Amerika Birləşmiş Ştatları Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistana sanksiya tətbiq edilən malların Rusiyaya çatdırılması ilə bağlı xəbərdarlıq edib. Vaşinqton yerli şirkətlərdən məhdudiyyətləri aşmaq cəhdlərində "ayıq-sayıq" olmağı tələb edir. ABŞ hökumətinin Ukraynada xüsusi əməliyyat keçirməsinə görə Rusiya və onun müttəfiqi Belarusa qarşı tətbiq etdiyi sanksiyalardan yayınmaq imkanlarına görə etdiyi xəbərdarlıqda dörd Mərkəzi Asiya dövlətinin adı çəkilib.
Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın Vaşinqtonun "məhdud və ya nəzarət edilən ixrac mallarının daha sonra Rusiya və ya Belarusa daşınması üçün tez-tez istifadə olunan tranzit məntəqələri" adlandırdığı 18 dövlət arasında olduğu qeyd edilib. Siyahı ABŞ Ticarət Departamentinin Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Agentliyi və Sənaye və Təhlükəsizlik Bürosunun ötən ayın sonunda verdiyi birgə xəbərdarlıqda yer alıb. Onun məqsədi “Rusiya və Belarusun sanksiyalarından yayınmaq üçün potensial cəhdlərə qarşı yüksək sayıqlığa çağırmaq” idi.
Bəyanatda digər ölkələrin - Ermənistan, Gürcüstan, Çin, Braziliya, İsrail, Hindistan, Sinqapur və Tayvanın da adı çəkilir. Bu ölkələr sanksiyalardan yayınmada şəriklikdə ittiham olunmasalar da sabah onların Vaşinqtonun qəzəbinə gəlməyəcəyi də dəqiq deyil. Bununla belə, sənəddə qeyd edilir ki, bu ölkələr "məhdud və ya nəzarət edilən ixrac mallarının daşınmasının qeyd edildiyi, daha sonra Rusiya və ya Belarusiyaya gedən tez-tez istifadə edilən tranzit məntəqələrindən bəziləri"dir.
"Bəzi hallarda məhdudlaşdırılmış ABŞ malları qanuni olaraq bu və digər yurisdiksiyalara digər hazır məhsulların istehsalı üçün komponentlər kimi ixrac edilə bilər. Bununla belə, belə hazır məhsulların və malların potensial olaraq əlavə yükləmə məntəqələri vasitəsilə Rusiya və Belarusa ixracı həyata keçirilə bilər ki, bu da qadağandır”, - bəyanatda deyilir.
Siyahıya sanksiyalardan yayınmaq üçün istifadə oluna biləcək bütün tranzit məntəqələri daxil edilməyib, lakin qeyd edilir ki, o, “ixracla bağlı maliyyə əməliyyatlarının riskə əsaslanan yoxlanışına yardım etmək” üçün nəzərdə tutulub. Bəyanatda həmçinin şirkətlərin kommersiya tərəfdaşlarından birinin sanksiyalardan yayınmada əli olması ehtimalını tanımalı olduqları 22 əlamət sadalanır.
İlk belə əlamət "problemli malları daşıyan və Rusiya və Belarusiyaya ixrac üçün daşınma məntəqələri kimi tanınan nəqliyyat dəhlizlərindən istifadə edən" hər hansı şirkətlərlə münasibətə aiddir. Bu bəndin qeydində Mərkəzi Asiya dövlətlərinin daxil olduğu 18 ölkənin siyahısı verilmişdir.
Bundan əlavə, ABŞ hökuməti “onların Rusiya və Belarusiyaya yönləndirilməsi və onlardan hərbi və müdafiə qabiliyyətinin artırılması üçün son istifadə imkanları ilə əlaqədar xüsusi narahatlıq doğuran” maddələri sadalayır. Bu məhsullara təyyarə hissələri, antenalar, GPS sistemləri və neft-mədən avadanlıqları daxildir.
ABŞ hökuməti eyni zamanda xəbərdarlıq edib ki, Vaşinqton sanksiyalara məruz qalan Rusiya firması ilə işləyən Özbəkistan şirkətinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib. İddia olunur ki, bu əməkdaşlıq sanksiyalardan yayınmaqda şəriklik demək idi. Dövlət Departamenti iyunun sonunda bildirib ki, “Promkomplektlogistika” Rusiyanın “Radiavtomatika” şirkətini “ABŞ-ın tətbiq etdiyi sanksiyalardan yayınma cəhdlərində” “fəal dəstəkləyib”. Şirkət tərəfindən yol verilən qanun pozuntuları arasında “Radioavtomatika” şirkətinə “elektron komponentlərin, o cümlədən mikrosxemlərin təhvil verilməsi”; Rusiya şirkəti Rusiya hərbi sənayesini xarici komponentlərlə təmin etməklə məşğuldur.
Bu yaxınlarda başqa bir insidentdə Qazaxıstan dövlət dəmir yolu şirkətinə məxsus Rusiya bayrağı altında üzən gəminin ətrafında yaranmış vəziyyətə qarışmışdı. Ukraynaya görə, o, oğurlanmış taxıl daşıyıb.
Ermənistanın da siyahıda "möhkəmlənəcəyi" istisna deyil. Bu ölkənin bütün sənaye obyektlərinin Rusiyanın nəzarəsi altında olduğunu nəzərə alsaq rəsmi İrəvanın manevr imkanlarının heç olmadığı artıq göz qabağındadır. Əslində Ermənistanın fərqli addımlar atmaq ehtimalı da yoxdur. Nə ABŞ hökumətinə yox deyə bilmir, nə də Moskvaya kafa tuta bilir. Yalnız Ermənistanın özəl və dövlət şirkətləri üçüncü ölkələrin məhsullarını sanksiyalardan kənar, gizli şəkildə Rusiyaya daşıya bilər ki, bunun da bədəli çox ağır ola bilər. Nəzərə alsaq ki, Ermənistandakı ABŞ səfirliyindəki əməkdaşların sayı, nəinki regionda, o cümlədən postsovet məkanına aid olan ölkələrdəki diplomatların sayından dəfələrlə çoxdur, onda Ermənistanın gizli bir iş tutacağı heç inandırıcı görünmür.
V.VƏLİYEV