PDF Oxu

Siyasət

  • 3 961

Zəfər tariximizi yazanlar TƏHLİL

Zəfər tariximizi yazanlar TƏHLİL

Prezident İlham Əliyev: "Hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun"

Vətən müharibəsini qələbə ilə başa vuran Azərbaycan müharibədən sonra hərbi əməliyyatlardan zərər çəkmiş insanlara, xüsusən də şəhid ailələrinə, qazilərə hərtərəfli qayğı və diqqət göstərir. Bu, Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, Vətən müharibəsi zamanı torpaqlarımızın azad olunmasında qəhrəmanlıq göstərmiş şəxslərə və onların ailə üzvlərinə xüsusi diqqət, qayğı ilə yanaşılır, onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və müavinətlərin icrası təmin olunur, bu istiqamətdə yeni sosial dəstək proqramları həyata keçirilir. Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə bu sahədə müxtəlif böyük maliyyə tutumlu proqramlar həyata keçirilir. Dövlətimiz həm I Qarabağ, həm də II Qarabağ müharibəsinin ağır nəticələri ilə üzləşənlərə həssas münasibət göstərmək prinsipini qoruyub saxlayır. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.

"BAKI, SUMQAYIT VƏ ABŞERON RAYONLARINDA ŞƏHİD AİLƏLƏRİNİN EVLƏ TƏMİNATI MƏSƏLƏLƏRİ ARTIQ YEKUNLAŞMAQ ÜZRƏDİR"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən bildirdiyi kimi, şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir: "Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Bilirsiniz ki, mənim şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlərim olub. Onların məişət problemləri dövlət xətti ilə həll olunur, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir."
Ötən dövr ərzində şəhid ailələri və müharibə əlilləri üçün icra olunan ən geniş və mühüm fəaliyyətlərdən olan mənzillə təminat proqramı 5 dəfə genişləndirilib. Şəhid ailələri və müharibə əlillərinə 2021-ci ildə 3000, postmüharibə dövründə 3500 mənzil verilib. Ümumilikdə isə 12 500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. Həmin kateqoriyadan olan şəxslərin mənzillə təminat prosesi davamlı olaraq həyata keçirilir və 2025-ci ilə qədər yekunlaşdırılması üçün dövlət tərəfindən vacib addımlar atılır. Bu il daha 1500 şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi evin verilməsi nəzərdə tutulub.
"SOSİAL ƏDALƏT, BÜTÖVLÜKDƏ ƏDALƏT PRİNSİPLƏRİ CƏMİYYƏTİN ƏSAS PRİNSİPLƏRİNDƏN BİRİDİR"
Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, şəhid ailələrinə dövlətimiz tərəfindən sosial qayğılarının həll edilməsi üçün ardıcıl olaraq zəruri tədbirlər görülür. Ölkəmizdə şəhidlərə və onların ailələrinə, əlillərə olan münasibət dövlətimizin məqsədyönlü, düşünülmüş və ardıcıl siyasətidir. Bu, dövlət başçısının siyasətinin əsasında ölkənin hər bir vətəndaşına münasibətdə ədalət və humanizm prinsipləri dayandığını bir daha təsdiqləyir. Dövlət başçısı yeni təyin olunan icra başçılarına tapşırıqlarını verərkən bildirib ki, fəaliyyətinizdə sosial ədalət prinsipinə əməl etməlisiniz: "Sosial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir və sağlam cəmiyyətdə ədalət hökm sürür. Biz isə sağlam cəmiyyət qururuq və demək olar ki, bu işdə müvəffəqiyyətlər qazanmışıq. Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri dəstəkləyir, bizim xarici, daxili siyasətimizi dəstəkləyir. Çünki bizim siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib".
"DÖVLƏT ÖZ ÜZƏRİNƏ DÜŞƏN VƏZİFƏNİ İCRA EDİR"
Şəhid ailələri və qazilərə sosial dəstək davam etdirilir. Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə bu sahədə müxtəlif böyük maliyyə tutumlu proqramlar həyata keçirilir. Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam edir. Müharibə əlillərinin avtomobillə təminatı proqramı çərçivəsində 7400 müharibə əlili avtomobillə təmin olunub. Göründüyü kimi, dövlətimiz tərəfindən bu qəbildən olan insanlar təkcə evlə təmin olunmur, eləcə də bu və ya digər sosial addımların atılması da onların təminatına yönəldilib. Vurğulamaq yerinə düşər ki, şəhid ailəsi üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub. Dövlət başçısının 2020-ci ilin dekabrında verdiyi tapşırığına əsasən müharibə əlilləri yüksək texnologiyalı protezlərlə təmin edilməkdədirlər. Ötən dövrdə 324 nəfər müharibə əlili yüksək texnologiyalı 338 ədəd müasir 4-cü nəsil protezlə təmin edilib. Onlardan 124 nəfəri I Qarabağ müharibəsi əlilləri və Vətən müharibəsinə qədərki dövrdə hərbi səbəblərlə əlaqədar əliliyi olan şəxslərdir ki, 128 ədəd müasir potezlə təmin olunublar. "Yəni, dövlət öz üzərinə düşən vəzifəni icra edir. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı ilə maraqlansınlar, onların məşğulluğu ilə maraqlansınlar" - deyə dövlət başçısı bildirib.
Bütün görülən bu və ya digər tədbirlərlə yanaşı, 1400 müharibə əlili 17 min reabilitasiya vasitəsi, 5 min ailə sosial-psixoloji, 1500 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib, 11 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub, vahid əlaqələndirmə mərkəzləri tərəfindən isə 30 min şəxsə xidmətlər göstərilib. Postmüharibə dövründə 450-dən çox şəhid ailəsi və müharibə əlilinə sanatoriya-kurort və müalicə mərkəzlərinə göndəriş verilib, 41 nəfər müharibə əlili peşə reabilitasiyasına cəlb olunub, 60 qazi üçün motivasiya düşərgələri təşkil olunub.
Həyata keçirilən tədbirlər bir daha deməyə əsas verir ki, şəhid ailələrinə və qazilərə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunəsi göstərən vətən oğullarımıza və onların ailələrində dövlət qayğısı və diqqət davamlıdır.
"ÖLDÜ VAR, DÖNDÜ YOXDUR" DEYƏRƏK TORPAQLARIMIZI AZAD ETDİK"
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız Qələbədə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən vətənpərvər oğullara, şəhid ailələrinə dövlətimiz tərəfindən onların sosial qayğılarının həll edilməsi üçün ardıcıl tədbirlər görülür. Onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və müavinətlərin icrası təmin olunur, bu istiqamətdə yeni sosial dəstək proqramları həyata keçirilir. Cənab Prezident "Biz bu Qələbəni onlara - şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxmadan, heç kimdən çəkinmədən, "öldü var, döndü yoxdur" deyərək torpaqlarımızı azad etdik. Bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir."

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər