PDF Oxu

Siyasət

  • 2 679

Qarabağın incisi toy-büsata bürünüb TƏHLİL

Qarabağın incisi toy-büsata bürünüb TƏHLİL

28 illik zamandan sonra Şuşa yenidən öz həyatına qovuşdu. Erməni işğalından azad olan qədim şəhər azad nəfəs aldı. Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə müzəffər ordumuz 44 günlük Vətən müharibəsində həsrətində olduğumuz torpaqlarımızı geri qaytardı. Buranın hər qarışında qan izi olduğundan Şuşa bizim üçün bir and yerinə, müqəddəs məkana çevrilib.Bu gün Şuşa yeni bir ab-havadadır. Abadlıq-quruculuq işlərinin, yeni infrastrukturun yaradılması, tarixi-mədəni dini abidələrin bərpa və inşası və s. Şuşada böyük bir həyatın canlanmasından xəbər verir. Şuşada üçrəngli Azərbaycan bayrağının dalğalandırılması, Novruz bayramında Şuşada yandırılan tonqal, kəsilən qurbanlar bu torpaqda Böyük Qayıdışın işığı idi. İndi toy-büsata bürünüb Şuşamız. Qısa bir zamanda abadlıq-quruculuq işlərinə başlanıldı. Ötən müddət ərizində böyük işlər görüldü və bu gün abadlıq-quruculuq işlərinin sürəti artıb. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, yarımstansiya tikildi. Zəfər yolu çəkildi, suyun verilməsi bərpa olundu. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Tezliklə, Natəvan bulağı bərpa olundu və "Xarıbülbül" hoteli istifadəyə verildi. Əsrlərin yaddaşı var bu diyarda. Öz köklü-şəcərəli insanlarına qucaq açıb.

ŞUŞAMIZDA YENİDƏN VAQİF POEZİYA GÜNLƏRİ
Bu məkandan azad olunmuş Şuşadan dünyaya milli musiqimiz səs saldı. "Xarıbülbül" festivalı bütün dünyaya səs saldı. Şuşamız bayram libasını geyindi. Gözəl ifa, klassik musiqi bütün aləmə dolaşdı. İşğaldan azad olunan Şuşa yenidən toy-büsata büründü. Xalqın milli və klassik musiqisi dağları-dərələri aşdı. Hər kəsin könlü xoş oldu. Ruhu bu məkanlarda dolaşan insanlar azad, rahat nəfəs aldılar. Şuşada ilk dəfə Milli Musiqi Günü çərçivəsində Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının konserti keçirildi. Bu konsert ötən ilin avqustun 29-da Azərbaycan Prezidentinin iştirakı ilə açılışı olan Üzeyir bəyin heykəli qarşısında baş tutdu. Bülbülün, Natəvan, Üzeyirin və digər sənətkarların ruhu mənən rahatlandı. Şuşalılar Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün heykəlləri önünə gül dəstələri qoyaraq ziyarət etdilər. Bundan qürurverici nə ola bilərdi? Uzun illər idi ki, heykəlləri güllələnmiş Xan qızı, Üzeyir bəy, böyük nəğməkar Bülbül öz doğma yurdlarına qayıdacaqları günü gözləyirdilər. Belə ki, donmuş üzlər hərəkətə gəldi, uzaq kimi görünən yollar bir addımlıqda oldu. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Cansız heykəllərə güllə ataraq qiymətli heykəlləri, milli memarlıq abidələrini, muzey əşyalarını gülləbəran etmişdilər. Prezident İlham Əliyev hələ Vətən müharibəsindən öncə qeyd etmişdi ki, ərazi bütövlüyümüz bərpa edildikdən sonra Üzeyir Hacıbəylinin, Natəvanın, Bülbülün büstləri Şuşaya qaytarılacaq. Azərbaycan Prezidentinin bu sözləri artıq reallığa çevrildi. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərində bu qədim Azərbaycan şəhərinə gələn qonaqları salamlayır. Bu gün Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın, Bülbülün Şuşadakı büstləri öz məkanlarında rahat nəfəs alır. Azad Şuşa şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəli də ucaldılıb.
VAQİF POEZİYASININ FƏLSƏFİ FİKİR YÜKÜ

Ötən il Şuşada böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışı oldu. Bu tədbir ölkənin həyatında əlamətdar hadisəyə çevrildi. Vaqif Poeziya Günləri, əslində, sözümüzün, şeirimizin, ədəbiyyatımızın bayramıdır. Yenidən bu il Şuşamız toy-bayram libasına büründü. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə iyulun 14-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Vaqif Poeziya Günləri başlayıb. Vurğulamaq yerinə düşər ki, Molla Pənah Vaqifin adının UNESCO-nun "2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı"na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətdir. 2017-ci il, həmçinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY tərəfindən "Molla Pənah Vaqif İli" elan edilərək, bu çərçivədə tədbirlər keçirilib. Uzun illərdir dövlətimiz tərəfindən tanınmış şəxsiyyətlərin yubileylərinin yüksək səviyyədə qeyd edilməsi, əsərlərinin nəşri və təbliği Molla Pənah Vaqif irsini də əhatə edib. Prezident İlham Əliyevin "Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında" 2017-ci il 12 yanvar tarixli Sərəncamına əsasən, ölkəmizdə şairin xatirəsinə həsr edilmiş elmi-praktik konfranslar, rəsm sərgiləri və digər bu qəbildən olan silsilə tədbirlər keçirilib. Dünya miqyasında Vaqif kimi sənətkarın təbliği onun sənət dünyasının fikir yüküdür.
"QÜRUR DOLU TƏSİRLİ ANLAR. ŞUŞA. 2022"
Qırx illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq ikinci dəfədir təşkil olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən ikinci Vaqif Poeziya Günləri ilə bağlı paylaşımında belə yazıb: "Vaqif Poeziya Günləri. Şuşa. 2022", "Qürur dolu təsirli anlar. Şuşa. 2022". Bu tarix əlbəttə ki, Azərbaycan tarixinə, mədəniyyətinə yazılan silinməz bir səhifədir. Zaman keçəcək Şuşa tarixi vərəqləndikcə bu günlərin qururu hər kəsə mənəvi qida verəcək.
Mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdikləri Poeziya Günləri çərçivəsində keçirilən ilk tədbir "Qarabağ" mehmanxanasının qarşısında təşkil olunan kitab sərgisi oldu. Sərgidə 100-dən çox şair və yazıçının kitabları nümayiş etdirilir. Kitab sərgisində ayrı-ayrı yazıçıların kitablarının təqdimatı keçirilib. Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə hazırlanan "Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri" və Şuşada keçirilmiş Vaqif Poeziya Günləri barədə "Bütün yollar Şuşaya aparır..." kitablarının təqdimatı olub. Kitablar qələbəmizin ilk günlərindən hazırlanmağa başlanıb. Kitabda azad olunmuş Qarabağdan olan hər bir yazıçı öz rayonları haqqında xatirələrini yazıb.
HƏR AĞACI, AXAR SUYU MİLLİ MUSİQİNİN AVAZI İLƏ YOĞRULUB
Vurğulamaq yerinə düşər ki, Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı baş tutub. Səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verilib. Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşdırılıb.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun zəfəri nəticəsində Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra Vaqif Poeziya Günləri yenidən öz yurdunda - mədəniyyət paytaxtımızda keçirilir.
Əlbəttə ki, Şuşa musiqi beşiyidir. Buranın hər ağacı, hər qayası, axar suyu bu musiqinin avazı ilə nəfəs almış, bu musiqi qayaların, divarların, lal daşların da yaddaşına hopmuşdur. Bu gün artıq həsrətlə gözlədiyimiz Şuşamızın, "Qafqazın Konservatoriyası"nın torpağındayıq. Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşada. Burada "Xarıbülbül" musiqi festivalının və Vaqif Poeziya Günlərinin bərpa edilməsi Azərbaycanın mədəni həyatının təntənəsinə çevrilib. Bu gün Vaqifin ruhu şaddır. Poeziya günləri çərçivəsində çıxışlar, ədəbi simpoziumlar, sərgilər təşkil olunur. Artıq bir neçə tədbir reallaşıb. Vaqif Poeziya Günləri təkcə ədəbiyyatdan, sənətdən deyil, Qarabağ tarixindən də dünyaya bir mesajdır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər