2022-ci ilin birinci yarımilliyi respublikamız üçün çox uğurlu, gələcək fəaliyyətimizin inkişafına təkan verəcək tarixi hadisələrlə yadda qaldı. İstər xarici, istərsə də daxili siyasətimizdə dövlət qarşısına qoyduğu məsələlərin həllinə nail oldu. Belə ki, Qoşulmama Hərəkatının fəal sədri olaraq Bakıda Parlament Şəbəkəsinin toplantısının keçirilməsi, 120 ölkənin üzv olduğu bu təşkilatda əməkdaşlığın genişlənməsi, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin yaradılması təşəbbüsü xarici siyasətimizdə bu il qazanılan uğurlarımızın əsas səhifəsini təşkil edir. Cənab Prezident hesabat dövründə bəzi beynəlxalq təşkilatlarla da əməkdaşlığa xüsusi önəm verərək, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı ilə əlaqələrin daha da gücləndirilməsini xüsusi vurğuladı. İslam Əməkdaşlıq Təşkilatının yeni Baş Katibinin Azərbaycana gəlişi, azad edilmiş torpaqlara səfəri, Şuşaya və Füzuliyə səfəri zamanı erməni vəhşiliklərini öz gözləri ilə görməsi, bir ölkə olaraq haqlı olduğumuzun əyani göstəricisi idi. Habelə, Avropa İttifaqı ilə istər Azərbaycan- Ermənistan münsibətlərinin normallaşdırılması istiqamətində, istərsə də Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin gələcəkdə daha da gücləndirilməsi məsələləri apardığımız xarici siyasətin mühüm tərkib hissəsidir.Cari ilin altı ayı ərzində Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atıldığını, lakin əfsuslar olsun ki, hələlik, real nəticələr olmadığını vurgulayan dövlət başçımız qeyd etdi ki, Vətən müharibəsindən 1 il 8 ay ötməsinə baxmayaraq, Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir.Müsbət məqamlardan söhbət açan Prezidentimiz İlham Əliyev qeyd etdi ki, delimitasiya üzrə işçi qrupların birinci görüşü keçirilmişdir. Gələn ay ikinci görüşün keçirilməsi nəzərdə tutulur. Biz bunu müsbət addım kimi qiymətləndiririk. Digər müsbət halın isə yenə də Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilməsidir.Ölkə başçısı çıxışında mənfi məqamların daha çox olduğunu, Ermənistan tərəfinin 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərdən, üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən hələ də boyun qaçırdığını bildirdi və Ermənistana açıq şəkildə mesaj göndərdi ki, əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək.Dövlət başçımız son vaxtlar Ermənistan rəhbərliyi yenə də hansısa status haqqında danışmağa başlıqlarını vurğulayaraq qeyd etdi ki, gah onların baş naziri, gah xarici işlər naziri Qarabağın statusundan danışırlar. Prezidentimiz bir daha bildirdi ki, Status haqqında mövqeyimi müharibədən sonra demişəm, ona görə təkrarlamaq istəmirəm. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, status haqqında ancaq biz danışa bilərik, Zəngəzur üçün status tələb edə bilərik. O Zəngəzur ki, 1920-ci ilin noyabrında bizdən qoparıldı. Biz ki danışmırıq, amma danışa bilərik, baxaq görək nəticəsi nə olacaq. Buna oxşar mənfi məqamlar çoxdur. Bu fikirləri söyləyərək Prezidentimiz bir daha Ermənistan rəhbərliyinə, eləcə də onların havadarlarına cox ciddi mesaj göndərmiş oldu.Biz ordu quruculuğu sahəsində öz işlərimizi davam etdiririk deyən dövlətimizin başçısı qeyd etdi ki, hərbi sahədə də islahatlar aparılır, struktur islahatları, hərbi təhsildə islahatlar aparılıb. Təlimlərlə bağlı ciddi addımlar atılıb. Yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq. Ən müasir hərbi texnika və silahların alınması üçün bu il dürüstləşmə zamanı hərbi xərclərimiz artıb. Nə qədər lazımdırsa, o qədər də artıracağıq.Prezident cənab İlham Əliyev çıxışında şəhid ailələrinə və müharibə əlillərinə göstərilən diqqət və qayğıdan da xüsusi olaraq bəhs etdi. Doğrudan da istər birinci Qarabağ müharibəsindən sonra, istərsə də 44 günlük Vətən müharibəsində şəhid və qazi olanlar habelə müharibə iştirakçılarına dövlət xüsusi qayğıyla yanaşıb. Onların ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması, qazilərin müalicələrinin aparılması, ordudan tərxis olunanların məşğulluq məsələsinə xüsusi diqqət göstərilib.Məlum olduğu kimi, ötən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilib. İndiyə qədər Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Bütün bunlar şəhid ailələrinə və müharibə əlillərinə göstərilən diqqət və qayğının baris nümunəsidir.Qarabağda gedən işlərdən bəhs edən dövlət başçımız bildirdi ki, bütün işlər plan üzrə gedir. İnfrastruktur işləri - artıq yaşayış binalarının inşasına başlanılıb, Ağalı kəndi istifadəyə verilib, beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib. Ola bilsin ki, biz bu il yeni kəndlərin inşası, yaradılması ilə məşğul olacağıq. Həmçinin tarixi abidələrin bərpası. Yəni, burada hər şey plan üzrə gedir. Qeyd etdiyim kimi, bu bölgə nəinki Azərbaycan üçün, dünya üçün nümunəvi bölgə olacaq. Biz hər şeyi planlı şəkildə edirik.Qarabağ və Şərqi Zəngəzurla bağlı işlər arasında ərzaq təhlükəsizliyi məsələləri də vacib məsələlərdəndir deyən Prezident İlham Əliyev qeyd etdi ki, bu il bu problemlə nəinki biz, artıq bütün dünya üzləşib. İndi informasiya kanallarında, mətbuatda taxıl qıtlığı ilə bağlı geniş məlumat yayılır. Əfsuslar olsun ki, biz də taxılın idxalından böyük dərəcədə asılı olan ölkəyik. Bu asılılığı aradan qaldırmaq üçün indi proqram hazırlanıb. Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində biz vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmalıyıq və artıracağıq. Mənə verilən son məlumata görə, bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl, yəni, buğda, arpa, dənli bitkilər əkiləcək. Bu da bizim ərzaq təhlükəsizliyimizi gücləndirəcəkdir.İşğaldan azad olunmuş ərazilərdə işlər planlı şəkildə aparılır. Dövlət başçısı işğaldan azad olunmuş ərazilərdə gələcəkdə gənclərin işlə təmin olunması məsələsinə xüsusi diqqətlə yanaşır. Həmin ərazilərdə tikiləcək obyektlərdə həmin gənclərin işləməsini ön plana çəkir.Beləliklə, cari ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə qeyd edilən statistik rəqəmlər, 6 ay ərazində görülən işlər, həyata keçirilən islahatlar, hər bir sahələrin inkişafında qazanılan uğurlar bir daha deməyə əsas verir ki, Prezidentimiz cənab İlham Əliyev çox düşünülmüş, məqsədyönlü, bir sözlə mükəmməl daxili və xarici siyasət yürüdür.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri