“Bu gün qazilərə dövlət səviyyəsində, yəni ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman qeyd etdiyi kimi şəhid ailələrinin, qazilərin yanındadır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.Onun sözlərinə görə, dövlət qurumlarına da ölkə başçısı tərəfindən dəfələrlə tapşırıq verilib ki, şəhid ailələrinə və qazilərə xüsusi diqqət ayrılsın, onların problemləri ilə maraqlansınlar. Şəhid ailələrinə evlər, torpaq sahələri, mənzillər verilir. Qazilər avtomobillərlə təmin olunur. Vətən müharibəsi zamanı yaralanan qazilərimizin həm ölkə daxilində, həm də ölkə xaricində müalicəsi davam etdirilir. Ən yüksək texnologiyalarla təchiz olunmuş protezlər respublikaya gətirildi. Yaralanmış qazilərimizə dövlət tərəfindən aylıq müavinətlər ayrılıb.Qazilərin işlə təmin olunması istiqamətində də onlar üçün şərait yaradılıb. Bəzi qazilər arasında narazılıqların yarandığını görürük. Müharibə dönəmində ən yaxın dostlarını itiriblər, gözlərinin qarşısında əsgər yoldaşlarının şəhid olduğunu görüblər, yəni bir sözlə onların psixologiyası yerlə bir olub. Onların bu aqressivliyini anlamaq lazımdır. Onların psixoloji yardıma ehtiyacı var. Respublikamızda çoxlu sayda psixoloji mərkəzlər var, amma indiyə qədər o psixoloji mərkəzlərin qazilərə yardım etdiyinin şahidi olmamışıq. Həmin mərkəzlər qazilərlə maraqlanmalı, onların problemlərini həll etməlidirlər. Bu hazırda hər bir vətəndaşın borcudur. Onlar bizim üçün, vətənimiz üçün vuruşmuş qazi olublar. Ümumilikdə bu gün qazilərimizə dövlət səviyyəsində diqqət göstərilir”.
Müəllif: Abutel İlhamqızı