Siyasət

  • 2 226

Ermənistan qanun qarşısında cavab verəcək

image

Prezident İlham Əliyev bölgələrimizin inkişafına böyük diqqət ayırır. Ölkə başçısı mütəmadi olaraq bölgələrimizə səfərlər edir və bu səfərlər zamanı bir çox sosial obyektlərin və yeni yaradılmış müəssisələrin açılışında iştirak edir. Son illər respublikamızın bütün rayonlarında böyük quruculuq və abadlıq işləri aparılır. İnsanlarımızın həyat səviyyəsinin yüksəldilməsi istiqamətində rayonlarımızda böyük infrastruktur layihələr həyata keçirilir. Bu gün ölkəmizin bütün şəhər və kəndləri elektrik enerjisi ilə tam təmin olunub. Qazlaşdırmanın yüz faizə çatdırılması istiqamətində böyük işlər aparılır.

Prezident İlham Əliyev xalqımıza məxsus tarixi, mədəni, dini abidələrimizin qorunmasına və bərpa olunmasına xüsusi diqqət və qayğı göstərir. Ölkə başçısının tapşırığı və göstərişinə əsasən Azərbaycan tarixini, mədəniyyətini və dinini özündə əks etdirən onlarla abidələrimiz restavrasiya olunub. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyi və əməyi nəticəsində bir sıra tarixi abidələrimiz dünyanın qeyri-maddi mədəni irs siyahısına salınıb.
Azərbaycanın Qobustan rayonunun ərazisində yerləşən və 500 ildən çox yaşı olan “Diri Baba” türbəsi Prezident İlham Əliyevin göstərişinə əsasən bərpa və konservasiya olunub. Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın "Diri Baba" türbəsini ziyarət etmələri sübut edir ki, ölkə başçısı xalqımıza məxsus müqəddəs yerlərə böyük ehtiram göstərir.
Azərbaycanda insanların məskən saldığı çox sayda qədim yaşayış məntəqələri mövcuddur. Bu yaşayış məntəqələrindən biri də öz qədimliyini bu gün də qoruyub saxlayan İsmayıllı rayonunun Basqal kəndidir. Səfər çərçivəsində Prezident İlham Əliyev və Mehriban xanım Basqal kəndində oldular və ölkə başçımız burada 300 nəfərə gədər işçi çalışacaq otelin açılışını etdi. Basqal kəndində Prezident İlham Əliyev ölkədəki ictimai-siyasi, eləcə də Azərbaycanla Ermənistan arasında mövcud vəziyyət barədə Azərbaycan televiziyasına müsahibə verdi.
Azərbaycan əhalisinin daimi iş yerləri ilə təmin edilməsi məqsədilə dövlət tərəfindən yeni müəssisələr yaradılır. Bu gün bir sıra rayonlarımızda böyük aqroparklar yaradılır. Bu aqroparklarda yüzlərlə kənd əhalisi daimi iş yerləri ilə təmin ediliblər. Özəl sektora dövlət tərəfindən hərtərəfli köməklik göstərilir. Bunun nəticəsidir ki, Azərbaycanda fəaliyyət göstərən özəl şirkətlər tərəfindən yeni müəssisələr yaradılır və əhalinin məşğulluq problemləri aradan qaldırılır.
Bu gün bütün dünyanı narahat edən ən böyük problemlərdən biri ərzaq təhlükəsizliyi məsələsidir. Prezident İlham Əliyev tərəfindən ötən illərdə ərzaq təhlükəsizliyi ilə əlaqədar qəbul edilmiş iqtisadi layihələrin uğurlu icrası bu gün öz töhfəsini verməkdədir. Azərbaycan özünü ət məhsulları ilə 90%, süd məhsulları ilə 85% səviyyəsində təmin edir. Azərbaycan dövləti yaxın illərdə bu rəqəmi 100%-ə çatdırılması istiqamətində böyük işlər həyata keçirir. Yaxın 3-4 il ərzində Azərbaycan ərzaqlıq buğdaya olan tələbatının 80%-ni özü təmin edəcək. İşğaldan azad edilmiş torpaqlarımızda 100 min hektara qədər münbit torpaq artıq əkilib becərilməkdədir. Yaxın illərdə işğaldan azad edilmiş ərazilərimizin bütün torpaqlarının əkilib, becərilməsi sayəsində ölkəmizin ərzaq təhlükəsizliyinə böyük töhfə veriləcək.
Prezident İlham Əliyevin ermənilərin Qarabağda törətdiyi son təxribata cavab olaraq Azərbaycanın həyata keçirdiyi “Qisas” anti-terror əməliyyatı barədə səsləndirdiyi fikirlər Ermənistan rəhbərliyi və Qarabağdakı separatçılara ciddi xəbərdarlıq mesajı idi. Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən erməni təxribatı onlara baha başa gəldi. “Qisas” əməliyyatı nəticəsində erməni separatçılarına ciddi zərbələr endirildi. Ermənilər başa düşməlidirlər ki, onlar gələcəkdə Azərbaycana qarşı hər hansı təxribata əl atarlarsa Azərbaycan tərəfindən cavab çox sərt olacaq. Ölkə başçısının da vurğuladığı kimi heç bir qüvvə Azərbaycanı dayandıra bilməyəcək. II Qarabağ müharibəsində Ermənistan Azərbaycanın gücünü gördü və bundan dərs almalıdır. Bu günə qədər Ermənistan 10 noyabr 2020-ci il Bəyannaməsində öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Qarabağda hələ də erməni silahlıları qalmaqdadır. Halbuki Bəyannamədə göstərilir ki, Qarabağ və Şərqi Zəngəzurdan bütün erməni silahlıları çıxarılmalıdır. Ermənistan məğlub dövlət kimi kapitulyasiya aktına imza atıb və silahlı birləşmələrini Qarabağdan çıxarmaları ilə bağlı öz üzərinə öhdəlik götürüb. Ermənilər anlamalıdırlar ki, Azərbaycan bir nəfər də erməni silahlısının Qarabağda qalmasına yol verməyəcək.
Üçtərəfli Bəyannaməyə əsasən mövcud olan Laçın koridoruna alternativ yol çəkilməlidir. Çünki Qarabağdan Ermənistana gedən yol Laçın şəhərinin mərkəzindən eləcə də Zabuğ və Sus kəndlərindən keçirdi. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və müdrik siyasəti nəticəsində Bəyannaməyə Qarabağdan Ermənistana çəkiləcək yolun başqa ərazidən keçməsi barədə bənd əlavə edildi. Artıq Azərbaycan tərəfi öz ərazisindən keçən yolun tikintisini başa çatdırıb. Ermənilərə avqust ayının sonuna gədər Laçın şəhərini, Zabuğ və Sus kəndlərini boşaltmaları üçün onlara vaxt verilib. Nə Laçın şəhərində, nə də kəndlərində heç vaxt ermənilər yaşamayıb. 90-cı illərin əvvəllərində Ermənistandan və başqa dövlətlərdən burada ermənilər məskunlaşdırılıb. Bu da hərbi cinayət sayılır. Ermənistan Azərbaycana qarşı törətdiyi bütün hərbi cinayətlərə görə qanun qarşısında cavab verəcək.
Azərbaycan üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Ermənistan tərəfi isə təxribat törətməklə vaxt uzatmaq niyyətindədir. Vaxt uzatmaqla ermənilər heç nəyə nail ola bilməyəcək, əksinə özlərini daha pis duruma aparıb çıxaracaqlar.
Prezident İlham Əliyev ermənilərə və onların havadarlarına bir daha xəbərdarlıq etdi ki, Qarabağın statusu barədə heç bir söhbət gedə bilməz. Qarabağa heç vaxt nə muxtariyyət, nə də hər hansı status verilməyəcək. Ölkə başçısı ermənilərə və bütün dünyaya dəfələrlə çatdırıb ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Ermənilər də Azərbaycanda yaşayan digər xalqlarla eyni hüquqlara malikdirlər. Hər bir Azərbaycan vətəndaşı Azərbaycanın qanunlarına necə tabedirsə, ermənilər də o cür tabe olmalıdırlar. Azərbaycanda erməni əsilli vətəndaşlara heç vaxt və heç zaman xüsusi status verilməyəcək.

Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor

Digər xəbərlər