Siyasət

  • 2 764

Ölkəmizin tərəqqisi naminə

image

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən son 19 ildə uğurla davam etdirilməsi ölkəmizdə dinamik iqtisadi inkişafı və etibarlı siyasi sabitliyi təmin edib. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” xüsusi əhəmiyyət kəsb edən tarixi sənəddir. Birmənalı olaraq demək lazımdır ki, regional inkişaf proqramlarının effektiv şəkildə həyata keçirilməsi baxımından dövlət başçısının mütəmadi olaraq ölkənin rayon və bölgələrinə etdiyi səfərlər böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin regionlara etdiyi hər belə səfəri neçə-neçə istehsal müəssisələrinin, yol, körpü və tunellərin, elektrik təchizatı obyektlərinin, su təchizatı layihələrinin, idman, səhiyyə və təhsil müəssisələrinin açılış təqdimat mərasimləri ilə müşayiət olunur. Əminliklə demək olar ki, xüsusilə son illərdə ölkənin bütün rayonlarında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülüb, böyük infrastruktur layihələri icra edilib.

Prezident İlham Əliyev dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi məsələsini hər zaman diqqət mərkəzində saxlayır, dövlət idarəetmə sistemində davamlı islahatlar həyata keçirir. Masallı, Lerik və Göygöl rayonlarının icra hakimiyyətinin yeni başçılarının təyin olunması ilə əlaqədar qəbulda ölkə başçısının çıxışı məhz bu reallığı təsdiqlədi. İdarəetmədə çox ciddi islahatlar aparıldığını, çox böyük təmizləmə işləri getdiyini diqqətə çatdıran Prezident bəzi dövlət məmurlarını, yerli icra orqanlarını, qanunsuz işlərə təhrik edən insanların hakimiyyətdən uzaqlaşdırıldığını da bildirərək qeyd etdi ki, hakimiyyət təmizlənir və insanlar bunu görürlər. Ölkəmiz Vətən müharibəsində qazandığı Şanlı Zəfərdən sonra həyatın hər bir sahəsində yeni mərhələyə qədəm qoyub. Odur ki, cəmiyyətimiz üçün yeni tələblər yaranıb. Prezident məmurların yeni dövrün, yeni reallıqların tələblərinə uyğun səmərəli fəaliyyət göstərmələri üçün növbəti çağırış və xəbərdarlıq etdi. Prezident bildirdi ki, bizim siyasətimiz Azərbaycan xalqının rifah halının daha da yaxşılaşmasına nail olmaqdır. Apardığımız uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan həm hərbi, həm də diplomatik müstəvidə misilsiz qələbələr qazanaraq Ermənistanın işğalçılıq siyasətinə son qoydu, əzəli torpaqlarımızı işğaldan azad etdi, bununla da tarixi ədalət, milli ləyaqət bərpa olundu.
Ölkə başçısı şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına xüsusi diqqət və qayğı göstərilməsi barədə də öz mühüm tapşırıqlarını verdi. Xüsusi vurğuladı ki, mən dövlət başçısı kimi onların problemlərini həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da eyni hərəkətlər etməlidir. Ümumiyyətlə, ölkəmizin və xalqımızın tərəqqisi naminə yorulmadan çalışan Prezident cənab İlham Əliyevin əsas amalı odur ki, cəmiyyətimizdə heç bir ədalətsizlik, heç bir narahatedici problem olmasın, ləyaqətlə yaşayan müzəffər xalqımız bundan sonra da əmin-amanlıq şəraitində yaşasın. Ona görə də Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində yaranan şəraitdən hər bir məmur, hər bir iş adamı uğurla istifadə edərək vətənimizin daha da çiçəklənməsi üçün əlindən gələni etməlidir.

Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri

Digər xəbərlər