Hər bir ölkənin iqtisadiyyatının inkişafı sahibkarlığın üzərində qurulur. Hansı ölkədə sahibkarlıq inkişaf edirsə, həmin ölkədə rəqabət mühiti yaranır və rəqabət mühiti də, nəticədə insanların ucuz və keyfiyyətli məhsul almasına səbəb olur. Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində xeyli iş görülüb, sahibkarlığa dövlət dəstəyi nəzərəçarpacaq dərəcədə artmaqda davam edir. Sahibkarlıq fəaliyyəti ilə bağlı qəbul edilən yeni qanunlar və normativ-hüquqi sənədlər, maliyyə mənbəyi kimi kreditlərin əlçatan olması, bu sahənin inkişafı üçün geniş imkanlar yaradır. Buna baxmayaraq, Azərbaycanda bəzi iqtisadi göstəricilər üzrə sahibkarlığın payı ölkəmizin sosial-iqtisadi inkişafı üçün yetərli səviyyədə deyildir. Bu da ölkəmizdə sahibkarlıq fəaliyyətinin nəticələrini xarakterizə edən iqtisadi göstəricilərin beynəxalq səviyyədən xeyli aşağı olmasını göstərir. Azərbaycanda sahibkarlığın inkişafının arzuolunan səviyyədə olmamasının müəyyən obyektiv və subyektiv səbəbləri vardır. Bu səbəblərdən ən əsası sahibkarların fəaliyyətinə məmur müdaxilələridir ki, bu da iqtisadi inkişafı əngəlləməklə yanaşı, ölkəmizin investisiya mühitinə mənfi təsir edir.Ümummilli lider Heydər Əliyev ölkəmizin sosial-iqtisadi inkişafını, sahibkarlığın inkişafı ilə əlaqəndirirdi. Ulu Öndərin sahibkarlıq fəaliyyətinə mane olan əngəllərin və əsassız yoxlamaların aradan qaldırılması istiqamətində imzaladığı fərman və sərəncamların sahibkarlığın inkişafında müstəsna əhəmiyyəti olmuşdur.Sahibkarlıəın inkişafı və sahibkarlara diqqət, Cənab Prezident İlham Əliyevin fəaliyyəti dövründə də yüksələn xətlə davam etmişdir. Prezident İlham Əliyevin “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” və ona dəyişikliklər haqqında Fərmanları ölkədə sahibkarlığın inkişafını daha da sürətləndirmək, ona mane olan əsassız müdaxilələrin qarşısını almaq istiqamətində hüquqi bazanı daha da gücləndirdi. Sahibkarlığın inkişafı ilə bağlı görülən işlərə baxmayaraq, bəzi icra orqanlarının qənaətbəxş hesab edilməyən fəaliyyəti, cənab Prezident İlham Əliyevi narahat etməyə bilməz. Yeni təyin edilən icra başçılarını qəbul edən zaman cənab Prezident İlham Əliyev tərəfindən verilən tövsiyələrdə regionların sosial-iqtisadi inkişafı üçün regionun potensialı nəzərə alınmaqla sahibkarlara dəstək verilməsi, şəffaflıq və ən əsası qanunun aliliyinə hörmət edilməsi vurğulanmış, qanunu pozan məmurlara qarşı sərt tədbirlər görüləcəyi bəyan edilmişdir. Bu, eyni zamanda, əsas vəzifəsi xalqa xidmət etmək olan bütün məmurlara bir xəbərdarlıqdır.
Akif Əliyev,
YAP Ağcabədi rayon təşkilatının mühasibi