Siyasət

  • 2 499

ETİMAD - VİCDANLI YANAŞMA TƏLƏB EDİR TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEV: “Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm”

Azərbaycan son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.Belə ki, iyulun 25-də Prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulda dövlət başçısı olduqca mühüm məsələlərə toxunmuş, şəhid ailələri və qazilərimizə göstərilən qayğını ön plana çəkmiş, mühüm tapşırıq və tövsiyələrini vermişdir. Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələr, sadəcə, qəbul etdiyi icra hakimiyyəti başçılarına deyil, bütün məmurlara, vəzifəli şəxslərə aid idi. Dövlət başçısı bütün qəbullarda, görüşlərdə çıxışında dəfələrlə qeyd edib ki, “bütün vəzifəli şəxslər xalqın xidmətçisidir”. Hər bir məmur xalqa xidmət etməlidir, vəzifəsini şərəflə yerinə yetirməlidir. Prezident Cənab İlham Əliyevin qəbulda toxunduğu məsələlərdən, verdiyi ən vacib tapşırıqlardan biri də Şəhid ailələrinə, müharibə əlillərinə xüsusi diqqətin göstərilməsi ilə bağlı oldu. Danılmaz faktdır ki, şəhid ailələrinə, qazilərə dövlətimiz xüsusi diqqət göstərir, onların hər bir problemi qısa zamanda həll edilir. Dövlət başçısı şəhid ailələri, qazilərin bu günə qədər həll edilən məişət problemlərindən söz açdı və bir daha tapşırdı ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin, daim onların yaşayışı ilə maraqlanılsın, onların məşğulluq məsələri diqqətdə saxlasın: “Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Bilirsiniz ki, mənim şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlərim olub. Onların məişət problemləri dövlət xətti ilə həll olunur, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir”. Dövlət başçısı onu da bildirdi ki, bu proses davam etdirilir: “Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. Yəni, dövlət öz üzərinə düşən vəzifəni icra edir. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı ilə maraqlansınlar, onların məşğulluğu ilə maraqlansınlar».
“HƏR BİR DÖVLƏT MƏMURUNUN, NƏİNKİ DÖVLƏT MƏMURUNUN, HƏR BİR İNSANIN BORCUDUR Kİ, ONLARA ARXA, DAYAQ OLSUN”
“Biz bu Qələbəni onlara - şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq»,-deyən dövlət başçısı bildirib ki, əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxmadan, heç kimdən çəkinmədən, “öldü var, döndü yoxdur” deyərək torpaqlarımızı azad etdik: «Bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir”.
DÖVLƏT SİYASƏTİNİN MƏRKƏZİNDƏ VƏTƏNDAŞ RİFAHININ TƏMİNATI PRİNSİPİ DAYANIR
Bəli, dəfələrlə çıxışlarında «Hər bir məmur xalqın xidmətçisidir”, - deyən Prezident İlham Əliyev öz nümunəsində hər zaman xalqa xidmət örnəyi nümayiş etdirib. Dövlət başçısı vəzifəyə təyin etdiyi məmurlara tapşırıq verir ki, insanlarla ünsiyyətdə sadə və səmimi olsunlar, vətəndaşları incitməsinlər, onların haqqını qəsb etməsinlər. Məqsəd və hədəf bəllidir: islahatların dərinləşdirilməsi, idarəetmənin təkmilləşdirilməsi, Azərbaycanın qüdrətinin daha da artırılması. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Son vaxtlar ölkəmizdə gedən çoxşaxəli islahatlar, o cümlədən idarəetmə sahəsində aparılan islahatlar, həmçinin kadr islahatları bütün Azərbaycan ictimaiyyətinə bizim siyasətimizi göstərir, bizim niyyətimizi göstərir”.
12 MİNDƏN ÇOX ŞƏHİD AİLƏSİ VƏ MÜHARİBƏ ƏLİLİ MƏNZİL VƏ YA FƏRDİ EVLƏ TƏMİN EDİLİB
Sosial dövlət olan Azərbaycan hər zaman əhalinin həssas qruplarına, şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğı ilə seçilir. İulun 25-də Prezident İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarının yeni təyin olunmuş icra başçılarını qəbul etdiyi zaman da bu məsələyə diqqət çəkdi və bildirdi ki, İkinci Qarabağ müharibəsindən əvvəl və sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Mütəmadi olaraq şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlər keçirilir, onların məişət problemləri dövlət xətti ilə həll olunur. "Hazırda Bakı, Sumqayıt və Abşeron rayonunda şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir", - deyən Prezident bildirdi ki, digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. Yəni dövlət öz üzərinə düşən vəzifəni icra edir. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir: "Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı ilə maraqlansınlar, onların məşğulluğu ilə maraqlansınlar”.Qeyd edək ki, bəşəriyyəti çətin sınaqla üz-üzə qoyan qlobal böhranla mübarizəyə baxmayaraq, Azərbaycanda bir dənə də olsa sosial layihə təxirə salınmayıb. Bu da bir daha sübut edir ki, dövlət siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanmaqla yanaşı, Prezident İlham Əliyevin sosial sahədə gerçəkləşdirdiyi islahatlar da bir daha təsdiqləyir. Təkcə postmüharibə dövründə reallaşan sosial layihələrə nəzər yetirsək, buna şahidlik edərik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, Prezidentin sosial islahatları çərçivəsində prioritiet məsələ, ilk növbədə, şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təminatı proqramının icrası olub. Ötən il bu kateqoriyadan olanlara 3 min mənzil verilib. Postmüharibə dövründə bu kateqoriyadan olan 45 min şəxsə 50 min növ xidmət göstərilib. Şəhid ailəsi üzvləri olan 7942 şəxsə 15,841 sosial ödəniş, 2515 müharibə iştirakçısına əlillik və sosial ödənişlərin təyinatı həyata keçirilib. Mənzil proqramı 5 dəfə genişləndirilib və 2021-ci ildə bu kateqoriyadan olan şəxslərə 3 min mənzil verilib. 184 hərbçi son nəsil 193 yeni protezlə, 1200 müharibə əlili 13 minə yaxın reablitasiya vasitəsi ilə təmin olunub. 1500-ə yaxın şəhid ailəsi üzvü və müharibə iştirakçısı işlə təmin edilib. Şəhid ailələri üzvləri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkən şəxslər daxil olmaqla 10 minədək şəxsin məşğulluğuna dəstək göstərilib, o cümlədən 6 minədək şəxs özünüməşğulluq proqramına cəlb edilib, 4 minədək şəxs işlə təmin olunub. Bəli, bu gün əminliklə deyə bilərik ki, müharibədən ötən müddət ərzində vətəndaşlarımız dövlətimizlə hər bir məsələdə olduğu kimi, bu məsələdə də həmfikirdir. Ölkəmizin başçısının sözügedən kateqoriyadan olan insanlara yüksək diqqət və qayğısı hər kəsə nümunə olmalıdır. Elə yerli icra hakimiyyəti orqanları, məmurlar da bu məsələdən irəli gələn vəzifə öhdəliklərini vicdanla yerinə yetirməlidirlər. Bu, həm vətəndaşın öz dövlətinə inamının daha da artmasına, həm də ölkədə milli birliyin güclənməsinə xidmət edəcək.
“HEÇ KƏS UNUTMAMALIDIR Kİ, AZAD EDİLMİŞ TORPAQLARIMIZA BAYRAĞIMIZI SANCAN BİZİM QƏHRƏMAN ƏSGƏR VƏ ZABİTLƏRİMİZ OLUB”
Prezident İlham Əliyev çıxışı zamanı onu da bir daha qeyd edib ki, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər: «Heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun».Bəli, dövlət bu katekoriyadan olanların sosial qayğılarının təmin edilməsi üçün dövlət öz gücünü səfərbər edib. Həmçinin müharibə qazilərinin mənzil şəraitinin yaxşılaşdırılması və avtomobillə təminatı hələ də davam etdirilir. Ümumilikdə 2021-2025-ci illərdə 10 minə yaxın mənzil şəhid ailələrinə təhvil veriləcək. Burada Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da fəaliyyətini xüsusilə qiymətləndirmək lazımdır. O, hər zaman Prezidentin yanındadır və Onun ən yaxın silahdaşı kimi məsuliyyətli vəzifəsinin öhdəsindən layiqincə gəlir. Məhz sosial təminat işlərində Prezidentin siyasətinin uğurla həyata keçirilməsində ona xüsusi dəstəyini göstərir. Heydər Əliyev Fondu davamlı olaraq həm şəhid ailələri və qazilərə, həm də müxtəlif sosial qruplara mənsub səhhətlərində problem olan uşaqların və yaşlıların müalicəsi üçün lazımi dəstəyi verir. Həmçinin Fond Azərbaycanda müalicəsi çətin olan xəstəliklərdən əziyyət çəkən qaziləri Türkiyəyə yollayır, onların sağlamlıqları üçün lazım olan hər şeyi edir. Bəli, bu gün tələb olunan ancaq bu imkanlardan düzgün, səmərəli, ağıllı istifadə, ölkə rəhbərinin etimadına vicdanla yanaşmadır. Və məmurlar da yeni reallıqlara uyğun işləməlidir. Çünki bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun, ölkə rəhbərinin etimadına vicdanla yanaşmalıdır.Bir sözlə, hər bir dövlət məmuru vətənpərvər olmalı, üzərinə düşən vəzifəni vicdanla, şərəflə yerinə yetirməli, vətənə və xalqa sədaqətlə xidmət göstərməlidir. Bu, vətənini, xalqını, dövlətini, öz liderini sevən hər bir vicdanlı azərbaycanlının vətəndaşlıq borcudur. Dövlət başçısının söylədiyi kimi, “Heç kim qanundan üstün deyil!”.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər