməli, revanşist xülyalardan əl çəkməli, sərhədlərin delimitasiyası və demarkasiyasının hər hansı qeyd-şərt olmadan həyata keçirilməsinin vacibliyini, sülh müqaviləsinin imzalanmasının, tərəflər arasında üçtərəfli bəyanatlara və digər razılaşmalara əməl etməyin qaçılmaz olduğunu anlamalıdır. Bu xüsusda biz Azərbaycan Prezidenti İlham Əliyevin daha bir bəyanatını xatırlada bilərik: “Mən demişəm, bizim xoşniyyətli davranışımız şərt deyil ki, əbədi olacaq və şərt deyil ki, bu təkliflər əbədi masa üzərində qalacaq. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız var (Tarixi Qərbi Zəngəzur torpaqlarımız və s. – R.R.), nəinki onların bizim ərazi bütövlüyümüzü tanımaması üçün...”Beləliklə, fakt budur ki, Ermənistanın sülh sazişini bağlamaqdan müxtəlif bəhanələrlə yayınması, prosesi uzatması və ölkə daxilində revanşist qüvvələrin baş qaldırması birbaşa (!) Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərini tanımaması anlamını daışıyır. Təbii ki, belə davam edərsə, son söz yenə də rəsmi Bakının olacaq.
Rövşən RƏSULOV