"Keçirilən üçtərəfli görüş nəqliyyat sahəsi üzrə məsul nazirlərinin görüşü idi və əsas müzakirə olunan məsələ də Orta Dəhlizin potensialından geniş istifadə olunması və bu dəhlizin bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmiryolunun ötürmə qabiliyyətinin artırılması, tranzit yükdaşımaları ilə bağlı vahid tarif siyasətinin formalaşdırılmasından ibarət idi". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.Onun sözlərinə görə, son illər ərzində Azərbaycanın nəqliyyat dəhlizi kimi perspektivlərinin artması və regionun nəqliyyat qovşağına çevrilməsi istiqamətində görülən işlər göz qabağındadır: "Tranzit yük daşımaları hər keçən gün artır ki, bu da həmin yük axınının sabit artımını təmin etmək üçün müvafiq işlərin həyata keçirilməsini labüd edir. Odur ki, görüş zamanı həmin yük axınının davamlılığını təmin etmək üçün müştərək əməliyyatların sinxronlaşdırılması istiqamtində müvafiq razılaşmalar əldə olunub.Orta dəhlizə olan marağın artması təbiidir. Çünki qeyd etdiyim kimi bu dəhliz vasitəsilə daşımaların həcmi hər keçən gün artır. Belə ki, təkcə bu ilin yanvar-iyun aylarında dəhlizlə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çox yük daşınıb. Lakin bu rəqəmi daha da artırmaq üçün bütün imkanlar var.Onu da qeyd edim ki, Şimal-Qərb dəhlizinə tələbat da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən üç dəfə artıb. Bu isə öz növbəsində Orta Dəhlizin vacib kampanenti olan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin ötürmə qabiliyyətinin artırılmasını labüd edir. Odur ki, bu istiqamətdə müvafiq işlərin həyata keçirilməsi də görüşün vacib predmetlərindən biri olub".
Müəllif: Banuçiçək Hüseynli