PREZİDENT İLHAM ƏLİYEV: “İqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər”
Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 11 aprel tarixli andiçmə mərasimindəki çıxışı zamanı bildirmişdir ki, gələcəyə baxmalıyıq: «Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”. Bəli, geridə qoyduğumuz 4 il ərzində Azərbaycan çox böyük uğurlar əldə etdi. Sözsüz ki, ən əsası ölkəmizin ərazi bütövlüyü bərpa olundu. 30 il ərzində işğal altında olan torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən tapdağından azad olundu. Bu gün işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Böyük qayıdış prosesinin başlanması üçün ciddi addımlar atılır. Azərbaycan xalqı daha inamla irəliyə baxır, bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq. Bütün bunlara isə güclü iqtisadiyyatımızla nail olmuşuq.
AZƏRBAYCAN DÜNYADA ƏN ÇOX İSLAHAT APARAN 10 ÖLKƏDƏN BİRİ KİMİ TANINIB
«Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər»,- deyən Prezident İlham Əliyev ardıcıl olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış edir. 2003-2018-ci illər tariximizə böyük iqtisadi yüksəliş dövrü kimi daxil olub. Bu dövr ərzində ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri isə 13,5 dəfə artıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixrac isə altı dəfə artmışdır. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artıb, maliyyə imkanlarımız xeyli yaxşılaşıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub, əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. Bu dövrdə 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enib, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub.2003-2018-ci illərdə əmək haqları təxminən 7 dəfə, pensiyalar isə 10 dəfədən çox artıb. Sosial infrastruktur inkişaf etdirilib, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Regionlarda 43 olimpiya idman mərkəzi yaradılıb. 2003-2018-ci illərdə Azərbaycan qlobal rəqabətlilik indeksinə görə dünyada öz mövqeyini xeyli möhkəmləndirib. Davosda keçirilən Dünya İqtisadi Forumunun 2017-2018-ci illər üzrə Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan 35-ci yeri tutaraq MDB məkanında liderliyini qoruyub saxlayıb. Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınıb. Həmçinin, ölkəmiz innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olub. Ölkə ərazisində internetin tətbiqi genişləndirilib və internet istifadəçiləri əhalinin 78 faizini təşkil edib. Bütün bunlar isə, ölkədə aparılan uğurlu islahatların aparılmasıdır.
İSLAHATLARIN ƏSAS HƏDƏFİ AZƏRBAYCANI MÜASİR, İNKİŞAF EDƏN VƏ GƏLƏCƏKDƏ İNKİŞAF ETMİŞ ÖLKƏYƏ ÇEVİRMƏKDİR
2019-cu il isə ölkə tarixinə isə islahatlar ili kimi düşdü. Azərbaycan indi iqtisadi inkişaf, ciddi islahatlar yolundadır. «İslahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır. Biz bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparırıq, həm beynəlxalq mövqelərimizi möhkəmləndiririk, həm də regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış edirik» - deyən ölkə başçısı çıxışlarında Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu vurğulayır, qeyd edir ki, “Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”. Məhz bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik olan bir ölkəyə çevrilib.
İLK YARIMİLİN YEKUNLARI BİR DAHA GÖSTƏRDİ Kİ, AZƏRBAYCAN SÜRƏTLİ İNKİŞAF YOLUNDADIR VƏ YENİ ZİRVƏLƏRƏ DOĞRU İNAMLA İRƏLİLƏYİR
Qlobal iqtisadiyyatda baş verən mənfi meyillərə baxmayaraq, ilk yarımilin yekunları bir daha göstərdi ki, azərbaycan sürətli inkişaf yolundadır. Belə ki, qeyri-neft-qaz sektorunun prioritet sahələri arasında əlavə dəyər qeyri-neft-qaz sənayesində 11 faiz, o cümlədən qeyri-neft-qaz emalı sənayesində 15 faiz, nəqliyyat sektorunda 27 faiz, turizm və ictimai iaşədə 86 faiz, informasiya və rabitə sektorunda 14 faiz artıb. Ölkə rəhbəri çıxışında iqtisadi gücün təkcə neftin qiymətinin artırılması ilə bağlı olmadığını, bunun həm də həyata keçirilən çoxşaxəli islahatların nəticəsində əldə edildiyini vurğulayıb. Məsələn, vergi-gömrük sahələrdə aparılan yenilənmələr dayanıqlı iqtisadi inkişafın sürətləndirilməsinə və bunun nəticəsində maliyyə imkanlarının genişlənməsinə müsbət təsir göstərib. Bu isə, öz növbəsində, sosial sahədə dövlət siyasətinin daha uğurla reallaşdırılmasını təmin edib. Bütün bunlarla bağlı ölkə rəhbəri deyib: “İqtisadi sahədə aparılan islahatlar imkan verdi ki, 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı. Nə üçün? Çünki şəffaflıq var, dürüstlük var, hesabatlılıq var. Biznes dairələrinə bir neçə il bundan əvvəl möhlət verilmişdi ki, onlar da normal relslərə keçsinlər, daha o kölgə iqtisadiyyatından əl çəksinlər. Onlara himayədarlıq edənlərə də, necə deyərlər, dərs verildi. Ona görə 6 ayda 2 milyard manat əlavə ancaq vergi orqanları yığıb və biz bundan istifadə edirik. İlin sonuna hələ təxminən 6 ay var. Budur, bizim maliyyə-iqtisadi imkanlarımızın əsas faktoru”. Cənab Prezident müşavirədə ölkəmizin xarici dövlət borcu ilə bağlı mövcud vəziyyətinə də diqqət yetirərək deyib: “Mən bir neçə il bundan əvvəl vəzifə qoymuşdum ki, xarici borcumuzu ümumi daxili məhsulun 10 faizinə endirək. Bu il iyulun 1-də mənə verilən rəqəmlərə görə, xarici borc ümumi daxili məhsulun 10,7 faizini təşkil edir. Nə üçün? Birinci növbədə, kreditlər almırıq və əvvəlcədən alınmış kreditləri qaytarırıq. İkincisi, iqtisadiyyat artıb və ümumi daxili məhsul artdıqca təbii ki, o nisbət də, borcun nisbəti də azalır”. Bəli, bu, ölkəmizdə həyata keçirilən düzgün, uzaqgörən iqtisadi strategiyanın məntiqi nəticəsidir. Dövlət başçısının vurğuladığı kimi, inkişaf etmiş ölkələrin bəzilərində bu məsələdə fərqli mənzərə nəzərə çarpır, xarici borc ümumi daxili məhsulu iki dəfə üstələyir. Xarici borcu ümumi daxili məhsulun 70 faizi olan ölkələr özlərini normal hiss edə bilərlər. Amma bizdə bu, 10 faizdir. Bu, nə deməkdir? Çünki Azərbaycan borcların yığılmasına, gələcək nəsillərin bu borc altında əziyyət çəkməsinə imkan vermir.Eyni zamanda müşavirədə düşməndən təmizlənən torpaqlarda energetika sektorunun yüksək səviyyədə qurulması diqqət mərkəzində saxlanıldığı qeyd olunmuşdur. Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı gələn ilin təkliflərinin də yaxın aylarda ölkə rəhbərinə təqdim ediləcəyi gözlənir. İnfrastruktur, yaşayış binaları, kəndlərin qurulması - bütün bu layihələrin maliyyə təminatının büdcədə ifadə ediləcəyi nəzərdə tutulur. Dövlətimizin başçısı çıxışında Qarabağ və Şərqi Zəngəzurla bağlı görülən işlər arasında ərzaq təhlükəsizliyi məsələlərinə də xüsusi önəm verildiyini bildirib.
REGİONLARIN İNKİŞAFI DÖVLƏT BAŞÇISININ FƏALİYYƏTİNİN PRİORİTETİNİ TƏŞKİL EDİR
Həmçinin, onu da vurğulamaq lazımdır ki, iqtisadi qüdrəti getdikcə artan Azərbaycan qlobal böhranla mübarizə dövründə belə bölgələrin yüksəlişi davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Və regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayan və bu istiqamətdə kompleks tədbirlər həyata keçirən Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrasını mütəmadi olaraq şəxsən yoxlaması və bölgələrin təkmil konsepsiyanın icra vəziyyəti ilə bağlı hər il xüsusi müşavirələr keçirməsi bir daha təsdiq edir ki, regionların inkişafı dövlət başçısının fəaliyyətinin prioritetini təşkil edir. Xüsusilə də, Prezident İlham Əliyev müntəzəm olaraq tez-tez regionlara səfər edərək həm görülən işlərlə yerindəcə maraqlanması, sakinlərlə səmimi görüşlər keçirərək onların problemlərini öyrənməsi dövlət başçısının xalq-iqtidar birliyinin göstəricisidir. Elə bu günlərdə - avqustun 12-də dövlət başçısının və birinci xanım Mehriban Əliyevanın Qobustan-Ağsu-İsmayıllı rayonlarına səfərləri zamanı yeni obyektlərin açılışı və Prezidentin Azərbaycan Televiziyasına müsahibəsində əhalini maraqlandıran məsələlərə aydınlıq gətirməsi də deyilənlərin əyani təsdiqidir. «Mənim bölgələrə səfərlərim müntəzəm xarakter daşıyır, həm vəziyyətlə tanış olmaq, həm də əlavə göstərişlərin verilməsi üçün. Gedən işlərə, bildiyiniz kimi, özüm nəzarət edirəm və son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət almışdır. Bu gün Ağsu, İsmayıllı rayonlarına səfərim çərçivəsində burada görülmüş və görüləcək işlər haqqında həm göstərişlər verilmişdir, eyni zamanda, məruzələr edilmişdir»,-deyən dövlət başçısı bildirib ki, son illərdə hər iki rayonda böyük infrastruktur layihələri icra edilmişdir. Demək olar ki, infrastruktur layihələrinin əsas hissəsi başa çatmışdır. İstər qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilmişdir. Təkcə onu demək kifayətdir ki, dağlıq rayon olmasına baxmayaraq, İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuşdur və elektriklə təchizat tam təmin edilib. Yolların çəkilişi ilə bağlı - həm kənd yollarında, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir. Sosial infrastrukturla bağlı böyük layihələr icra olunub. Hər iki şəhərdə - Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilmişdir, 100-ə yaxın məktəb inşa edilmiş, ya da əsaslı şəkildə təmir olunmuşdur. İş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilib. Bir sözlə, bu bölgənin gələcək inkişafı ilə bağlı çox güclü zəmin yaradılıb. Çünki bildiyiniz kimi, infrastruktur layihələri icra edilmədən inkişafdan söhbət gedə bilməz.Dövlət başçısı onu da bildirib ki, bir müddət bundan əvvəl tarixi abidəmiz olan «Diri Baba» türbəsinin bərpa və konservasiya olunması, həm də onun ətrafında turizm infrastrukturu yaradılması ilə bağlı ilə bağlı göstəriş verdiyini, deyərək vurğulayıb ki, “Diri Baba” türbəsi öz nadirliyi ilə bütün Qafqaz bölgəsində seçilir. Yaşı 500 ildən çox olan bu türbə əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınıb. Əlbəttə, bizim borcumuzdur ki, bu qədim tarixi abidəni yaşadaq, ona yeni həyat verək, bərpa edək və onun ətrafında mövcud olan şərait də müasir Prezident İlham Əliyev, həmçinin Basqal qəsəbəsinin inkişafı, Basqalın tarixi irsinin qorunması ilə bağlı bir neçə il bundan əvvəl mənim tərəfimdən xüsusi Sərəncam əsasında Dövlət Turizm Agentliyi burada artıq bir müddətdir ki, işlərin aparıldığını, deyərək, bildirib ki, Basqal qəsəbəsi Lahıc qəsəbəsi kimi, bu bölgənin çox qədim tarixi yaşayış məkanı olaraq öz simasını bütün dünyaya açacaq.Bir sözlə, Azərbaycanın inkişaf yolunda inamla irəliləməsinin əsas səbəbi xalqın dövlətimizin başçısına olan etimadıdır. Daim Prezidentimizə sadiqlik nümayiş etdirən Azərbaycan xalqı ötən il Vətən müharibəsi zamanı daha böyük birlik nümayiş edirərək qələbəmizin qazanılmasına töhfələrini verdilər. Qalib dövlətin qalib xalqı təbii ki, iqtisadi inkişaf yolunda bundan sonra da uğurlara nail olacaq, Prezidentimizin rəhbərliyi ilə möhtəşəm proqramların həyata keçirilməsinin şahidi olacağıq.Göründüyü kimi, bu reallıqlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin sözü ilə əməli arasında heç bir fərq yoxdur. Verilən vədlər artıqlaması ilə yerinə yetirilib və bu gün də davam etdirilir.
RƏFİQƏ KAMALQIZI