PDF Oxu

Siyasət

  • 1 998

Azərbaycan bərpaolunan enerji vasitəsi ilə daha çox qaz ixracı təmin edəcək ŞƏRH

Azərbaycan bərpaolunan enerji vasitəsi ilə daha çox qaz ixracı təmin edəcək ŞƏRH

Prezident İlham Əliyev bu müstəvidə öz tövsiyə və tapşırıqlarını verib, eyni zamanda, həmin proses işğaldan azad olunmuş ərazilərimizdə də başlanılıb

Son illər Azərbaycanda enerji sektorunun inkişafı ilə bağlı kifayət qədər böyük işlər görülüb. Ölkəmizdə nəhəng enerji obyektləri tikilib, xarici ölkələrlə enerji sahəsində əməkdaşlıq əlaqələri genişlənib, bir sıra beynəlxalq təşkilatlarla enerji istiqamətində əhəmiyyətli müqavilələr imzalanıb. Sözsüz ki, bu siyasətin davamlı və etibarlı şəkildə yürüdülməsi ölkənin enerji təhlükəsizliyinin təmin olunması prosesinə töhfə xarakteri daşıyır. Həmin layihələr bir tərəfdən Azərbaycanın iqtisadi potensialı ilə bağlı aydın mənzərə, digər tərəfdən demoqrafik cəhətdən inkişafda olan Azərbaycanın sosial siyasətinin möhkəm bünövrəsi üçün zəmin yaradır.Alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı, “yaşıl enerji”yə keçidin təmin edilməsi istiqamətində həyata keçirilən layihələr hələ 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan enerji siyasətinin davamıdır. Bu gün qlobal hadisələrin baş verdiyi dünyada insan övladının iqlim dəyişikliyinə qarşı mübarizəsi gündən-günə güclənir. Atmosferə atılan zərərli tullantıların həcminin azaldılması və “yaşıl enerji” ilə əvəz edilməsi dünya gündəliyinin ən vacib məsələlərindən birinə çevrilib. Atom elektrik stansiyalarının fəaliyyətinin azaldılması, eləcə də kömür və qazla işləyən elektrik stansiyalarının “yaşıl enerji” mənbələri ilə əvəz edilməsi üçün dünya ölkələri bir sıra planlar qurur. Azərbaycan öz növbəsində qlobal çağırışlara cavab verən layihələr reallaşdırır və bu layihələr ilk növbədə ölkəmizin bərpaolunan enerji resurslarının səmərəli istifadəsinə kifayət qədər geniş zəmin yaratmaqdadır.Əbəs deyil ki, Prezident İlham Əliyev cənabları bu müstəvidə öz tövsiyə və tapşırıqlarını verib, eyni zamanda, həmin proses işğaldan azad olunmuş ərazilərimizdə də başlanılıb. Eyni zamanda, hesablamalar da göstərir ki, Azərbaycanın da iştirak etdiyi və beynəlxalq aləm tərəfindən həyata keçirilən layihələr 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95 faizinin bərpaolunan enerji mənbələrinin payına düşəcəyi anonsunu verməkdədir. Statistk rəqəmlər də uğurlu tendensiyalardan xəbər verməkdədir. Belə ki, COVİD-19 pandemiyası səbəbindən dünyada enerji tələbatının ötən il 5 faiz azalmasına baxmayaraq, bərpaolunan enerji mənbələrinin istehsalı 7 faiz yüksəlib. Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozuna görə, növbəti 10 ildə bərpaolunan enerji sektoruna hər il orta hesabla 440 milyard dollar investisiya qoyuluşu nəzərdə tutulur. Alternativ enerji mənbələrinin istehsalı 2021-ci ildə 10 faiz, növbəti beş ildə isə 50 faiz artaraq 2025-ci ildə qlobal elektrik istehsalının 33 faizini təşkil edəcək.Bu gün Azərbaycanda ənənəvi enerji növlərinə alternativ olaraq “yaşıl enerji”nin inkişaf etdirilməsi həyata keçirilir. Belə ki, ölkəmiz bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Azərbaycanın iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa edilən enerji mənbələrinin potensialı 27000 MVt, o cümlədən, külək enerjisi üzrə 3000 MVt, günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsidir.Ölkəmizdə bərpaolunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olub. Proqramın qəbulu bərpaolunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaradıb. Məhz bu baxımdan, Qarabağ bölgəsində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə də böyük potensial mövcuddur. Digər tərəfdən, Azərbaycan 2030-cu ilədək enerji balansında bərpaolunan enerjinin payını 30 faizə yüksəltməyi hədəfləyir. Bu, ölkəmizdə enerji təhlükəsizliyinin və dayanıqlı iqtisadi inkişafın gücləndirilməsi, habelə ekoloji vəziyyətinin yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətli fakor olaraq dəyərləndirilməkdədir. Ölkəmizin bərpaolunan enerji potensialına dünyanın böyük şirkətləri tərəfindən böyük maraq var. Prezident İlham Əliyevin vurğuladığı kimi, bunu bir neçə amil şərtləndirir: “Hazırda Azərbaycan Energetika Nazirliyi dünyanın bir neçə aparıcı şirkəti ilə müvafiq danışıqlar aparır və yenə də deyirəm, bu, müxtəlif amillərin vəhdətidir. Həm ölkəmizdə sabitlik, əmin-amanlıq, ölkəmizin inkişafı ilə bağlı dünyada çox müsbət fikirlər, yəni həqiqəti əks etdirən fikirlər, siyasətimizin proqnozlaşdırılması və eyni zamanda, güclü sənaye potensialı, iqtisadi müstəqillik, enerji təhlükəsizliyinin təmin edilməsi və hazırlıqlı kadr potensialı var. Yəni, bunlar əsas amillərdir. Bu amillər istənilən investor üçün böyük əhəmiyyət kəsb edir”.Daha bir maraqlı və önəmli məqam budur ki, alternativ enerjinin istehsalı artırılmaqla Azərbaycan təbii qaz sərfiyyatını azalda bilər. Belə ki, enerji mənbələrinin şaxələndirilməsi ilə yanaşı, dünyada enerjiyə tələbatın ətraf mühitə zərər vurmadan ödənilməsi aktual məsələlərdəndir və bu mənada bərpaolunan enerji mənbələrindən istifadə etməklə atmosferə atılan karbon emissiyalarının azaldılması ekologiyaya əvəzsiz töhfədir. Dövlətimizin başçısı cənab İlham Əliyevin də qeyd etdiyi kimi, qənaət edilən təbii qaz isə həm sənayedə xammal kimi istifadə edilə, həm də ixrac edilərək ölkəyə əlavə valyuta qazandırıla bilər. Digər ifadə ilə desək, qənaət edilən təbii qaz ilə sənayedə əlavə dəyər yaratmaq mümkündür. Alternativ enerji sektoru əmək tutumu yüksək olan sektordur və məşğulluğun artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, Qarabağda bərpaolunan enerji sektorunun inkişafı, regionda yeni iş yerlərinin açılmasına dəyərli töhfə verəcək.Qeyd edək ki, işğaldan azad edilmiş torpaqlarda keçən il “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən quruldu. Cari ildə daha 5 su elektrik stansiyasının inşasının tamamlanması nəzərdə tutulur. Orada da təqribən 25-30 meqavat gücündə stansiyalar olacaq. Azad edilmiş torpaqlarda 9 min meqavatdan çox təsdiq edilmiş enerji potensialı var. Xəzər dənizinin bərpaolunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çox qiymətləndirilir.Bütün bunlar o deməkdir ki, Azərbaycanın bərpaolunan enerji potensialı artır. Bu gün haqqında geniş bəhs olunan, açılması istiqamətində danışıqlar aparılan Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə bağlı öz rolunu oynayacaq.Beləliklə, icra olunan layihələr iqtisadi və geosiyasi əhəmiyyət daşıyır. Azərbaycanın neft, qaz layihələrinin icrası ilə dünyada artan iqtisadi gücü və geopolitik nüfuzu elektrik enerjisi layihələri ilə yeni bir mərhələ qazanır. Bundan başqa, neft və qaz layihələri kimi, elektrik enerjisi layihələri də Azərbaycana ciddi maliyyə qazandıracaq ki, bu siyasətin daha bir müsbət tərəfi də bununla bağlıdır.

Valeh Mikayılov,
YAP Masallı rayon təşkilatının fəal üzvü

Digər xəbərlər