PDF Oxu

Siyasət

  • 5 224

Turizm imkanlarına malik bölgələrimiz TƏHLİL

Turizm imkanlarına malik bölgələrimiz TƏHLİL

Prezident İlham Əliyev: "Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir"

Azərbaycanda turizmin maddi-texniki bazasının möhkəmləndirilməsi, turizmin inkişafına dair dövlət proqramlarının icrasının məntiqi nəticəsi olaraq Azərbaycan turizm sahəsində böyük uğurlar qazanmışdır. Bu sahədə dövlətin apardığı siyasət turizmin inkişafına güclü təkandır və Azərbaycanda turizm sektoru sürətlə inkişaf etməkdədir. İnşa olunan otellər, yüksək standartlara uyğun xidmətin göstərilməsi diqqətdədir. Bu baxımdan turizm-ekskursiya işinin təşkilində bələdçilərin, bələdçi-tərcüməçilərin rolunu ayrıca qeyd etmək lazımdır. Azərbaycanda turizm imkanlarının genişləndirilməsi, yeni turizm marşrutlarının açılması, qış turizminin inkişaf etdirilməsi ölkəmizdə turizmin inkişafı üçün əlverişli şəraitin olduğunu göstərir. Azərbaycanın hər bir guşəsində geniş imkanlar yaradılıb. Ölkəmizin cənub bölgəsinin də əsrarəngiz təbiəti var. Zümrüd meşələri, bulaqları, laləli yamacları, yarpızlı dərələri diqqəti çəkəndir. Buradakı turizm istirahət mərkəzləri olan "Çənlibel", "Təbəssüm", "Meşəbəyi", "Ağgöl", "Qala" və s. istər yayda, istərsə də qışda turistlərin üzünə açıqdır. Lerik ölkəmizdə turizm diyarı, uzunömürlülər məskəni kimi tanınır. Son illər Lerik-Kəlvəz, Noda-Şingədulan-Xanagah, Piran-Hamarat-Vıjaker yollarının istifadəyə verilməsi diyarda yeni turizm mərkəzlərinin açılmasına səbəb olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən bildirdiyi kimi, "Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir və bu rayonların füsunkar təbiəti bizim böyük sərvətimizdir – meşələr, dağlar, bulaqlar, çaylar, şəlalələr".
"MİNLƏRLƏ İNSAN HƏR GÜN, XÜSUSİLƏ YAZ-YAY MÖVSÜMLƏRİNDƏ GÖYGÖL GÖLÜNƏ GƏLİR"
Görüşdə Cənab Prezident bu rayonların sözün əsl mənasında, turizm mərkəzinə çevrilməsinin əsas vəzifələrdən biri olduğunu qeyd edib: "Son illərdə bir çox işlər görülüb. Mən dəfələrlə Göygöl, Lerik və Masallı rayonlarında olarkən, o cümlədən bu məsələ ilə də maraqlanırdım və öz tövsiyələrimi verirdim: "Bilirəm ki, bu rayonlarda müasir istirahət zonaları, otel kompleksləri inşa edilib və əlbəttə ki, bu proses daha geniş vüsət almalıdır. Bir neçə il bundan əvvəl, hətta Vətən müharibəsinə qədər biz Göygöl gölünü də ictimaiyyət üçün açdıq. Mən əvvəlki illərdə, müharibədən əvvəlki illərdə də maraqlanırdım ki, nə üçün Göygöl gölümüzə, bizim təbii sərvətimizə insanların yaxınlaşması, yaxud da ki gəlişi mümkün deyil. Bunu onunla əsaslandırırdılar ki, təmas xəttinə yaxın olan ərazidir. Ondan sonra araşdırmağa başladıq və gördük ki, Göygöl gölü turizm obyekti kimi və bu gölün ekoloji vəziyyəti, ekosistemi qorunmaq şərtilə açıla bilər və bunu da etdik. İndi minlərlə insan hər gün, xüsusilə yaz-yay mövsümlərində Göygöl gölünə gəlir, bu gözəl mənzərəni seyr edir, xüsusilə Vətən müharibəsindən sonra ki, artıq biz düşməni torpaqlarımızdan qovduq".
Vurğulayaq ki, dağ gölü olan Göygöl Azərbaycanın ən gözəl və ecazkar təbii su hövzəsidir. Göygöl Gəncə şəhərindən 25 kilometr cənubda eyniadlı rayonda, Murovdağın şimal ətəklərində dəniz səviyyəsindən 1500 metrdən çox yüksəklikdə yerləşir. Bu göl 1139-cu ildə Gəncə şəhəri yaxınlığında baş vermiş dağıdıcı zəlzələdən sonra Kəpəz dağının dağılan zirvəsinin Ağsu çayının qarşısını kəsməsi nəticəsində yaranıb. Yaranan şəffaf sulu hövzə Göygöl adlandırılıb. Buranın nadir təbiətini, flora və faunasını qorumaq üçün 1965-ci ildə Göygöl Dövlət Təbiət Qoruğu yenidən təşkil edilib. Göygölün şimal sahili və onun ətrafı populyar istirahət zonasıdır. Bu yerlərin havasının tənəffüs yolları və əsəb sistemi xəstəliklərindən əziyyət çəkənlər üçün müalicəvi əhəmiyyəti olduğu hesab edilir. Gölün ətrafında yay mövsümündə turistlərin sevimli məkanı olan, müxtəlif turist bazaları, istirahət evləri, pansionatların olduğu Hacıkənd kurort zonası yerləşir. Bir neçə turist marşrutu da bu yerlərdən keçir.
"GÖYGÖL RAYONUNDAN KƏLBƏCƏR RAYONUNA YOL AÇILIR, TUNEL ÇƏKİLİR"
"Əlbəttə ki, bu gözəl yerin turizm üçün çox böyük əhəmiyyəti var. Eyni zamanda, nəzərə alsaq ki, bu gün Göygöl rayonundan Kəlbəcər rayonuna yol açılır, tunel çəkilir, bu rayonun Kəlbəcər-Laçın zonasının inkişafı ilə bağlı xüsusi rolu vardır" – deyə Prezident bildirib: "Digər rayonlarda da turizm potensialı çox zəngindir. Vaxtilə Lənkəran-Lerik yolu bərbad vəziyyətdə olduğu üçün Lerik rayonuna demək olar ki, turizm axını yox idi. Mənim göstərişimlə yol əsaslı şəkildə təmir olundu, yenidən quruldu. Lerik rayonuna da turizm axını başlamışdır. Bu rayonun da çox böyük tarixi, çox böyük sərvətləri var. Masallı rayonunun da həmçinin. Masallı rayonunun dağlıq hissəsi, düzən hissələri var. Bir daha demək istəyirəm ki, bu rayonların turizm potensialı çox zəngindir".
Etiraf edək ki, turizmin qloballaşması müasir dövrün reallığıdır. Turizmin təşkilinə üstünlük verən ölkələr dünyanı tam şəkildə qəbul edir, onun hər yerində sülhün, əmin-amanlığın qorunmasına çalışırlar. Çünki müharibələr, münaqişələr, terror hadisələri turizmin inkişafına mane olan ən başlıca amillərdir. Bu gün ölkəmizdəki sabitlik, əmin-amanlıq turizmin də inkişafında önəmli faktordur.
Reallıqlar göstərir ki, müasir dövrümüzdə Azərbaycanın turizm ölkəsinə çevrilməsi və dünya arenasında öz sözünü deməsi üçün böyük potensialı vardır. Zəngin təbii sərvətləri, qədim tarixi və memarlıq abidələri, özünəməxsus mentaliteti, əlverişli ictimai coğrafi mövqeyi, eləcə də Xəzərin sahil zonaları turizmin inkişafında xüsusi əhəmiyyət kəsb edir. Təbii ki, turizm insanların səyəhatlərinin təşkilinə, onların mənəvi rahatlığına xidmət etməklə bərabər, maarifləndirmək, dünyagörüşünün inkişafı baxımından da əhəmiyyət kəsb edən bir sahədir.
CARİ İLDƏ 330 MİNDƏN ÇOX TURİST AZƏRBAYCANA SƏFƏR EDİB
Bütün bunlarla yanaşı, turizm milli maraqların və iqtisadi inkişafın əsas istiqamətlərindən biridir. Əlbəttə ki, Azərbaycanda turizmin inkişafı məsələsi təkcə sosial-iqtisadi əhəmiyyət kəsb etmir. Çox mürəkkəb məkanda yerləşən ölkəmizin dünyaya daha real şəkildə təqdim edilməsinə də təsirini göstərir. Bu gün işğaldan azad olunan ərazilərimizdə böyük turizm imkanları var. Kəlbəcərin isti suyu, Şuşanın, Laçının sərin bulaqları və əzəmətli dağları, meşələri. Turizm səfərlərinə gələn xarici ölkə vətəndaşlarına ölkəmizin tarixi və mədəniyyəti, onun mənəvi dəyərləri haqqında geniş məlumatların çatdırılması Azərbaycanın dünya ölkələrinə tanıdılması baxımından diqqətəlayiqdir. Bütün bu reallıqları nəzərə alaraq Azərbaycan turizmi sistemli şəkildə inkişaf etdirilir.
Postpandemiya dövründə bütün dünyada olduğu kimi, Azərbaycanda da turizm sektoru canlanmağa başlayıb. İlin ilk dörd ayının statistikasına əsasən, 2021-ci illə müqayisədə bu il artım var. Yəni, bu il 330 mindən çox xarici ölkə vətəndaşı Azərbaycana gəlib. Bu ilin ilk dörd ayı ərzində ölkəmizə gələnlər arasında Türkiyə vətəndaşları ikinci yerdədir, aprel ayı üzrə isə türkiyəlilər ilk sıradadırlar. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 86 faiz artım deməkdir. Ümumiyyətlə, pandemiyadan əvvəlki və sonrakı rəqəmləri müqayisə etsək, Türkiyədən Azərbaycana səfər edənlərin sayında kifayət qədər artım müşahidə olunur.
Bununla yanaşı, cari ilin ilk dörd ayının statistikasına əsasən, Azərbaycana səfər edən xarici ölkə vətəndaşları arasında ruslar birinci sıradadır. Türkiyə ikinci, İran isə üçüncü yerdədir. Ölkəmizə gələn əcnəbilərə baxdıqda isə ilk onluğa daxil olan ölkələr arasında Gürcüstan, Ukrayna, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Qətər, İsrail, Hindistan və Pakistan da yer alır.
Ölkəmizin ayrı-ayrı bölgələrində nadir memarlıq abidələri vardır. Qobustan qaya təsvirlərini dünya miqyasında görmək istəyən çoxlu insanlar vardır. Qədim insan məskənlərini görmək, onlarla tanış olmaq hamı üçün maraqlıdır. Azərbaycana gələn hər kəs ölkəmizin tarixini, coğrafi mövqeyini görür. Avropa və Asiya qovşağında yerləşən Azərbaycanın iqlimi, rəngarəng təbii-coğrafi quruluşu bütün il boyu xaricdən turist qəbul etmək imkanına malikdir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər