Siyasət

  • 2 059

Bölgələrimizin sosial-iqtisadi inkişafı daim diqqət mərkəzindədir

image

Azərbaycanda regionların inkişafı hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, investorların regionlara cəlb olunması, yeni iş yerlərinin açılması, əhalinin həyat tərzinin yaxşılaşdırılması ölkəmizdə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu təsdiq edən ən mühüm amillərdir. Bölgələrimizin sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin regionlara hər bir səfəri yeni müəssisələrin istifadəyə verilməsi və ya təməlinin qoyulması ilə əlamətdar olub. Bu səfərlərin nəticəsi kimi ayrı-ayrı bölgələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə imzalanan sərəncamlar regionların sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı olur. Həmçinin, xüsusi olaraq, vurğulamaq lazımdır ki, son illər ərzində ölkəmizin sosial-iqtisadi inkişaf istiqamətində böyük məsafələr qət edən, xalqa verdiyi vədi yerinə yetirən ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar, mühüm infrastruktur layihələrin uğurla reallaşdırılması regionlarımızın sosial-iqtisadi mənzərəsini xeyli dərəcədə dəyişib, davamlı yüksəliş üçün möhkəm əsas yaradıb. Prezident İlham Əliyevin bölgələrə ardıcıl səfərləri həm ölkənin hərtərəfli inkişafına, həm də xalqın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlardır.12 avqust 2022-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Qobustan, İsmayıllı, Ağsu rayonlarına səfəri həm siyasi, həm də iqtisadi baxımdan böyük önəm kəsb etmiş oldu. Səfər çərçivəsində ölkə başçısı Qobustan rayonunda “Diri Baba” türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış olub. İsmayıllı rayonunda “Basqal Resort & Spa” otelinin açılışında iştirak edib. İsmayıllı rayonunda “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olub. Ağsu şəhərindəki Bayraq meydanında Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib. “Ağsu Aqropark” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanış olub. Qeyd edək ki, Ağsu və İsmayıllıda dövlət proqramı ilə icrası nəzərdə tutulan infrastruktur layihələrinin əsas hissəsi başa çatmışdır. İstər qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilib. Ağsu və İsmayıllı şəhərlərinin hər birində 160 çarpayılıq yeni xəstəxana tikilib, 100-ə yaxın məktəb inşa edilib, ya da əsaslı şəkildə təmir olunub. Həmçinin bu rayonlarda yeni iş yerlərinin yaradılması istiqamətində də mühüm addımlar atılıb.Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bir sıra əhəmiyyətli məqamlara toxundu, Ermənistan rəhbərliyinə, regionda gedən proseslərə müdaxilə etmək istəyən qüvvələrə mühüm mesajlar verdi, sülh və təhlükəsizliklə bağlı Azərbaycanın qətiyyətli mövqeyini növbəti dəfə diqqətə çatdırdı. II Qarabağ müharibəsindən sonra Azərbaycan regionda yeni reallıq yaradıb. Qarabağ münaqişəsi artıq yoxdur. Prezident İlham Əliyev bir daha Ermənistanı yeni reallıqları qəbul etməyə və hərbi təxribatlara son qoymağa çağırıb, əks halda Azərbaycan öz gücünü yenidən göstərə bilər. Dövlət başçımız vurğulayıb: “Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik. Sadəcə olaraq, “Qisas” əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik”.Prezident İlham Əliyev müsahibəsində səsləndirdiyi mühüm bəyanatlardan biridə Laçın şəhəri, Zabux və Sus kəndləri ilə bağlı idi: “Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir”.Müsahibədə diqqət çəkən ən mühüm məqamlardan biri Qarabağda yaşayan ermənilərlə bağlı idi. Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir, əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Dövlətimizin başçısı bunun səbəbini də açıqladı ki, Qarabağda yaşayan ermənilər Ermənistan hakimiyyətinin onların nə təhlükəsizlik, nə iqtisadi, nə maliyyə, nə başqa heç bir problemini həll etmək iqtidarında olmadığını açıq-aydın gördülər.Azərbaycan Televiziyasına müsahibəsində görülən və görüləcək işlərə bir daha diqqət yetirən dövlət başçımız bir daha gələcəyə nikbinliklə baxdığını ifadə etdi: “Bir daha demək istəyirəm, biz istədiyimizə həmişə nail oluruq. İstədiyimiz də odur ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibə olmasın, Azərbaycan uğurla inkişaf etsin, xalqımız yaxşı, firavan yaşasın”.

Pərvin Kərimzadə
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Digər xəbərlər