Ərdoğan-Quterreş-Zelenski görüşünü belə adlandırmaq olar
Bu gün dünyanın gündəmini zəbt edən, insanları düşündürən, məşğul edən bir məsələ var. Dünyanı gözləyən qıtlıq. Qıtlıq deyəndə, bura bəşəriyyətin istifadə edəcəyi, həzm-rabeədən keçirə biləcəyi çox qidanı aid etmək olar, ərzaq, su və digər enerji daşıyıcıları. Əvvəllər müharibələr adətən iri dövlətlərin təhriki ilə kiçik ölkələr arasında baş verirdi. Təhrikçilər, müharibələri qızışdıranlar da həmişə “sülhyaratma” prosesinə sonradan qoşularaq tərəflərə ağıl verirdilər. Əslində kimsə ədaləri bərpa etmək, həqiqəti söyləmək, əsl günahkarın kim olduğunu söyləmək üçün prosesə qoşulmurdu. Bu missiyada iştirak edənlər yalnız hadisələri öz nəzarətində saxlamaq üçün canıyananlıq edirdilər. Hər halda Azərbaycana və Azərbaycan xalqına bu yanaşma yaxşı tanışdır. Bu gün isə vəziyyət dəyişib, döyüşə “kos-kocalar”, yəni iri dövlətlər gedir...

Rusiya ilə Ukrayna arasında 181-ci gündür ki, davam edən müharibənin səbəblərini sadalamaq fikrim yoxdur. Əsas odur ki, qeyri-adi hadisə baş verib, iki “qardaş-slavyan” ölkə 6 aydır ki, bir-biri ilə ölümünə döyüşür. Müharibənin hər üzü, hər astarı burada tətbiq olunur. Həm də döyüşlər qaydasız aparılır. Körpülər yandırılır, sülh üçün heç bir şans saxlanılmır. Bu döyüşlərdə hər iki tərəfdən birlikdə təxminən 100 min insan həyatını itirib. Bunların heç də hamısı döyüşdə iştirak edən hərbçilər deyil, mülki vətəndaşlar arasında ölənlər də az deyil. Əslində bu müharibənin başlandığı tarix də yaddan çıxıb. 2014-cü ildə rusiyapərəst Yanukoviçin hakimiyyətdən uzaqlaşdırılması ilə başlayıb bu qırğınlar, “Maydan” hadisələri körükləyib bu qırğınları. Bu gün isə iki qonşu arasında başlanan müharibədən təkcə ukraynalılar və ruslar yox, uzaq Afrika ölkələrində belə bu müharibəninacısını yaşayanlar var.
Məsələ bundadır ki, Rusiya və Ukrayna dünya taxıl bazarında tam olaraq dominantlıq edə bilməsələr də, hər ikisinin birlikdə payı da az deyil. Rusiya başlatdığı müharibə səbəbindən Qara dənisdə Ukraynanın bütün su nəqliyyatının hərəkəti tam olaraq məhdudlaşdırılıb. Rusiya hərbi donanması dənizdə “at oynadır”. Həm hərbi, həm də mülki gəmilərini Qara dənizdə hərəkət etdirə bilməyən rəsmi Kiyev əslində dünya bazarına taxılını quru yolu ilə də çıxara bilərdi. Amma dünyanın diqqətini cəlb etmək, ajiotaj yaratmaq, Rusiyaya dünya birliyinin təzyiqlərini davamlı hala gətirmək üçün dəniz yoluna üstünlük verib. Rusiya da Ukraynanın planından xəbərdar olduğu üçün əvvəlcə mülki gəmilərə toxunmayacağını desə də, hədəfin hərbi obyektlər olduğunu israrla bildirsə də Ukrayna heç bir gəmisini dənizə çıxarmaq istəmədi. Bəli, bu, onda baş verdi ki, etibarlı bir ölkə dövrəyə girdi. Bu, qardaş Türkiyə idi...
Avqustun 18-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Lvovda Vladimir Zelenski ilə görüşdü. Bəzi dünya mediası bu görüşü Rusiya ilə Ukrayna arasında “sülh şansı” kimi təqdim edib. Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün böyük səylər göstərən prezident Rəcəb Tayyib Ərdoğan Lvov şəhərinə gedib və Zelenski ilə görüşüb. BMT-nin baş katibi Quterreşin də iştirak etdiyi danışıqlarda Ərdoğan deyib: “Hər şey danışıqlar masasına gedən ən qısa və ədalətli yolu tapmaqdan ibarətdir”.

Türkiyə prezidenti Ukrayna prezidenti Vladimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşlə görüşərək davam edən Rusiya-Ukrayna münaqişəsini müzakirə edib. Potoçki sarayında mətbuata qapalı keçirilən üçtərəfli sammit 40 dəqiqə davam edib. Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan və prezidentin sözçüsü İbrahim Kalın da iştirak edib.
Sammitdən sonra birgə mətbuat konfransı keçirilib. Çıxışına Zelenski və Quterreşin ünvanladığı salamlama sözləri ilə başlayan Ərdoğan Ukrayna prezidentinin dəvəti ilə Lvovda olmaqdan çox məmnun olduğunu qeyd edib. Türkiyə lideri bildirib ki, Zelenski ilə ikitərəfli görüşdə Ankara ilə Kiyev arasında strateji tərəfdaşlıq səviyyəsində olan münasibətlərin bütün aspektləri nəzərdən keçirilib və əlavə edib: “Biz əməkdaşlığımızı inkişaf etdirmək imkanlarını, həmrəyliyimizi müzakirə etdik. Əlbəttə, danışıqların əsas mövzusu təxminən altı aya yaxındır davam edən silahlı münaqişədir. Bu münasibətlə mən Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi bir daha bəyan etdim".
Türkiyədə 325 min ukraynalı
"Hərbi əməliyyatlar başlayandan bəri biz Ukrayna xalqının təcili humanitar ehtiyaclarını ödəmək üçün 98 yük maşını humanitar yardım göndərmişik və 325 minə yaxın ukraynalını ölkəmizdə müvəqqəti yerləşdirmişik. Ölkəmizdə 1099 yetim uşağı, 408 müşayiət edən şəxslə birlikdə qəbul etmişik. Ukraynada vəziyyət normallaşana qədər ümumilikdə 1507 nəfər Türkiyə ərazisində qalacaq. Görüşümüzdə hərbi münaqişənin törətdiyi fiziki dağıntıların həcmini də müzakirə etdik. Ukraynanın yenidən qurulması üçün lazımi dəstəyi göstərəcəyik”, - Türkiyə dövlətinin başçısı əlavə edib.
Qoy münaqişə danışıqlar masası arxasında bitsin
Taxıl müqaviləsinin qüvvəyə mindiyi avqustun 1-dən bu yana ümumilikdə 25 gəmi və təxminən 625 min ton Ukrayna taxılının dünya bazarına çıxarıldığını xatırladan Ərdoğan: “Təmaslarımız zamanı diqqətimizi yaradılmış mexanizmin fəaliyyətinin qorunub saxlanılması və genişləndirilməsi üçün atıla biləcək addımlara yönəltdik. Üçtərəfli görüşümüzdə biz İstanbul sazişinin yaratdığı müsbət atmosferin davamlı sülhə çevrilməsi imkanlarını da qiymətləndirdik. Diplomatik prosesin canlandırılması üçün beynəlxalq ictimaiyyətin daha çox məsuliyyət daşımalı olduğunu vurğuladıq", deyib.

Biz vasitəçi rolunu oynamağa hazırıq
"Şəxsən mən əminəm ki, münaqişə nəhayət danışıqlar masası arxasında bitəcək. Əslində, cənab Zelenski və Quterreş də danışıq masasına doğru atılan addımlarımızı dəstəklədilər. Mən danışıqların bərpa olunmasını mümkün hesab edirəm. Mart ayında İstanbulda formalaşan parametrlərin əsasını təşkil edir. Biz bu məqsədə nail olmaq üçün bir daha vasitəçi kimi çıxış etməyə hazırıq. Təbii ki, görüşümüzdə hərbi əsirlərin mübadiləsini və bu istiqamətdə təşəbbüslərimizi müzakirə etdik. Bu baxımdan və vurğulamaq istəyirəm ki, biz bu məsələyə böyük əhəmiyyət veririk”.
Putinlə danışıqları dəyərləndirin
"Düşünürəm ki, hazırda hadisələri izləyən hər kəs əsirlərin mübadiləsi ilə bağlı baş verənlərlə maraqlanır. Bu kontekstdə cənab Putin, Rusiya tərəfi və mən bütün təmaslarımızın nəticələrini qiymətləndirməyə davam edəcəyik", - prezident bildirib.
Daha sonra Ərdoğan Lvova səfəri zamanı göstərdikləri bütün köməyə görə Ukrayna və Polşa hakimiyyətinə bir daha təşəkkür edib.
Ərdoğanın səfəri güclü dəstəkdir
Vladimir Zelenski Lvovda Ərdoğanla ikitərəfli görüşdən sonra yazılı açıqlama verib. Türkiyə liderinin səfərini güclü dəstək siqnalı kimi qiymətləndirən Zelenski qeyd edib ki, Türkiyə prezidentinin Ukraynaya səfəri belə bir qüdrətli ölkənin əhəmiyyətli dəstək mesajıdır: “Lvovda keçirilən görüşdə biz Rəcəb Tayyib Ərdoğanla taxıl təşəbbüsünün yaxşılaşdırılması imkanlarını, Zaporojye AES ətrafında vəziyyəti və işğalçıların nüvə şantajını, Rusiya tərəfindən Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində irimiqyaslı taxıl oğurlamasını müzakirə etdik. Biz müdafiə sahəsində əməkdaşlıq məsələlərinə də toxunduq”.
Zelenski Ukrayna ilə Türkiyə arasında əməkdaşlığın daha da genişlənməsinin hər iki tərəfi gücləndirəcəyinə əminliyini ifadə edib.
İnfrastruktur sazişi
Prezident Ərdoğanın Ukraynaya səfəri zamanı Türkiyə ilə Ukrayna arasında hərbi münaqişə nəticəsində dağılmış infrastrukturun bərpasına dair saziş imzalanıb. Sənədi Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov və Türkiyənin ticarət naziri Mehmet Muş imzalayıblar. Müqavilə iki ölkə arasında bərpa məsələləri üzrə işçi qrupunun yaradılmasını, habelə Ukraynada yollar, körpülər, su və elektrik infrastrukturu, xəstəxanalar, məktəblər və digər sosial-iqtisadi obyektlərin yenidən qurulması üzrə işlərin əlaqələndirilməsini nəzərdə tutur.

Sülh üçün şans
Lvovda keçirilən üçtərəfli sammit dünya mediasında geniş rezonans doğurub. AFP və AP kimi beynəlxalq xəbər agentlikləri hadisələri hər dəqiqə xəbər verərkən, Əl-Cəzirə görüşə “sülh üçün bir şans” şərhini təqdim etdi. “Əl-Cəzirə”nin müxbiri Lvovdakı görüşün məhz belə bir fürsət yaratdığını qeyd edib. Washington Post yazıb ki, üçtərəfli sammitdə liderlər altı aydır davam edən silahlı münaqişəyə son qoymağın yollarını müzakirə ediblər. İngiltərənin “İndependent” (İndependent) qəzeti Türkiyənin Qara dəniz limanlarından 22 milyon ton qarğıdalı və digər taxılların ixracına yol açan razılaşmanın əldə edilməsində vasitəçi olduğunu xatırladıb. Nəşr qeyd edir ki, liderlər bölgədəki problemlərin həlli üçün Lvovda görüşüblər. “Politico” nəşri sammitin əhəmiyyətini vurğulamaq üçün öz səhifəsində Türkiyənin “taxıl dəhlizi” açmaq səylərini önə çəkib. “France 24” (France 24) qəzeti “taxıl dəhlizi”nin Türkiyə prezidentinin səyləri ilə açıldığını vurğulayıb: "Ərdoğanın səyləri sayəsində artıq çox şey əldə olunub".
Polşa lideri Dudadan təşəkkürlər
Prezident Ərdoğan Polşa prezidenti Andjey Duda ilə telefon danışığı aparıb. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin yaydığı məlumatda deyilir ki, danışıqlar zamanı Türkiyə lideri bir hissəsi Polşadan keçən Ukraynaya səfərini asanlaşdırdığı üçün polşalı həmkarına təşəkkür edib. Polşa prezidenti Duda da öz növbəsində Rusiya-Ukrayna böhranının həllində konstruktiv roluna və səylərinə, həmçinin taxıl ixracı sazişinə verdiyi töhfəyə görə prezident Ərdoğana təşəkkürünü bildirib və təbrik edib.
“Taxıl dəhlizi” haqqında saziş
Bu il fevralın 24-də başlayan Rusiya-Ukrayna hərbi münaqişəsi 6 aya yaxındır ki, davam edir. Türkiyə tərəflərin hər biri ilə əlaqə saxlamaq və sülhün bərqərar olması üçün toqquşmaların ilk günlərindən intensiv diplomatik səylər göstərib. Bu baxımdan Türkiyə Qara dəniz limanlarından taxılın dünya bazarlarına çatdırılmasının təmin edilməsində vasitəçi rolunu öz üzərinə götürüb və Moskva və Kiyevin “taxıl dəhlizi” haqqında razılaşma əldə etməsinə töhfə verib. 5 avqust 2022-ci ildə Rəcəb Tayyib Ərdoğan Soçidə Rusiya prezidenti Vladimir Putinlə də görüşüb.
Analitiklər də hesab edirlər ki, Türkiyənin Ukrayna və Rusiya arasında danışıqlarda vasitəçi olmaq istəyi müharibənin danışıqlar masası arxasında başa çatmasını tam olaraq təmin edəcək. Ukrayna Prezidenti və BMT-nin baş katibi ilə üçtərəfli danışıqlarda Ərdoğanın iştirakı müharibənin necə bitəcəyinin anonsunu verir. Bir ay əvvəl, BMT, Ukrayna, Rusiya və Türkiyə müştərək tarixi işi nümayiş etdirirdi. Təkcə Ukrayna deyil, bütün dünya taxılın Qara dəniz vasitəsilə dünya bazarlarına təhlükəsiz ixracını mümkün edən İstanbul sazişinin müsbət təsirlərini hiss etməyə başlayıb, Ukraynadakı müharibənin danışıqlar masası arxasında bitəcəyinə inanır. Əsas problem danışıqlar masasına aparacaq ən qısa yolun müəyyən edilməsidir. Beynəlxalq ictimaiyyət diplomatik prosesi canlandırmaq üçün daha çox məsuliyyət götürməlidir.
Avropa İttifaqının Ali komissarı Cozep Borrel Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefonda danışığında bildirib ki, Ukrayna taxılının ixracına dair BMT sazişinin təmin edilməsində və Rusiyanın Ukraynaya təcavüzünün nəticələrinin yumşaldılmasında Türkiyənin rolu əvəzsizdir. Avropa İttifaqı ümid edir ki, Türkiyə mənasız müharibəni dayandırmaq üçün Rusiyaya təsirindən istifadə edə biləcək.
Bəli, Türkiyə iki slavyan dövlətin apardığı amansız müharibənin episentrindədir. Daha doğrusu, sülhyaratmada analoqu olmayan gedişlər edir. Əslində, Türkiyənin məqsədi sonu görünməyən müharibəni dayandırmaq, bəşəriyyəti aclıqdan xilas etməkdir. Bu yol çətindir, amma maneə yaradanların bəd əməllərinə qarşılıq vermək, onların oyunlarını pozmaq ondan da çətindir.
V.VƏLİYEV