“Ötən gün Azərbaycanla Qazaxıstan arasında mühüm irəliləyişlər əldə edildi. Ümumilikdə nəzərə almaq lazımdır ki, Qazaxıstan Mərkəzi Asiyanın ən önəmli türk ölkələrindən biridir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.Politoloq qeyd edib ki, bu günə qədər Azərbaycanla Qazaxıstan arasında bir çox sahələr üzrə əməkdaşlıq perspektivləri mövcud olub: “Lakin Qazaxıstan Prezidentinin Azərbaycana səfər etməsi və Azərbaycanla-Qazaxıstan arasında bəyannamənin imzalanması bu iki dövlət arasında olan iqtisadi, siyasi və mədəni anlamda növbəti mərhələyə daşımış oldu. Görüş əsnasında bir çox məsələlərə toxunuldu. Lakin bizim üçün təqdir olunan hal ondan ibarətdir ki, Qazaxıstan Füzulidə uşaqlar üçün tikilən yaradıcılıq məktəbinin tikilməsinə birbaşa sponsorluq edir. Həmçinin Qazaxıstan neftinin birbaşa ixracı üçün müzakirələr aparılır ki, gələcəkdə Qazaxıstan neftinin həm Tbilisi-Ceyhan, həm də Bakı-Supsa vasitəsilə ixracat potensialı mümkündür. Təkcə dövlət şirkətləri deyil, eyni zamanda, özəl şirkətlərin biznesmenləri arasında da müxtəlif ticari iqtisadi lahiyələr, bunların gələcək perspektivləri barəsində anlaşmalar və razılaşmalar həyata keçirilirdi. Belə hesab edirəm ki, bu razılaşmalar gələcəkdə Mərkəzi Asiyada Azərbaycanı təkcə siyasi deyil, eyni zamanda, iqtisadi gücünün və mövqelərinin möhkəmlənməyinə köməklik edəcək”.
Müəllif: Banuçiçək Hüseynli