PDF Oxu

Siyasət

  • 2 713

Qalib ölkənin qalib idmançıları ilə görüş - TƏHLİL

Qalib ölkənin qalib idmançıları ilə görüş - TƏHLİL

Prezident İlham Əliyev: "Hər bir ölkə bu səviyyədə oyunları keçirə bilməz"

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarında Vətənə böyük qələbə ilə qayıdan idmançılarımızı təbrik ediblər.
AZƏRBAYCAN İDMANININ YÜKSƏLİŞİ HƏM DƏ DÖVLƏTİMİZİN YÜKSƏLİŞİ DEMƏKDİR
Dünyada idman ölkəsi kimi tanınan Azərbaycan beynəlxalq idman arenasında artıq özünə layiqli yer tutub. İstər beynəlxalq yarışlarda iştirakı, istərsə də beynəlxalq yarışlara ev sahibliyi etməsi ilə bu imicə sahib olub. Ümummilli Lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla və mütərəqqi Liderliyi ilə davam etdirən, ideyalarını gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq ölkənin bütün sahələrində, eləcə də idman sahəsində böyük nailiyyətlər əldə olunub.Dünən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarında Vətənə böyük qələbə ilə qayıdan idmançılarımızla görüşü zamanı dövlət başçımız bildirib ki, Azərbaycan idmançıları öz gücü ilə seçilən idmançılardır: "Siz bir neçə gün bundan əvvəl Konyadan Vətənə qayıtmısınız, böyük qələbə ilə qayıtmısınız. Ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmısınız. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm və əldə edilmiş nailiyyətlərlə bağlı sizə öz təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, Azərbaycan xalqı sizinlə fəxr edir. Çünki bütün dünyaya bir daha göstərmisiniz ki, Azərbaycan idman ölkəsidir, Azərbaycan idmançıları öz gücü ilə seçilən idmançılardır".V İslam Həmrəyliyi Oyunlarında dördüncü yerə layiq görülməyin çox böyük nailiyyət olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Bu nailiyyət onu göstərir ki, bizim əvvəlki uğurlarımız təsadüfi xarakter daşımırdı. Bildiyiniz kimi, beş il bundan əvvəl Bakıda IV İslam Həmrəyliyi Oyunlarında komandamız birinci yerə layiq görülmüşdür. Bu da təbiidir. Çünki öz doğma divarları həmişə idmançılara əlavə kömək göstərir. Bu dəfə isə çox gərgin mübarizə nəticəsində biz dördüncü yerə layiq görüldük. Onu da bildirməliyəm ki, Oyunlarda ölkələrin ən güclü idmançıları iştirak edirdilər. Bizim idmançılarımız 99 medal qazanaraq, - onlardan 29-u qızıl medaldır, - bir daha ölkəmizin gücünü göstərmişlər. Yəni, bu, doğrudan da böyük nailiyyətdir”.
"İDMANÇILARIMIZIN 19 İDMAN NÖVÜNDƏ MEDALLAR QAZANMASI ÖLKƏMİZDƏ İDMANIN UĞURLA İNKİŞAF ETDİYİNİ GÖSTƏRİR"
Dövlət başçısı çıxışı zamanı idmançılarımızın 19 idman növündə medallar qazandığını vurğulayaraq bildirib ki, bu da ölkəmizdə idmanın uğurla inkişaf etdiyini göstərir: "Bu da çox sevindirici haldır ki, idmançılarımız 19 idman növündə medallar qazanmışlar. Bu onu göstərir ki, idmanın bir çox növləri ölkəmizdə uğurla inkişaf edir",-deyən Prezident İlham Əliyev onu da vurğulayıb ki, birinci yerdə güləşçilərimizdir: "Əlbəttə ki, birinci yerdə, - əgər belə demək mümkündürsə, - güləşçilərdir, 23 medal qazanmışlar, onlardan 8-i qızıl medaldır. Bu da təbiidir. Çünki güləş bizim milli idman növümüzdür və biz güləşdə ənənəvi olaraq uğurlar qazanmışıq. İkinci yerdə gimnastikanın nümayəndələridir. Üç növ gimnastikada idmançılarımız 17 medal qazanmışlar, onlardan 8-i qızıl medal olmuşdur. Üçüncü yerdə qeyri-Olimpiya idman növü – kikboksinq idmançılarıdır. Onların qazandıqları medalların sayı 15-dir. Onlardan 3-ü qızıl medaldır. Yəni, bu, doğrudan da böyük nailiyyətdir. Çünki bu Oyunlarda 50-dən çox ölkə iştirak edirdi və yenə də deyirəm, mübarizə çox gərgin keçib”, - deyə dövlətimizin başçısı vurğulayıb.
"NƏİNKİ BÜTÜN MÜSƏLMAN ALƏMİ, BÜTÜN DÜNYA İDMANÇILARIMIZIN GÜCÜNÜ BİR DAHA GÖRDÜ"
Prezident İlham Əliyev V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşdəki çıxışında bildirib ki, həmişə olduğu kimi, bu yarışda da bütün dünya idmançılarımızın gücünün şahidi oldu: "Nəinki bütün müsəlman aləmi, bütün dünya idmançılarımızın gücünü bir daha gördü. Hər dəfə Bayrağımız qaldırılanda, Himnimiz səslənəndə hər bir Azərbaycan vətəndaşı haqlı olaraq qürur hissi keçirir və hər qələbə bir daha bizim şöhrətimizi artırır".Oyunların açılış günündə Konyada idmançılarımızla görüşünü xatırladan dövlətimizin başçısı deyib: “Mən sizinlə Konyada görüş zamanı demişdim ki, sizin üzərinizə əlavə məsuliyyət düşür. Çünki siz bu Oyunlarda qalib ölkəni təmsil edəcəksiniz. Bu, həm çox qürurverici amildir, eyni zamanda, böyük məsuliyyətdir. Bu məsuliyyəti dərk edərək siz ölkəmizi ləyaqətlə təmsil etmişiniz”.Prezident qeyd edib ki, bu Oyunlar qardaş ölkədə keçirildiyi üçün bizim idmançılar özlərini çox rahat hiss edirdilər.“Hər bir idmançı özünü öz evindəki kimi hiss edirdi. Biz açılış mərasimində onun da şahidi olduq ki, Azərbaycan komandası stadiona daxil olanda bizim türk qardaşlarımız necə səmimi və hərarətlə idmançılarımızı qarşılamışlar. Elə bil ki, bizim komandamız Bakıda stadiona çıxıb. Bu, doğrudan da bir daha bizim xalqlarımızın nə qədər bir-birinə bağlı olduğunu göstərir. Onu göstərir ki, təkcə prezidentlər bir-birinə qardaş deyil, eyni zamanda, xalqlarımız, idmançılarımız qardaşdırlar. Orada - stadionda on minlərlə tamaşaçı Azərbaycan komandasını öz doğma komandası kimi qarşılamışdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
"HƏR BİR ÖLKƏ BU SƏVİYYƏDƏ OYUNLARI KEÇİRƏ BİLMƏZ"
Azərbaycan Prezidenti çıxışı zamanı Türkiyəni, onun idmançılarını həm Oyunların yüksək səviyyədə təşkil olunması, həm də Oyunlarda birinci yer tutması münasibətilə təbrik edib. Və bu Oyunların keçirilməsinin böyük təşkilatçılıq məsələlərini də əhatə etdiyini bildirərək Bakıda keçirilən İslamiadanı xatırladıb: "Xatırlayıram, biz 2017-ci ildə o Oyunları hazırlayarkən bir çox təşkilati məsələləri həll etdik. Hər bir ölkə bu səviyyədə Oyunları keçirə bilməz. Konya Oyunları rəsmən Beşinci İslam Həmrəyliyi Oyunları sayılsa da, əslində, bu Oyunlar cəmi dörd dəfə keçirilib. Birinci Oyunlar Səudiyyə Ərəbistanında, ikinci İndoneziyada, üçüncü Azərbaycanda, dördüncü isə Türkiyədə. Amma rəsmən bu, beşinci Həmrəylik Oyunları sayılır. Yəni, demək istəyirəm ki, Oyunları keçirmək o qədər də asan məsələ deyil və burada Türkiyə tərəfi əlbəttə, çox yüksək qiymətə layiqdir”, - deyə dövlətimizin başçısı əlavə edib.Azərbaycan Prezidenti əmin olduğunu deyib ki, idmançılarımız bu medalları qürur hissi ilə daşıyacaqlar: “Ancaq indi biz gələcəyə baxmalıyıq, bundan sonra Azərbaycan idmanının inkişafı ilə bağlı hansısa addımlar atılmalıdır”.
"SON VAXTLAR BİR NEÇƏ FEDERASİYADA, GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNDƏ BAŞ VERMİŞ DƏYİŞİKLİKLƏR QAÇILMAZ İDİ"
"Siz də yaxşı bilirsiniz ki, son vaxtlar bir neçə federasiyada dəyişikliklər baş verdi. Bu, təbiidir, bu, qaçılmaz idi. Çünki bəzi federasiyalarda mən görürdüm ki, artıq durğunluq hökm sürür, nəticələr əldə edilmir, bəzi idmançılarımız, ümumiyyətlə, beynəlxalq yarışlardan məhrum edilmişlər",-deyən dövlət başçısı vurğulayıb ki, artıq yeni təkana ehtiyac var: "Bu yaxınlarda federasiyalarda və eyni zamanda, Gənclər və İdman Nazirliyində baş vermiş dəyişikliklər əminəm ki, həm idmançılar, həm də idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir, çünki nəticələr göz qabağındadır".Prezident qeyd edib ki, idmana cavabdehlik daşıyan qurumlar idmançılarla daim bir yerdə olmalıdırlar, hər bir idmançını tanımalıdırlar, onun problemləri ilə məşğul olmalıdırlar: “Mən görürəm ki, edilmiş dəyişikliklər nəticəsində hazırda nəticələr də var və olacaq. Əsas odur ki, Azərbaycanın idman ictimaiyyəti belə mütəşəkkil qüvvə kimi bir nöqtəyə vursun. Hər zaman bu, diqqət mərkəzində olan məsələ idi ki, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri bir nöqtəyə vursunlar, komanda şəklində fəaliyyət göstərsinlər və birlik olsun. Çünki mən 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidentiyəm və bilirəm, hansı ölkələrdə hansı proseslər baş verir. Bir çox hallarda idmana cavabdehlik daşıyan qurumlar arasında birlik yoxdur, əksinə, ziddiyyətlər var. Bizdə isə bu birlik var və bu, hesab edirəm ki, uğurlarımızın əsas şərtlərindən biridir”.
"İNDİ BÜTÜN İDMAN QURUMLARININ ƏSAS MƏQSƏDİ YAY OLİMPİYA OYUNLARINA HAZIRLIQ OLMALIDIR"
"Əlbəttə ki, peşəkar idmançıları yetişdirmək asan məsələ deyil və məşqçilər, idman mütəxəssisləri çox böyük əmək sərf edirlər, seleksiya işləri çox düzgün aparılmalıdır. Bizim bölgələrimizdə çox böyük istedadlar var, uşaqlar, yeniyetmələr, sadəcə olaraq, onları seçib tapmaq, idmana cəlb etmək lazımdır". Bunu Prezident İlham Əliyev avqustun 22-də V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşü zamanı çıxışında bildirib. Dövlət başçısı deyib ki, bu gün Azərbaycanda idmana və xüsusilə idmançılara olan münasibət əminəm ki, gəncləri, uşaqları da idman bölmələrinə gətirəcək: "Çünki həm idmanla məşğul olmaq üçün şərait var,- təkcə bölgələrdə 50-yə yaxın olimpiya idman kompleksi fəaliyyət göstərir, - biz Bakıda Avropa Oyunlarını, dünya çempionatlarını keçirmişik. Yəni, bütün imkanlar var və idman bölmələrinə gələn uşaqları seçib onları yetişdirmək lazımdır, həm güclü idmançı kimi, həm ləyaqətli vətəndaş kimi. Bu da çox vacib məsələdir. Mən çox şadam, çox sevinirəm ki, bizim idmançılarımız, ölkəmizi dünyada ləyaqətlə təmsil edən idmançılar məişətdə də nümunəvi davranışla fərqlənirlər. Bu, çox vacibdir. Həm təvazökarlıq, həm Vətənə bağlılıq, milli dəyərlərə bağlılıq, fiziki güc, mənəvi güc. Çünki fiziki güc, necə deyərlər, mənəvi gücü də gücləndirir"."Hesab edirəm ki, indi bütün idman qurumlarının əsas məqsədi Yay Olimpiya Oyunlarına hazırlıq olmalıdır",-deyən dövlət başçısı vurğulayıb ki, bütün idman qurumları burada da öz vəzifə borclarını bilirlər, yaxşı dərk edirlər: "Beləliklə, Yay Olimpiya Oyunlarında biz ölkəmizi ləyaqətlə təmsil edəcəyik. Bir daha sizi ürəkdən təbrik edirəm - bütün komanda üzvlərini, medal qazanmış idmançıları, medal qazana bilməyən idmançıları. Mən onlara da deyirəm ki, peşman olmasınlar, hələ gələcəkdə bir çox yarışlar var. Sadəcə olaraq, Vətənə sevgi, öz peşəsinə sədaqət, yorulmaz fəaliyyət, hazırlıq lazımdır. Çünki hazırlıq olmadan heç bir nəticə olmur, nə siyasətdə, nə idmanda, nə həyatda. Siz artıq bir daha Azərbaycanın şöhrətini ucaltmısınız və necə ki, bu gün bayrağımız Qarabağda, Zəngəzurda dalğalanır, idman arenalarında da dalğalanır, əminəm ki, əbədi dalğalanacaq. Bir daha sizi təbrik edirəm".Bəli, Azərbaycan idmanının yüksəlişi həm də dövlətimizin yüskəlişi deməkdir. Və bu gün idman sahəsində əldə olunan uğurlar bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər. Və Azərbaycan idmanının yüksəlişi həm də dövlətimizin yüksəlişi deməkdir, çünki bayrağımız ucaldıqda, dövlətimizin nüfuzu daha yüksək zirvələrə doğru ucalır. Bu isə, Prezident İlham Əliyev cənablarının idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının real və əyani təcəssümüdür. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançıların yüksək səviyyədə qayğı ilə əhatə olunması, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyədə qurulması, ən əsası isə Olimpiya oyunlarında idmançılarımızın iştirakı üçün xeyli işlər görülmüşdür. Bu gərgin əməyin nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınaraq böyük nüfuz qazanıb.Dövlət başçımızın dediyi kimi: "Hər bir idman qələbəsi, xüsusilə, mötəbər beynəlxalq yarışlarda qazanılmış qələbə ölkəmizdə milli qüruru, milli ruhu yüksəldir. Ona görə idmanın hər bir ölkənin həyatında çox önəmli rolu var".
RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər