“Dövlət şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində proqramlar icra edir. Bu kateqoriyadan olan şəxslərə 11 minə qədər mənzil və 7500-dən çox avtomobil verilmiş, qazilər sağlamlıqlarının bərpası üçün müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunur. Bununla yanaşı, son günlər təəssüf ki, bəzi qazilər arasında müəyyən narazılıqlar və hətta intihar halları da baş vermişdir”. Bunu millət vəkili Azər Badamov “Səs” qəzetinə açıqlamasında bildirib.Onun sözlərinə görə, qazinin intihar etməsi ağır dərddir. Bu intiharların və narazılıqların səbəbləri haradan qaynaqlandığını hüquq-mühafizə orqanları tərəfindən araşdırılaraq hüquqi qiymət veriləcəkdir: “Bununla yanaşı, dövlətin həyata keçirilməyə başladığı sosial proqramlar davam etdirilir və ehtiyacı olan bütün şəhid ailələri və müharibə əlilləri mənzillərlə təmin olunacaqdır. Sadəcə, bu proqramın qısa bir zamanda icra edilməsi fiziki mümkün olmadığından müəyyən vaxt aparacaqdır. Şəhid ailələri və qazilərin müraciət etdiyi hər bir dövlət qurumu bu kateqoriyadan olan insanların müraciətlərini dərhal araşdırmalı və müvafiq köməyin göstərilməsi üçün hərəkətə keçməlidir. Dövlət başçımız bu istiqamətdə xüsusi tapşırıq vermiş və bu məsələləri nəzarət altında saxlayır. Yəni, bəzi narazılıqların olması reallıqdır və çox təəssüf ki, belə həssas məsələləri bəzi siyasi partiyalar və bloggerlər əlillərin müəyyən məişət sosial problemlərindən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Həssas təbəqənin zəif nöqtəsindən bəhrələnib siyasi maraqların həll edilməsi üçün istifadə edilməsi heç bir siyasətçiyə başucalığı gətirmir. İnsanları dövlətdən narazı salma hallarını əvvəllər də müşahidə etmişik. Dövlət radikal qüvvələrin istəklərini yox, xalqın istəklərini reallaşdırır. Ona görə də, ölkəmizdə sarsılmaz xalq iqtidar birliyi var. Belə radikal qüvvələr bilməlidirlər ki, hər bir şəhid ailəsinin və müharibə əlilinin sosial problemini ancaq dövlət həll edir. Narazılıq salmaq istəyən qüvvələrin cəhdləri ancaq özünü yormaqdan başqa bir şey olmadığını hesab edirəm”.
Müəllif: Gülyana