“Moskvada əldə edilmiş üçtərəfli razılıqlardan 1 il 8 ay ötməsinə baxmayaraq, Ermənistanın Azərbaycana aid olan Qarabağ ərazisindən öz qoşunlarını çıxarmaması onun məlum müqavilənin 4-cü bəndindən irəli gələn öhdəlikləri yerinə yetirməməsidir”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.Onun sözlərinə görə, 10 noyabr müqaviləsində erməni qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasına məsul olan digər tərəf isə Rusiyadır: “Bu ilin martında Fərrux kəndi ətrafında yaşanan məlum insidentdən sonra qoşunların bu ilin iyun ayının axırınadək çıxarılacağı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə şifahi zəmanət vermişdi. Prezident bəlli səbəblərə görə Rusiya Müdafiə Nazirliyinin bu zəmanəti verən yüksək çinli məmurunun adını çəkmədi, lakin müşavirədə Prezidentin bu məsələni qabartması göstərir ki, rəsmi Bakı münasibətlərini müttəfiqlik müstəvisi üzərinə gətirmiş Rusiyadan ilk baxışdan "ipə-sapa yatmayan" Paşinyan iqtidarından bununla bağlı tədbirlərin həyata keçirilməsini daha sərt formada tələb etməlidir. Müşavirədə Ermənistan tərəfinin Moskvada əldə edilmiş məlum razılıqlara baxmayaraq yenidən tez-tez status məsələsini gündəmə qaytarmaq istədiyinin yolverilməz olduğunu bəyan edən Prezident İlham Əliyev "lazım gəlsə biz də Zəngəzur status məsələsini" qaldıra bilərik, hamı bilir ki, Zəngəzur 1920-ci ildə necə və hansı şəraitdə Azərbaycandan qopardılmışdır deməklə təkcə Ermənistandakı millətçi dairələri deyil, eyni zamanda, onlara havadarlıq edən dairələrə də sərt ismarıc vermişdir. İndi bölgədə və ümumiyyətlə, Qərb və Rusiya arasında mövcud münasibətlər konteksində Azərbaycanın Ermənistanı müqavilənin şərtlərindən irəli gələn tələbləri yerinə yetirməsi üçün növbəti dəfə cəng meydanına çəkməyə heç ehtiyac da yoxdur”.E.Manafov onu da bildirdi ki, bu gün enerji təhlükəsizliyi bütün dünyanı düşündürən qlobal çatda olan bir problemdir: “Ukraynada başlanmış olan və əslində, yeni dünya nizamı uğrunda gedən mübarizənin dərin qatlarında olan amillərdən biri də enerji bazarlarına nəzarət uğrunda gedən mübarizədir. Qarabağ bu baxımdan "Axilles dabani" da məhz budur, onun enerji təminatının kəsilməsi separatçı rejimi kapitulyasiya sürükləyəcək hadisə olacaq, Ermənistanın bu rejimi enerji ilə təmin etmək imkanları və resursları yoxdur. Rəsmi Bakı özünün konstitusion borcundan irəli gələrək erməni əsilli vətəndaşlarını belə bir çətin duruma salıb, sonra da beynəlxalq birliyin bununla bağlı ona ünvanlanacaq suallarına cavab verməmək uçun hələlik, bu addımı atmaqdan vaz keçir, lakin vətəndaş və dövlət qarşısındakı öhdəliklər həmişə ikili xarakter daşıyıb, vətəndaş an ağır dövləti cinayət etdikdə belə dövlət onu vətəndaşlıqdan məhrum etmir, lakin cəzalandırır. Bunu Qarabağın vətəndaş olaraq görmək istədiyimiz ermənilər nə qədər tez başa düşsələr bir o qədər yaxşı olar, elə hamımız üçün”.
Gülyana