Sürətlə dəyişən siyasi sistem və dəyişməyən Nemət Pənahlı, Azərbaycan sürətlə dəyişir. Ötən əsrin sonlarından, yəni müstəqilliyimizin ilk illərindən bizə miras qalan mənfi ənənələrdən, siyasi sitemimizə yük olan, onun önündə tormozlayıcı funksiya yerinə yetirən ictimai intriqabazlıqdan, yarıtmaz idarəetmədən, yersiz siyasi ambisiya və iddialardan xilas olur. Ən əsası isə siyasətin və siyasətçilərin yerində olmadığı, süni və yarıtmaz, ya da yarımçıq siyasi sistemin, neqativ sosial-siyasi münasibətlərimizin səbəbiyyət verdiyi məğlubiyyətdən qurtularaq qalib ölkəyə və xalqa çevrilir. Bu elə bir mühüm hadisədir ki, ümummilli səviyyədə kütləvi coşqu yaratmaqla milli mentalitetimizə də yeni keyfiyyət dəyişikliyi gətirir. Sabaha inamımızı artırır, milli özgüvənimizi bərpa edir. Gözümüzün qabağında tamamilə fərqli əsaslarda yeni milli siyasi sistem formalaşır. Bu sistem özlüyündə praqmatizmə, rasionallığa və səmərəliliyə kodlanan, milli maraqlarımıza və onun gələcək təminatçısına çevrilən tamamilə fərqli və modernist bir sistemdir. Tarixi qələbəmizin yaratdığı yeni çağırışlar da bütün bunları zərurətə çevirərək bizi yeni məqsədlər uğrunda daha səmərəli fəaliyyətə kökləyir. Ölkəmizdə dərin sosial-iqtisadi və siyasi islahatlar həyata keçirilir. Milli inkişaf tariximizin hazırkı dövrü, məhz bu əsaslarda yeni keyfiyyətdə yeni siyasi sistem inşa etməmizi milli vəzifə kimi önümüzə çıxarır. Artıq xeyli müddətdir davam edən bu prosesdə əldə edilən nəticələr cəmiyyətimizdə ictimai-siyasi həmrəylik və yeni siyasi konfiqurasiya kontekstində özünün nəticələrini verir. Ancaq təəssüf ki, bu qədər köklü dəyişikliklər kontekstində ötən əsrin əvvəllərindən bu günə qədər heç dəyişməyənlər də var. Onlar israrla nəticə etibarilə bizi böyük məğlubiyyətə və faciələrə sürükləyən 90-cı illərin siyasi ənənələrini bu gün də siyasi sistemimizə yamaq etməyə çalışırlar. Heç bir ictimai faydası olmayan lazımsız mövzularla, qeyri-ciddi və qərəzli fikirlərlə siyasi gündəmimizi zəbt etməyi özlərinə vəzifə kimi müəyyənləşdirirlər. Məsələn, Nemət Pənahlı nədənsə son dövrlərdə 90-cı illərin siyasi iqlimini yenidən canlandırmağa və bunu Azərbaycanın ümumi ictimai əhval-ruhiyyəsinə çevirməyə cəhd edir. Bu, əlbəttə, mümkün deyil. Çünki qələbənin şirinliyini dadan bir xalq heç vaxt ona məğlubiyyət və məhrumiyyətlər yaşadan keçmişə geri dönməz. Bu gün “meydan qəhrəmanlığı” dövrü deyil. Bu günün qəhrəmanlığı döyüş meydanında real müharibə şəraitində əldə edilən hərbi-siyasi qəhrəmanlıqdır. Bu gün siyasi qətiyyətin və iradənin, dərin diplomatiyanın, strateji uzaqgörənliyin, əqlin, intellektin, çoxsaylı siyasi kombinasiyaların və milli maraqların təmin edilməsinin meydanıdır. Bu meydanın qəhrəmanı da, lideri də bəllidir. Siyasi sistemimizin tələbi də, iyerarxiyası da bu tələblər və keyfiyyətlər əsasında formalaşır. İsrarla onu geriyə, faciəvi tariximizin qaranlıqlarına doğru çəkmək istəyənləri isə rədd edir. Yaxşı olar ki, bu həqiqət dərk edilsin və Nemət Pənahlı da 90-cı illərdən yeni əsrə doğru irəliləsin. Bu gün 90-cı illərin bəzi siyasətçiləri kimi Nemət Pənalı adı da dövrün siyasi ənənələri kontekstində ictimai yaddaşımızda torpaqlarımızın işğala məruz qalması, Topqapı meşəsinin ermənilər tərəfindən yandırılması, 20 yanvar faciəmiz, Azərbaycanda başlayan vətəndaş müharibəsi ilə assosiasiya olunur. Bu hadisələrin biri digərini xatırlatmaqla milli faciələrimizin komplimentar düsturunu ortaya qoymuş olur. Hazırda isə biz Topqapı meşəsindən keçən Zəfər yolu ilə işğaldan azad edilmiş Şuşamıza gedirik. Azərbaycanın müstəqilliyi uğrunda öz canlarını fəda edən qəhrəman 20 yanvar şəhidlərimizin məzarlarını fəxarətlə ziyarət edərək, qanınız yerdə qalmadı, Sizin amallarınız həyata keçdi, deyərək ziyarət edirik. Etnik və regional seperatçılığı, vətəndaş müharibəsini gördüyümüz pis yuxu kimi xatırlayırıq. Bu milli təntənənin və fəxarətin önündə Nemət Pənahlı iddiaları o qədər kiçik və mənasız görünür ki, əsla nə ictimai diqqəti cəlb edir, nə siyasi maraq doğurur. Ona görə də bu günün gerçəkləri ilə ayaqlaşmayanlar özlərinə yeni siyasi sistemimizin gələcək strukturunda əsla yer tapa bilməyəcəklər. Bu milli iradənin və hər gün bir qədər daha da inkişaf edən, yeniləşən, yeni Azərbaycanın tələbidir.
Hikmət Babaoğlu
Milli Məclisin deputatı