“Laçının adı çəkilən kəndlərinin ermənilər tərəfindən boşaldılması bütünlüklə Laçın rayonunda da Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş strateji kursun dönmədən həyata keçirilməsinin nəticəsidir”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.Elşən Manafovun sözlərinə görə, bütün bunlar üçtərəfli Moskva razılaşmasının şərtləri sırasında zamanında Prezident İlham Əliyev tərəfindən salınmış siyasi uzaqgörənliyin və qətiyyətin nəticəsində mümkün olmuşdur: “Prezident İlham Əliyevin regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi məqsədilə bütün bu müddət ərzində Moskva, Ankara, Tehran və Brüsseldə apardığı danışıqlar perspektivdə bu reallıqların həyata keçirilməsi ilə bağlı məsələləri ehtiva etdiyindən rəsmi Bakının zaman-zaman və ardıcıllıqla əldə etdiyi uğurlar bu geosiyasi güc mərkəzləri tərəfindən anlaşıqla qəbul edilir və əlbəttə, istər Ermənistanda, istərsə də separatçı rejimdə böyük narazılıq və təşviş doğurur. Xankəndidəki mitinqlər də məhz separatçı dairələrin bununla bağlı təşviş və narazılıqlarından qaynaqlanır. Erməni millətçiləri anlamağa başlayıblar ki, Azərbaycanla uzun müddət davam edən qarşıdurma başa çatmaqdadır. Bu proses separatçıların xeyrinə olmayacaq, mitinqlərin çağırılması erməni diasporunun məlum proseslərə bir daha diqqətinin cəlb edilməsi və onların vasitəsilə beynəlxalq birliyə Qarabağda ermənilərin guya ki, rəsmi Bakı tərəfindən təzyiqlərə məruz qalması, onların insan haqlarının pozulması kimi cəfəng və əlbəttə, “feyk məlumatlar”ın çatdırılması istəyindən irəli gəlir. Millətçi dairələr bu kimi təxribatlara gedərək məlum güc mərkəzlərinin Azərbaycan iqtidarının mövqeyinə təzyiq göstərəcəklərinə ümid edir və hələ də Mirzə Cəlilin təbirincə desək, "bəlkə də qaytardılar" xülyası ilə yaşayırlar”.
Müəllif: Gülyana