Dünyanın bütün dövlətləri və beynəlxalq təşkilatları ilə bərabərhüququlu və qarşılıqlı münasibətlər qurmaqda maraqlı olduğunu bildirən Azərbaycan Respublikası Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verir. Avropa İttifaqı ilə siyasi, iqtisadi, hüquqi, mədəni və s. sahələrdə olduğu kimi enerji sahəsində də geniş şəkildə əməkdaşlıq edilir. Bu əməkdaşlığa dair ilk Anlaşma hələ 2006-cı ildə imzalanmış, 2011-ci ildə isə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyənnamə qəbul edilmişdir. Artıq iki ilə yaxındır ki, Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir və onun bütün seqmentləri istifadə edilir. 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sayəsində təbii qazımız Avropa qitəsinə çatdırılır. Biz bu əməkdaşlığın müsbət faydasını artıq görürük. Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan Avropa İttifaqının enerji sahəsindəki partnyorları arasında öz etibarlılığı və qətiyyəti ilə seçilir.Cari ildən isə Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqu başlanıb. Azərbaycanda bərpaolunan enerjinin - külək və günəş enerjisinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilir. İlkin hesablamalara görə Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Külək və günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə start verilib. Əlbəttə bərpa olunan enerjinin istehsalı və istifadə edilməsi ölkəmizin qaz ixracı imkanlarını da artıra bilər.Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıqda enerji kimi digər sahələrin də inkişaf etdirilməsinə çalışır. Bir neçə gün öncə tərəflər arasında imzalanan Anlaşma Memorandumu da bu əməkdaşlığın güclənməsinə xidmət edəcək. Azərbaycanın coğrafi mövqeyi və müasir daşımalar infrastrukturu Avropa İttifaqının diqqətini cəlb edir. Azərbaycanın Xəzər dənizində ən iri ticarət donanmasına, gəmiqayırma imkanlarına, yeni dəniz limanına, bizi qonşularımızla birləşdirən dəmir yollarına malik olmasıı böyük önəm daşıyır. Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud ticarət dövriyyəsinin ildən ilə daha da artması əməkdaşlığın növbəti sübutudur.
Cavid İsmayilov
YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi