PDF Oxu

Siyasət

  • 2 718

Bakı və Brüssel yeni mərhələdə - problemlərin həlli sürətlənməlidir! ANALİTİK+AKTUAL

Bakı və Brüssel yeni mərhələdə - problemlərin həlli sürətlənməlidir! ANALİTİK+AKTUAL

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın da bölgədə sülhün və sabitliyin bərqərar olması yönündəki addımları Prezident İlham Əliyev tərəfindən müsbət qarşılanmaqdadır

Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan yüksək əməkdaşlıq amili və onun inkişafı perspektivləri kifayət qədər məhsuldardır. Bu baxımdan, Avropa İttifaqının Cənubi Qafqaz regionunda sülhün, sabitliyin, iqtisadi inkişafın və eləcə də mehriban qonşuluq prinsiplərinin əldə olunması üçün göstərdiyi səyləri də Azərbaycan Respublikası tərəfindən yüksək qiymətləndirilməkdədir. Xüsusilə, 44 günlük ikinci Qarabağ müharibəsindən sonrakı dövrdə - regionda baş verən dəyişikliklər fonunda söz sahibi olduğunu sübuta yetirən Azərbaycan hökuməti qarşıda dayanan vəzifələrin hər birini yalnız tərəqqi konsepsiyasına yönəltdiyini əməli şəkildə isbatlamaqdadır. Əbəs deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev də yüksək tribunalardan etdiyi çıxışlarının hər birində bu işdə öz töhfəsini verən bütün nüfuzlu beynəlxalq siyasi dairələrə minnətdarlıq fikirlərini çatdırır. Bu xüsusda, Brüsselin Bakı ilə sıx əməkdaşlığını özəlliklə vurğulaya bilərik.
Azərbaycan Respublikası-Avropa İttifaqı arasında mövcud olan səmimiyyət: inam və etibarın, habelə ortaq etimadın məntiqi nəticəsi
O da əbəs deyil ki, Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə görüşləri, telefon danışıqları zamanı irəli sürülən təşəbbüslərin və səylərin sabitlik faktoruna və ədalət prizmasına söykəndiyini qeyd edib, rəsmi Bakının hər zaman bu kimi məsələlərə açıq olduğunu qeyd edib.Eyni zamanda, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın da bölgədə sülhün və sabitliyin bərqərar olması yönündəki addımları Prezident İlham Əliyev tərəfindən müsbət qarşılanmaqdadır. İyulun 15-də Bakıda rəsmi səfərdə olan Toivo Klaarın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin salamlarını dövlətimizin başçısına çatdırması, Prezident İlham Əliyevin isə salamlara görə minnətdarlığını bildirməsi, eləcə də onun da salamlarını Şarl Mişelə çatdırmasını xahiş etməsi Azərbaycan Respublikası-Avropa İttifaqı arasında mövcud olan səmimiyyətin, inam və etibarın, habelə ortaq etimadın məntiqi nəticəsi kimi dəyərləndirilə bilər.Qeyd edək ki, İlham Əliyevlə Toivo Klaar arasındakı görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh sazişinin imzalanması, kommunikasiyaların açılması, Azərbaycanın üzləşdiyi mina problemi, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş soydaşlarımızla bağlı mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Rəsmi Bakı 44 günlük müharibədən sonrakı prosesdə qalib dövlət olması ilə yanaşı, həm də əldə edilən razılaşmaların qısa müddətdə həyata keçirilməsinin tərəfdarı olduğunu vurğulayır
Bu, həm də o deməkdir ki, rəsmi Bakı 44 günlük müharibədən sonrakı prosesdə qalib dövlət olması ilə yanaşı, həm də əldə edilən razılaşmaların qısa müddətdə həyata keçirilməsinin tərəfdarı olduğunu vurğulayır. Təəssüf ki, qarşı tərəf – Ermənistan hələ də prosesi uzatmağa çalışır, qarşıda dayanan şərtləri, tələb və təklifləri gözardı edir və bu kimi yanaşmalar ilk növbədə zərif sülhün mövcudluğuna xələl gətirir.Böyük sülh sazişinin imzalanması üçün rəsmi İrəvanın qeyri-səmimi davranışları əlbəttə ki, Avropa İttifaqının da nəzərindən yayınmır və bu mötəbər qurum sülhü təsdiq edəcək sazişə qədər qalan problemlərin həllində maraqlı olduğunu sərgiləyir. Belə ki, mina xəritələrinin tam şəkildə Azərbaycana təqdim olunmamasından tutmuş sərhədlərin delimitasiyası və demarkasiyasına, habelə kommunikasiyaların açılmasına, o cümlədən, Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızın talelərinə aydınlığın gətirilməsinə qədər mövcud olan məsələlər öz həllini tapmalıdır.
Nəticəli iş ortaya qoymaqla Avropa İttifaqının beynəlxalq aləmdəki fəaliyyəti daha səmərəli şəkildə dəyərləndiriləcək
Avropa İttifaqı rəhbərliyi də yaxşı bilir ki, sözügedən prosesdəki problemlərin aradan qaldırılması onların da nüfuzuna kifayət qədər müsbət çalarlar gətirəcək. O cümlədən, nəticəli iş ortaya qoymaqla Avropa İttifaqının beynəlxalq aləmdəki fəaliyyəti daha səmərəli şəkildə dəyərləndiriləcək. Söz yox ki, Şarl Mişel və Toivo Klaar kimi nüfuzlu siyasət adamları, diplomatlar da Azərbaycan Prezidenti İlham Əliyevin keçirilən görüşlər əsnasında irəli sürdüyü fikir və tövsiyələrindən nəticələr çıxarır, fəaliyyət planlarını artırırlar.Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Bakıda Azərbaycan Prezidenti ilə görüşü zamanı dövlət başçımızın Brüsseldə keçirilmiş görüşlərin nəticəsi olaraq əldə edilmiş razılaşmaların həyata keçirilməsinin və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin vacibliyini vurğulaması da belə bir nəticə hasil etməyə zəmin yaradır ki, artıq sülhün əldə olunması üçün yekun mərhələyə doğru addımlar atılıb və bunun üçün Avropa İttifaqı öz səylərini daha möhkəm əsaslara söykəməli, rəsmi İrəvanın fəaliyyətində dönüş yaratmalı, bölgədə sabitliyin yaranmasında, inkişaf perspektivlərinin əldə olunması istiqamətində öz töhfələrini daha da artırmalıdır.Beləliklə, qeyd edə bilərik ki, Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər artıq ən yüksək səviyyədə formalaşıb və bu münasibətlər qarşıdakı zamanlarda öz uğur bəhrələrini verəcəkdir.

Rövşən RƏSULOV

Digər xəbərlər