“Bu günlərdə qardaş Türkiyənin Konya Şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına yekun vuruldu. Azərbaycan idmançıları yüksək nəticələrlə öz vətənlərinə qayıtdılar”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.Onun sözlərinə görə, 99 medal qazanaraq 4-cü pillədə qərarlaşan Azərbaycan idmançılarının nəticələri çox yüksək qiymətləndirilir: “Ölkə Prezidenti cənab İlham Əliyev və ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Konyada V İslam Həmrəylik oyunlarında iştirak etmiş və medal qazanmış idmançılarla, məşqçilərlə görüş keçirdi. Ölkə başçısı idmançılarımızı, məşqçilərimizi ümumilikdə idman ictimaiyyətini və xalqımızı təbrik etdi. Dövlət başçısı İlham Əliyevin idmana olan diqqət və qayğısı bütün bu illər ərzində görünməkdədir. Bildiyimiz kimi, ölkə başçısı 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edir və ümumilikdə Azərbaycan idmançıları bu illər ərzində çox yüksək nəticələr əldə edib. Əlbəttə, bunun kökündə Azərbaycan dövlətinin və cənab Prezident İlham Əliyevin gənclərə olan diqqəti və qayğısı dayanır. İlk növbədə, idmançılarımızın məşqlərinin, beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün böyük infrastruktur yaradıldı və burada uzun illərdir beynəlxalq turnirlər, dünya çempionatları, Avropa oyunlar, İslam Həmrəyliyi oyunları keçirilir. Bu gün hər bir bölgəmizdə idman infrastrukturları qurulub. Nəticə etibarilə də Azərbaycan idmançıları onlara yaradılmış şəraitdən səmərəli istifadə edərək müxtəlif yarışlarda, turnirlərdə iştirak etmişlər. Son bir neçə ay ərzində ölkə başçısının da dediyi kimi, federasiyalarda durğunluq yarandığı üçün yeni seçkilər keçirilmişdir. Nəticə isə V İslam Həmrəyliyi Oyunlarında özünü göstərdi.Eyni zamanda, Azərbaycan 2015-ci ildə Birinci Avropa Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarının keçilməsi təşkilatçılıq baxımından da yüksək şəkildə həyata keçirilmişdir. Azərbaycan Prezidentinin sərəncamı ilə təşkilatçılıq komitələri yaradılmışdır ki, bu komitələrə Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva rəhbərlik edirdi. Əlbəttə, bütün bunların fonunda ölkə Prezidenti İlham Əliyevin yürütdüyü siyasət idman və gənclər sahəsinin hər zaman prioritet bir istiqamət olduğunu diqqətə çatdırıb. Azərbaycan idmançıları yüksək peşəkarlıqla çox böyük uğur qazandılar. Azərbaycan idmançıları müxtəlif arenalarda üçrəngli bayrağımızı uğurla dalğalandırırlar".
Müəllif: Abutel İlhamqızı