“Son dövrlər Azərbaycan və Ermənistan arasında gərginlik yaşanır. Bütün dünyada dondurulmuş münaqişələrin canlanması, eskalasiya hallarının güclənməsi və mübahisələrin konfrantasiya halına keçməsi fonunda Azərbaycan və Ermənistan arasında yeni gərginliyin yaranması xoşagəlməz hal kimi qiymətləndirilir və təhlükəsizlik amilinə böyük diqqət ayrılmasını tələb edir”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, Azərbaycan Ermənistan sərhədində, eləcə də Azərbaycan ərazisinə müvəqqəti olaraq yerləşdirilmiş sülhməramlıların olduğu zonadan təhlükəsizliyin pozulması halları müşahidə olunur, bölmələrimiz atəşə məruz qalır və atəşkəs rejimi Ermənistan tərəfindən pozulur: “Bu xüsusda sülhməramlıların da üzərinə böyük vəzifə düşür. 2020-ci ilin 10 noyabr tarixində Azərbaycan ərazisində yerləşdirilən sülhməramlılarla paralel olaraq Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri regionu tərk etməli idilər. Üçtərəfli birgə bəyanatın imzalanmasından il yarım vaxt keçməsinə baxmayaraq, hələ də Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri regionu tərk etməyiblər və üçtərəfli birgə bəyanatın 4-cü maddəsi icra olunmamış qalır. Sülhməramlılar bu işdə fəal iştirak edə bilərlər. Lakin biz bir sıra neqativ halları da görürük. Separatçılar səngər qazırlar, mühəndis istehkam qrupları inşa edirlər və bütün bu proseslərdə sülhməramlıların gözü qarşısında baş verir. Bu, tamamilə qəbul olunan bir hal deyil və sülhməramlıların fəaliyyətinə kölgə salır”.
İ.Hüseynov onu da bildirdi ki, Azərbaycan tərəfi dəfələrlə sülhməramlıların mandatının müəyyən edilməsi ilə bağlı çağırışlarla çıxış etsə də, bu çağırışlara ya cavab verilməyib, ya da bizi qane etməyən hər hansısa açıqlamalar müşahidə olunub: “Azərbaycan öz milli maraqlarından çıxış edərək xalqın iradəsini ifadə edərək regional təhlükəsizlik tədbirlərinin həyata keçirilməsində maraqlıdır. Azərbaycanla Rusiya arasında keçirilmiş birbaşa dialoq sayəsində təhlükəsizlik amili gücləndirilməlidir və Rusiya ilə mehriban qonşuluq siyasətinin eləcə də müttəfiqlik qarşılıq fəaliyyəti haqqında bəyannamənin tələblərindən irəli gələrək sülhməramlıların fəaliyyəti tənzimlənməlidir və bu sahəyə böyük diqqət ayrılmalıdır. Çünki hər hansısa hərbi siyasi təxribatın baş verməsi genişmiqyaslı eskalasiya ilə nəticələnə bilər və burada bütün məsuliyyət Ermənistanın hərbi siyasi rəhbərliyinin üzərinə düşəcəkdir. Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsi, eləcə də müharibədən sonrakı dövrdə baş verən uğurlu əməliyyatlar və sonuncu “Qisas” antiterror əməliyyatı onu deməyə əsas verir ki, Azərbaycanın dünya standartlarına cavab verən peşəkar müasir silahlarla silahlanmış ordusu vardır. Bir sözlə, ordumuz istənilən çətin tapşırığın öhdəsindən gəlməyə layiqdir. Ona görə də, arzu olunandır ki, bütün məsələlər diplomatik-siyasi yollarla, dinc vasitələrlə öz həllini tapsın və beynəlxalq hüquqdan irəli gələn vəzifələri sülhməramlılar həyata keçirsinlər. Əks halda, hər hansısa neqativ tendensiya baş verəcəksə, bu, təhlükəsizlik aktekturasına mənfi təsir göstərəcək və bununla da genişmiqyaslı müharibə baş verə bilər. Bu halların baş verməməsi üçün sülhməramlılar da öz məsuliyyətini anlamalı və neqativ halların qarşısını qətiyyətlə almalıdır”.