Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyil.
Ümummilli Lider Heydər Əliyev
Azərbaycan dili isə özünün saflığı, ahəngdarlığı, zənginliyi ilə seçilir və sevilir. Dilimiz xalqımızın varlığını və müdrikliyini yaymaq, yaşatmaq, davam etdirmək üçün zəngin bir vasitədir. Azərbaycan xalqı hər zaman böyük sınaqlardan keçərək dilimizi, milliliyimizi, mənəvi dəyərlərimizi qoruyub, hər zaman qorumaqda davam edir. Dahi şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyev dilimizin müqəddəsliyini və böyük sərvət olduğunu hər zaman xatırladaraq vurğulamışdır: "Inkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir". Bəli, varlığımız və sərvətimiz olan dilimizin saflığını hər zaman qorumalı, bu gözəlliyi, zənginliyi saxlamalı və inkişaf etdirməliyik. Azərbaycan dili dərin köklərə malik bir dildir, onun varlığı bu xalqın ululuğunun, müqəddəsliyinin, müdrikliyinin təcəssümüdür, mənəvi varlığımızın və qüdrətimizin bir nişanəsidir. Bu əvəzsiz nemətimizi hər zaman sevməli, nəsildən-nəsilə ərməğan etməliyik. Dilini sevməyən xalqını da sevməz. Dövlət başçılarımız, müdriklərimiz, ziyalılarımız hər zaman ana dilmizin qorunması, sevilməsi üçün mübarizə aparmışlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ana dilimizə olan münasibətini elmi baxış nöqteyi-nəzərindən şərh edərək belə deyir: "Ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlistliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir".Bəli, dilimiz günü-gündən zənginləşir, inkişaf edir və gələcək nəsillərə ərməğan edilir. Dilini, vətənini canı kimi sevən unudulmaz şairimiz Bəxtiyar Vahabzadə " Ana dili" şeirində dediyi kimi dilimiz əcdadlarımızın bizə əvəzsiz mirasıdır:
Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizə əhdi - peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi
Bu dil əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir...onu gözlərimiz tək
Qoruyub nəsillərə biz də hədiyyə verək.
Xoşbəxtik ki, qoruyub nəsillərə ərməğan edəcəyimiz çox böyük xəzinəmiz var, əvəzsiz
milli sərvətimiz, qüdrətimiz olan Azərbaycan dilimiz var!
Mərziyyə Nəcəfova
YAP Yasamal rayon AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu üzrə ərazi partiya təşkilatının sədri