PDF Oxu

Siyasət

  • 3 098

Ölkə başçısının həyata keçirdiyi uğurlu siyasət davamlı inkişafımızı təmin edir ŞƏRH

Ölkə başçısının həyata keçirdiyi uğurlu siyasət davamlı inkişafımızı təmin edir ŞƏRH

“Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik, 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik”. Və bu gün işğaldan azad olunmuş torpaqlarda aparılan möhtəşəm yenidənqurma işləri də ölkənin iqtisadi qüdrətinin daha bir nümayişi kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin dediyi kimi, heç bir yerdən heç kim bizə bir manat yardım etməyib. Azərbaycan öz gücünə, öz imkanları hesabına şəhərlər salır, kəndləri yenidən qurur, binalar tikir. İşlərin miqyası bütün dünyanı sözün əsl mənasında heyrətə gətirir. Həmçinin son dövr ərzində ölkədə orta əməkhaqqı 14 faiz, pensiyalar 10 faizdən çox artıb. Bütün bu artımların mənbəyi isə dövlət büdcəsidir. Həm də nəzərə almaq lazımdır ki, ölkənin büdcəsi təkcə neftin qiymətinin artması nəticəsində böyüməyib. Dövlət başçısının dediyi kimi, büdcənin böyüməsi dürüstləşmə və aparılan uğurlu islahatlar nəticəsində mümkün olmuşdur. Həmçinin iqtisadi sahədə aparılan islahatlar nəticəsində ilin ilk 6 ayı ərzində vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı. Biznes dairələrinə imkan verildi ki, onlar kölgə iqtisadiyyatından çıxsınlar. Nəticə həqiqətən də uğurlu oldu. İqtisadi artım 6,2 faiz, o cümlədən qeyri-neft sektorunda artım 9,6 faiz oldu. Həmçinin hesabat dövrü ərzində əhalinin gəlirləri təxminən 20 faiz artıb. Bütün bunlar Azərbaycan iqtisadiyyatının davamlı inkişafının bariz göstəriciləridir.

İlyarım böyük zaman kəsiyi deyil. Lakin bu qısa müddətdə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin miqyası olduqca möhtəşəm və genişdir. Görünən odur ki, cəmi 44 günə torpaqlarımızı azad edən Prezident İlham Əliyev ermənilərin viran qoyduğu yurd yerlərimizi sürətlə cənnətə çevirir. Öz doğma yerlərinə qayıdacaq vətəndaşlarımız üçün indi ən mükəmməl həyat şəraiti yaradılır. İyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa – Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanılması görülən işlərin realllığıdır və verilən sözə əməlin göstəricisidir. İndiyədək qısa zamanda bir sıra iri layihələrin icrası başa çatdırılıb. Şuşaya gedən Zəfər yolunun salınması, Füzuli Beynəlxalq Hava Limanının inşası, Zəngilanda Ağalı kəndinin bərpası, yeni su-elekrik stansiyalarının, yarımstansiyaların istifadəyə verilməsi, Şuşa şəhərində başlanan bəzi layihələrin yekunlaşması azad olunmuş ərazilərin bərpası işlərinin sürətlə həyata keçirilməsindən xəbər verir. Ən əsası bütün bunlar bu ərazilərin yenidənqurulması ilə bağlı güclü siyasi iradənin olmasının göstəricisidir. Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza mütəmadi səfərləri də göstərir ki, dövlət başçısı bu məsələni xüsusi diqqət və nəzarətində saxlayır. Dövlət başçısının Qarabağa və Şərqi Zəngəzura hər səfəri yeni layihələrin təməlinin qoyulması, şəhərlərin baş planlarının təsdiq edilməsi ilə əlamətdar olur. Müzəffər Ali Baş Komandanın bir neçə gün əvvəl Kəlbəcər rayonuna səfəri bir daha göstərdi ki, Azərbaycan dövləti işğaldan azad etdiyi ərazilərin bərpası üçün necə əzəmətli layihələr reallaşdırır.

Bir məsələni də xüsusi qeyd etməliyik. Qarabağ və Şərqi Zəngəzurun bərpasını Azərbaycan dövləti öz maliyyə imkanları hesabına həyata keçirir. Dövlət başçısı cari ilin 6 ayının yekunları ilə bağlı keçirilən müşavirədə dövlətimizin başçısı bildirib ki, biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq: «Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik, 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik. Bununla paralel olaraq, sosial məsələləri həll edirik və edəcəyik, heç kimin bunda şübhəsi olmasın. Çünki yenə də bunu özümüzə mənəvi borc bilirik və bizim sosial siyasətimiz hər zaman belə olub. Baxın görün, son müddət ərzində əməkhaqları nə qədər artıb. Bu il, məsələn, orta əməkhaqqı haradasa 14 faiz artıb, pensiya 10 faizdən çox artıb. Bütün bu artımların mənbəyi var, bu da dövlət büdcəsidir. O büdcə ki, o büdcədən biz ordumuzu gücləndiririk və gücləndirəcəyik, bax, dediyim səbəblərə görə. O büdcə ki, biz sosial məsələləri həll edirik, Qarabağı yenidən qururuq və bütün başqa ehtiyaclarımızı ödəyirik və heç kimdən bir manat almadan. Ona görə bunu bilmək lazımdır. Bunu unudanlar da gərək yaddaşlarını, necə deyərlər, aydınlaşdırsınlar, bir az diqqətli olsunlar. Əlbəttə ki, bütün bu işlərin görülməsi üçün iqtisadiyyat əsasdır”.

Bəli, güclü iqtisadiyyat güclü dövlət deməkdir. Dövlət başçımızın dediyi kimi: “İqtisadi müstəqillik əldə edilmişdir və biz məhz buna görə siyasi müstəqillik əldə etmişik, beynəlxalq müstəvidə müstəqillik əldə etmişik. Heç kim bizim iradəmizə təsir edə bilməz, heç kim bizə heç nəyi diktə edə bilməz, heç kimdən asılı deyilik və əminəm ki, heç vaxt heç kimdən asılı olmayacağıq. Asılı olsaydıq, Qarabağ bu günə qədər işğal altında idi. Ona görə iqtisadi müstəqillik əsas amillərdən biridir və burada da böyük nailiyyətlər var. Ona görə iqtisadi sahədə aparılan islahatlar imkan verdi ki, 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı. Nə üçün? Çünki şəffaflıq var, dürüstlük var, hesabatlılıq var».

Prezident İlham Əliyev həmçinin müşavirədə Vətən müharibəsindən 1 il 8 ay ötməsinə baxmayaraq Ermənistanın məcburən üzərinə götürdüyü öhdəliklərini hələ də yerinə yetirmədiyini deyib. Belə ki, 10 noyabr bəyanatının 4-cü bəndinə əsasən erməni silahlı qüvvələri Qarabağ ərazisindən tam çıxarılmayıb. Bundan əlavə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu və avtomobil yolu təmin olunmalıdır. Amma Ermənistan bu razılaşmaya da əməl etmir. Halbuki, Azərbaycan Laçın dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Ermənistanın da borcudur ki, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin.

Dövlət başçısı, müşavirədə Ermənistan hakimiyyət nümayəndələrinin son zamanlar Qarabağın “statusu” haqqında da tez-tez səslənən fikirlərə də münasibət bildirib və növbəti dəfə Ermənistana ciddi xəbərdarlıq edərək Ermənistanın həm statusla bağlı, həm də ATƏT-lə bağlı məsələni qabartması ilə yanaşı, xüsusilə də müharibədən 20 ay vaxt keçməsinə baxmayaraq Ermənistan silahlı dəstələrinin hələ də torpaqlarımızdan çıxarılmamasının mənfi hal olduğu bildirib: «Son vaxtlar Ermənistan rəhbəri yenə də hansısa status haqqında danışmağa başlayıb. Halbuki, müharibəyə son qoyulanda, Ermənistan kapitulyasiya aktına məcburən imza atanda bizim - Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə toxunulmur. Ermənistan müəyyən müddət buna əməl edirdi. Ancaq son zamanlar artıq bu, adi hala çevrilib. Gah onların baş naziri, gah xarici işlər naziri Qarabağın statusundan danışırlar. Status hara gedib və statusla nə olub, mən müharibədən sonra demişəm, təkrarlamaq istəmirəm. Əgər Ermənistanda bunu kimsə unudubsa, təkrarlaya bilərəm. Amma hesab edirəm ki, hələlik buna ehtiyac yoxdur. Ona görə status haqqında danışmaq Ermənistan üçün hesab edirəm ki, çox təhlükəli məsələdir. Çünki biz də status haqqında danışa bilərik, Zəngəzur üçün status tələb edə bilərik. O

Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə onu da vurğulayıb ki, onların məqsədi, ölkəmizə qarşı ərazi iddiasıdır. Hansı ərazi?,-deyən dövlət başçısı bildirib ki, Minsk qrupu elə bil, nə iləsə məşğul olmalıdır. Onda sual olunur: «Nə ilə məşğul olmalıdır? Qarabağ münaqişəsi həll olunub, Qarabağ mövzusu bağlanıb. Qarabağ Azərbaycandır! Bunu mən demişəm və haqlı olaraq demişəm, indi bunu hamı deyir. O cümlədən Ermənistan deyir - öz xoşu ilə yox, məcburən. Bu məsələ ilə bağlı müzakirə apardığımız bütün ölkələr, təşkilatlar deyir".Ümumilikdə cənab Prezidentin 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı göstərdi ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər,sahələr üzrə qarşıya qoyulan vəzifələr yüksək səviyyədə icra edilir və bundan sonra da Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün vəzifələri uğurla yerinə yetirəcəkdir.

Səbinə Səlimova,

YAP Masallı rayon təşkilatının əməkdaşı

Digər xəbərlər