PDF Oxu

Siyasət

  • 2 685

"Bu razılaşma Azərbaycanın gücünə güc qatmış olacaq” - EKSPERT ŞƏRH ETDİ

"Bu razılaşma Azərbaycanın gücünə güc qatmış olacaq” - EKSPERT ŞƏRH ETDİ

“Azərbaycanda səfərdə olan Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen və Azərbaycan Prezidenti İlham Əliyev arasında Avropa Komissiyasının timsalında Avropa İttifaqı ilə Azərbaycan dövləti arasında enerji sahəsində strateji tərəfdaşlığa dair memorandum imzalandı”. Bu fikirləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev bildirib.Onun sözlərinə görə, eyni zamanda tərəflər mətbuata bəyanatla çıxış etdilər: “Avropanın enerji təhlükəsizliyində Avropa İttifaqı Azərbaycanı çox ciddi və etibarlı bir tərəfdaş kimi qəbul etdiyini bəyan etmiş oldu. Xüsusilə də Rusiyanın Ukrayna hərbi müdaxiləsindən sonra Avropanın enerji təhlükəsizliyi ilə bağlı yaranmış təhdidlərin qarşısının alınması və Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın mühüm rolu bir daha bəyan edilmiş oldu.Hesab edirəm ki, həm bu səfərin, həm də imzalanan bu sənədlərin mətbuata, ictimaiyyətə edilən bəyanatların mühüm tərəflərindən biri də Azərbaycanın nə qədər etibarlı bir tərəfdaş olduğu, eyni zamanda Avropa üçün nə qədər əhəmiyyətli bir gücə sahib olduğunun bəyan edilməsi idi. Burada maraqlı məsələlərdən biri odur ki, Avropa İttifaqının Cənubi Qafqazda sülh prosesinin əldə olunmasında iştirakçıya çevrilməsi prosesləri fonunda Avropa İttifaqının həm də Azərbaycana enerji tərəfdaşı kimi yanaşması məsələsidir. Əldə olunmuş razılaşmaya əsasən Azərbaycan tərəfi qısa bir müddət ərzində Avropaya qaz ixracını 2 dəfəyə yaxın artıracaqdır. Bu həcm təxminən 2027-ci ildə 2 milyard kub metrə çatacaq. Təbii ki, artan Avropa bazarı tələbatı fonunda o qədər də böyük həcm olmasa da indiki dövrdə Avropa üçün enerjinin təmin olunması üçün ciddi mənbələrdən birinə çevrilib.Digər vacib məqam ondan ibarətdir ki, Azərbaycan həm də enerji daşıyıcılarının tranziti ölkəsinə çevrilib və Azərbaycanın Orta Asiya ölkələri ilə, xüsusilə Qazaxıstanla, Türmənistanla çox ciddi münasibətlərin formalaşması Orta Asiya enerji mənbələrinin də Azərbaycan üzərindən Avropaya daşınmasını formalaşdırır. Ötən il Azərbaycan və Türkmənistan arasında mübahisəli yataq kimi qiymətləndirilən qaz yatağı Dostluq yatağı adlandırılaraq birgə istismarı ilə bağlı razılaşma imzalandı. Bu razılaşmadan sonra Türkmənistan qazı Azərbaycan üzərindən Avropaya çıxarıldı. Hesab edirəm ki, Azərbaycan və Avropa Komissiyası timsalında Avropa İttifaqı ilə əldə olunmuş bu razılaşma Azərbaycan dövlətinin qlobal gücünü və nüfuzunu daha da artırmış oldu. Son dövrlər Azərbaycanın əldə etdiyi uğurlar bir daha təsdiq edilmiş oldu. Eyni zamanda 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi uğurların beynəlxalq səviyyədə qəbuluna addım atılmış oldu. Dünyada baş verən proseslərdə aparıcı rola sahib olan Avropa İttifaqı Azərbaycanı strateji müttəfiq qəbul etməklə Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etmiş oldu. Azərbaycanın regional gücə çevrilməsi daha da asanlaşdı. Düşünürəm ki, qarşıya qoyulan məqsədlərə addım-addım irəliləcəyik. Bu razılaşma Azərbaycanın gücünə güc qatmış olacaq”.

Abutel İlhamqızı

Digər xəbərlər