PDF Oxu

Siyasət

  • 3 410

İQTİSADİ MÜSTƏQİLLİK SİYASİ MÜSTƏQİLLİYİN TƏMƏL DAŞIDIR TƏHLİL

İQTİSADİ MÜSTƏQİLLİK SİYASİ MÜSTƏQİLLİYİN TƏMƏL DAŞIDIR TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “İlin altı ayı bir daha onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir”

İyulun 15-də Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən və bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlət başçısı bu dövrdə əldə olunan nəticələri müsbət qiymətləndirdi və açıqlanan göstəricilərin ölkəmizin dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqlədiyini vurğulayıb: "Azərbaycanın dinamik inkişafı bu il də uğurla davam etməkdədir. Cari ilin birinci yarısında müşahidə etdiyimiz müsbət inkişaf tendensiyaları, əldə olunan nəticələr bunu deməyə əsas verir”. Dövlət başçımız çıxışında qeyd etdiyi kimi, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr icra edilir. İlk növbədə, ötən dövr ərzində Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasını əldə olunan nailiyyətlər sırasında qeyd edə bilərik. O cümlədən, ölkəmizin Qoşulmama Hərəkatına sədrlik müddətinin gələn ilin sonuna qədər artırılması bu uğurun bariz göstəricilərindən biridir. Bir sözlə, görülən işlər göz önünüdədir. Bütün bu uğurlara Azərbaycan Prezidenti İlham Əliyevin yüksək idarəçilik qabiliyyəti sayəsində bu məqsədlərə nail olub. Bu gün ölkəmizdə iqtisadi inkişaf, sosial məsələlərin həlli, ordu quruculuğu, Qarabağın bərpası istiqamətində nəhəng infrastruktur, nəqliyyat, energetika layihələri icra edilir. Ən əsası isə qlobal nizamsızlıq, xaos və anarxiya fonunda Azərbaycanda sabitlik, əmin-amanlıq hökm sürür. Siyasi, iqtisadi, hərbi, enerji, ərzaq, informasiya komponentləri olmaqla, milli təhlükəsizliyimiz yüksək səviyyədə təmin edilir.
“İQTİSADİ MÜSTƏQİLLİK SİYASİ MÜSTƏQİLLİYİN TƏMƏL DAŞIDIR”
Dövlət başçısı son vaxtlar dünya iqtisadiyyatının tənəzzülə uğrayacağı ehtimalının olduğunu vurğulayaraq hər an Azərbaycanın da buna hazır olmağını söyləyib: “Onu da deməliyəm, indi çox böyük ehtimallar var ki, dünya iqtisadiyyatı tənəzzülə uğrayacaq. Yəni, resessiya haqqında mötəbər beynəlxalq qurumları, maliyyə qurumları artıq bir qaçılmaz fakt kimi danışırlar. Biz də buna hazır olmalıyıq”.“Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik, 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik. Bununla paralel olaraq, sosial məsələləri həll edirik və edəcəyik, heç kimin bunda şübhəsi olmasın. Çünki yenə də bunu özümüzə mənəvi borc bilirik və bizim sosial siyasətimiz hər zaman belə olub»,-deyən dövlət başçısı son müddət ərzində orta əməkhaqqı haradasa 14 faiz artıb, pensiya 10 faizdən çox artdığını deyib: «Bütün bu artımların mənbəyi var, bu da dövlət büdcəsidir. O büdcə ki, o büdcədən biz ordumuzu gücləndiririk və gücləndirəcəyik, bax, dediyim səbəblərə görə. O büdcə ki, biz sosial məsələləri həll edirik, Qarabağı yenidən qururuq və bütün başqa ehtiyaclarımızı ödəyirik və heç kimdən bir manat almadan. Ona görə bunu bilmək lazımdır. Bunu unudanlar da gərək yaddaşlarını, necə deyərlər, aydınlaşdırsınlar, bir az diqqətli olsunlar. Əlbəttə ki, bütün bu işlərin görülməsi üçün iqtisadiyyat əsasdır». Azərbaycan Prezidenti İlham Əliyev onu da vurğulayıb ki, iqtisadi müstəqillik əldə edilmişdir və biz məhz buna görə siyasi müstəqillik əldə etmişik, beynəlxalq müstəvidə müstəqillik əldə etmişik: «Heç kim bizim iradəmizə təsir edə bilməz, heç kim bizə heç nəyi diktə edə bilməz, heç kimdən asılı deyilik və əminəm ki, heç vaxt heç kimdən asılı olmayacağıq. Asılı olsaydıq, Qarabağ bu günə qədər işğal altında idi. Ona görə iqtisadi müstəqillik əsas amillərdən biridir və burada da böyük nailiyyətlər var”. “Biz büdcəni təkcə neftin qiymətinin artırılması nəticəsində böyütməmişik. Yəni, dürüstləşmə, eyni zamanda, aparılan islahatlar nəticəsində mümkün olmuşdur»,-deyən dövlət başçısı onu da vurğulayıb ki, dünyada neftin qiyməti qalxıb, amma eyni zamanda, dünyanın kapital bazarları çöküb, bunu da hər kəs bilməlidir: «Bəzən kimsə fikirləşir ki, neftin qiyməti artıb, Azərbaycan daha çox zənginləşib. Bəli, neftin qiyməti artıb, amma bizim ehtiyatlarımız əsasən istiqrazlardadır, səhmlərdədir. Açsınlar baxsınlar, dünyanın kapital bazarları necə çöküb. Əlbəttə, bu, müvəqqətidir. Bütün suveren fondlar bu vəziyyətlə üzləşiblər. Mən indi başqa suveren fondların itkilərini demək istəmirəm, amma burada 10 milyardlarla itkilərdən söhbət gedir - böyük suveren fondların, bu kapital bazarının çökməsi nəticəsində. Bu, bizə də mənfi təsir göstərir. Ancaq biz öz işimizlə, islahatlarla elə işləyirik ki, heç kim bunu hiss etmir”.
“ŞƏFFAFLIQ, DÜRÜSTLÜK, HESABATLILIQ: NƏTİCƏDƏ 6 AYDA VERGİLƏR SAHƏSİNDƏ PROQNOZDAN ƏLAVƏ 2 MİLYARD MANAT PUL YIĞILDI”
Prezident İlham Əliyev iqtisadi sahədə aparılan islahatlar nəticəsində 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldığını vurğulayaraq bildirib ki, bu nəticə şəffaflığın, dürüstlüyün, hesabatlılığın hesabına əldə olunub: “Ona görə 6 ayda 2 milyard manat əlavə ancaq vergi orqanları yığıbdır və biz bundan istifadə edirik. İlin sonuna hələ təxminən 6 ay var. Budur, bizim maliyyə-iqtisadi imkanlarımızın əsas faktoru. O ki qaldı iqtisadi artıma, əlbəttə, biz bunu hər dəfə iki yerə bölürük - iqtisadi artım və qeyri-neft iqtisadiyyatının artımı. Hər iki istiqamət üzrə yaxşı nəticələr var. İqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb. Çox yaxşı nəticələrdir və bu nəticələri biz real həyatda da görürük. Çünki bu, imkan verir ki, biz maaşları artıraq, pensiyaları artıraq. Əhalinin gəlirləri təxminən 20 faiz artıb. Düzdür, inflyasiya bu artımın bir hissəsini, necə deyərlər, yeyir. İnflyasiya 12 faizdən bir qədər çoxdur. Amma bu, dünyada ümumi tendensiyadır. Hətta inflyasiya bəlkə 0-0,5, 1 faiz olan ölkələrdə indi inflyasiya ikirəqəmli inflyasiyaya yaxınlaşır. Yəni, bu, ümumi trenddir və biz də dünya iqtisadiyyatının bir parçasıyıq”. Onu da deməliyəm, indi çox böyük ehtimallar var ki, dünya iqtisadiyyatı tənəzzülə uğrayacaq. Yəni, resessiya haqqında mötəbər beynəlxalq qurumlar, maliyyə qurumları artıq bir qaçılmaz fakt kimi danışırlar. Biz də buna hazır olmalıyıq. Azərbaycanda iqtisadi inkişaf, sosial məsələlərin həlli, ordu quruculuğu, Qarabağın bərpası, nəhəng infrastruktur layihələri, nəqliyyat, energetika layihələri, sabitlik, əmin-amanlıq - bunu hər kəs, necə deyərlər, real bir fakt kimi qəbul edir və bu, çox yaxşıdır. Mən çox şadam ki, bunu hər kəs belə görür və belə də qəbul etməlidir. Amma bunu təmin etmək üçün nə etmək lazımdır? Bunu bəziləri görmür və yaxud da görmək istəmir. Biz öz hesabımıza yaşayırıq. Heç kim bizə kömək etmir, heç vaxt da etməyib və etməyəcək. Ona görə də öz həyatımızı özümüz qururuq. Heç kimin işinə qarışmırıq, amma, eyni zamanda, qoymuruq kimsə gəlsin bizim işimizə qarışsın. İqtisadi müstəqillik, yenə də deyirəm, siyasi müstəqilliyin təməl daşıdır.
“AZƏRBAYCAN XALQINA NƏ VƏD VERMİŞİKSƏ, ONU YERİNƏ YETİRMİŞİK”
Dövlətimizin başçısı müşavirədə, həmçinin qeyd edib ki, Azərbaycan öz sözünə sadiq qalan ölkədir və bunun sübutu olaraq beynəlxalq arenada Azərbaycanın oynadığı rolu, göstərdiyi həmrəyliyi və ehtiyac içərisində olan ölkələrə verdiyi həm humanitar, həm də maliyyə dəstəyini misal çəkmək olar. Və bu da birmənalı olaraq demək lazımdır ki, bu gün ölkəmizin beynəlxalq nüfuzunun durmadan artması Prezident İlham Əliyevin xarici siyasətinin məntiqi nəticəsidir. Belə ki, bu istiqamətdə atılan önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması idi. Azərbaycanın paytaxtında keçirilmiş bu önəmli tədbir bir daha göstərdi ki, Qoşulmama Hərəkatının çox böyük potensialı var və bu təşkilat həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün çox önəmli platformadır və Azərbaycan da Qoşulmama Hərəkatının institusional inkişafına böyük töhfələr verib. "Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına böyük töhfə vermişik",-deyən Prezident İlham Əliyev vurğulayıb ki, bu il bizim xarici siyasətimiz çox fəal olub və xarici siyasət istiqamətində hesab edirəm ki, yeni önəmli addımlar atılıb və ölkəmizin beynəlxalq nüfuzu daha da artıb: «Nəticələr arasında, əlbəttə ki, Qoşulmama Hərəkatındakı uğurlu sədrliyimizi qeyd etmək istərdim. Bizim sədrliyimiz bildiyiniz kimi, 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır. Biz də məsuliyyətli ölkə olaraq və Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına da böyük töhfə vermişik. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı idi və Parlament Şəbəkəsinin yaradılması idi. Bakıda keçirilmiş bu önəmli tədbir bir daha göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır. Bu, bizim təşəbbüsümüz idi və bu təşəbbüs artıq özünü real həyatda göstərir. Eyni zamanda, Gənclər Platforması da yaradılır. Gənclər forumu keçiriləcək və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi yaradılacaqdır. Bizim sədrliyimiz bir daha göstərdi ki, Azərbaycan öz sözünə sadiqdir. Beynəlxalq arenadakı oynadığımız rol, göstərdiyimiz həmrəylik və ehtiyac içərisində olan ölkələr üçün göstərdiyimiz dəstək - humanitar dəstək, maliyyə dəstəyi, xüsusilə COVID-lə bağlı 80-dən çox ölkəyə göstərdiyimiz dəstək bizim beynəlxalq nüfuzumuzu, əlbəttə ki, böyük dərəcədə artırmışdır».
AZƏRBAYCAN PREZİDENTİNİN DAXİLİ SİYASƏTİNDƏ SOSİAL ƏDALƏT, ƏHALİNİN RİFAHI PRİORİTET İSTİQAMƏT TƏŞKİL EDİR
Prezident İlham Əliyevin rəhbərlik dövrü müasir-müstəqil Azərbaycanın tarixində sürətli iqtisadi inkişaf, dövlətin təşəkkül tapması, qüdrətinin artması, beynəlxalq nüfuzunun yüksəlməsi uğurlar və böyük qələbələr dövrü kimi qalacaq. 2003-cü ildə Azərbaycan xalqının səsini və etimadını qazanaraq Prezident seçilən İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr ərzində iqtisadiyyat xeyli böyümüş, ümumi daxili məhsul 3,2 dəfə artmış, vətəndaşların sosial rifah halı yüksəlmişdir. Bu illər ərzində nominal əməkhaqqı 8,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə, orta aylıq əməkhaqqı 7 dəfə, pensiyalar isə 10 dəfə yüksəlmişdir. Bu dövrdə Azərbaycan özünün iqtisadi və siyasi islahatlarını tam başa çatdırmış, 2018-ci ildən sonra isə dərin sosial islahatlar dövrünə qədəm qoymuşdur. 2018-ci il aprelin 11-də Azərbaycan xalqının növbəti dəfə etimadını qazanaraq böyük səs çoxluğu ilə Prezident seçilən İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial rifahın və sosial ədalətin bərqərar olması, vətəndaşlarımızın inkişaf etmiş bir dövlətdə yaşaması üçün lazım olan hər şeyi yerinə yetirəcəyini bəyan etdi. Əlbəttə ki, bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil Prezident İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasıdır. Dövlət başçısının söylədiyi kimi, son 18 il ərzində bir dənə də yerinə yetirilməyən vəd yoxdur.Qədim yunan filosofu Demokrit həmvətənlərini inandırırdı ki, söz əməlin kölgəsidir. Yəni dediyin sözün qiyməti görəcəyin əməldən asılıdır. Əlbəttə, qədim yunanlının bu kəlamı aksiomdur, yəni isbata ehtiyacı yoxdur. İnsanlar da həmişə sözlə əməlin üst-üstə düşməsinə qiymət verir, sözünün arxasında dayanan şəxsiyyəti alqışlayır və dəstəkləyirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyev də ölkənin rəhbəri kimi fəaliyyəti ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Dövlət başçımızın müşavirədə dediyi kimi: "Gələn il görüləcək işlər əminəm ki, ölkəmizi daha da gücləndirəcək. Biz verdiyimiz bütün vədlərə həmişə sadiq olmuşuq, vədlərə əməl etmişik. Azərbaycan xalqına nə vəd vermişiksə, onu yerinə yetirmişik - bütün sahələrdə, o cümlədən iqtisadi və sosial sahədə. Əminəm ki, biz bundan sonra da həmişə öz sözümüzə sadiq olacağıq, istədiyimizə nail olacağıq. Arzularımız da odur ki, ölkəmiz güclənsin, xalqımız daha yaxşı yaşasın".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər