Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sosial-iqtisadi inkişaf parametrlərinə görə, dünyada analoqu olmayan uğurlara imza atıb. Ölkədə cəmiyyət həyatının bütün sahələri yenilənib və müasirləşib, əhalinin rifah halı müqayisəolunmaz dərəcədə yaxşılaşıb, sabitlik və təhlükəsizlik mühiti tam təmin edilib, respublikanın beynəlxalq nüfuzu artıb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yaranan yeni çağırışlara uyğun olaraq həyata keçirilən islahatlar böyük aktuallıq kəsb edir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası uğurla həllini tapıb. Cənab Prezident İlham Əliyevin 2019-cu ilin yanvar ayının 29-da "Azərbaycan Respublikasının regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nı təsdiq etməsi inkişafın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının təzahürüdür. Cari ilin 25 iyul tarixində Cənab Prezident İlham Əliyevin Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı çıxışında son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işlərin görüldüyünü, böyük infrastruktur layihələrin icra edildiyini və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsinin aradan qaldırıldığını bildirib: "Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildi". Reallaşan tədbirlər regionların sosial-iqtisadi inkişafına öz müsbət təsirini göstərmişdir.
Cənab Prezident çıxışında idarəetmə sistemində rayonların icra başçılarının fəaliyyəti, görməli olacaqları işlərə diqqət çəkərək tapşırıq və tövsiyələrini vermişdir. "Bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu, onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar", - deyə Cənab Prezident bildirib. Son illərdə dövlət idarəetmə sistemində həyata keçirilən struktur islahatları çərçivəsində müasir düşüncəli, milli maraqları əsas tutan kadrlara yüksək etimad göstərilir. Dövlət başçısının kadr islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşmanı təmin etməkdir. Ölkəmizdə Cənab Prezidentin rəhbərliyi ilə kadr və struktur islahatları ilə daha çevik, operativ idarəçilik mexanizmi formalaşır. "Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz" – deyə bildirən Cənab Prezident onu da diqqətə çatdırıb ki, elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır: "Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq".
Əlbəttə ki, bütün görülən işlərdə sosial ədalət prinsipinin qorunub saxlanılması əsas şərtlərdəndir. "Sosial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir və sağlam cəmiyyətdə ədalət hökm sürür "- deyə Cənab Prezident bildirib.
Bütün məmurlar daim vətəndaşın yanında olmalı və onlara xidmət etməlidir. Cənab Prezidentin "İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qursun və dövlətimizin əsaslarını sarsıtsın", deməsi bütün məmurlara ötürülən bir mesajdır.
Dövlət başçısı çıxışında onu da bildirib ki, hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq: "Bax, dövlətin siyasəti bundan ibarətdir…Mən hesab edirəm ki, son vaxtlar ölkəmizdə gedən çoxşaxəli islahatlar, o cümlədən idarəetmə sahəsində aparılan islahatlar, həmçinin kadr islahatları bütün Azərbaycan ictimaiyyətinə bizim siyasətimizi göstərir, bizim niyyətimizi göstərir".
Son 19 il ərzində dövlət başçısının uğurlu daxili və xarici siyasəti, müasir yanaşmalar, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrində yeni nailiyyətlərin qazanılmasına səbəb olub. Dövlət başçısının həyata keçirdiyi güclü ordu strategiyasının məntiqi nəticəsi olaraq, Azərbaycan Ordusu hərb tarixində yeni səhifə olan 44 günlük Vətən müharibəsində Azərbaycanın gücünü dünyaya göstərə bildi. Əlbəttə ki, hərb meydanında sözünü deyən Azərbaycan işğaldan azad olan torpaqlarımızın abadlaşması, yenidənqurulması istiqamətində genişmiqyaslı layihələri reallaşdırır. Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan ərazilərə etdiyi səfərlər zamanı həmin yerlərdən verdiyi mesajlar, açılışı olan obyektlər, yaradılan infrastruktur layihələri bir daha deməyə əsas verir ki, ölkəmizin iqtisadi gücü, dövlət başçısının müdik siyasəti nəticəsində bu ərazilərdə bərpa-quruculuq işləri geniş vüsət alıb. "Azərbaycanın çox böyük perspektivləri var, çox böyük potensialı var, xüsusilə İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdən sonra ki, biz bu ədalətsizliyə də son qoyduq, öz gücümüzlə tarixi ədaləti bərpa etdik... Bütün imkanlar var – təbii sərvətlərimiz, coğrafi yerləşməyimiz, beynəlxalq nüfuz, infrastruktur layihələri. İndi hər şey göz qabağındadır. Azərbaycan necə sürətlə inkişaf edir, xüsusilə indiki şəraitdə ki, həm dünyada iqtisadi böhran hökm sürür, həm digər narahatedici məsələlər göz qabağındadır. İndi belə olan halda, hansısa dövlət məmuru əgər öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq".
Əvəz Qocayev,
YAP Nəsimi rayon təşkilatinin ərazi partiya təşkilatının sədri, AAYDA İdarə Heyətinin sədr müavini