"Azərbaycanla Qazaxıstanı ortaq köklər, tarixi köklər, ortaq mövqelər birləşdirir və iki dövlət daimi olaraq beynəlxalq təşkilatlarda bir-birlərinə dəstək verirlər". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.Komitə sədrinin sözlərinə görə, Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri də bir daha göstərdi ki, Azərbaycan-Qazaxıstan münasibətləri ildən-ilə genişlənir və əlaqələr möhkəmlənir.“Tokayevin Azərbaycana səfəri bir daha sübut edir ki, Azərbaycanla Qazaxıstan arasında münasibətın yaxşılaşdırılması həm iqtisadi baxımdan, həm də insanların rifahının yüksəldilməsi, dostluq və qardaşlığın möhkəmləndirilməsi baxımından çox dəyərlidir. Qazaxıstan Prezidentinin Azərbaycan Prezidentini Qazaxıstanın Ali Ordeni ilə təltif etməsi, eləcə də işğaldan azad olunmuş Füzuli rayonunda xüsusi uşaq yaradıcılıq mərkəzinin tikintisinə başlanılması, bünövrəsinin qoyulması bir daha sübut etdi ki, iki qardaş ölkə bir-birinə dəstək verməkdə və bu dəstəyi genişləndirməkdədir. Azərbaycanın dövlət rəhbəri haqqında Qazaxıstanın Prezidentinin söylədiyi xoş sözlər, dəyərli fikirlər göstərdi ki, həqiqətən də Azərbaycan Prezidenti bu gün dünyada sülhün, əminamanlığın bərqərar olmasında, eləcə də ölkələrarası münasibətlərin yaxşılaşdırılmasında fəal, mübariz, həm də uzaqgörən siyasi xadimdir.Bir çox sənədlərin imzalanması dövlətlərarası münasibətlərin sürətləndirilməsində və irəliyə doğru addımların atılmasında önəmlidir. İstər ticarət, istər mədəniyyət, istər iqtisadi əlaqələr, istərsə də digər sahələrdə imzalanmış sənədlər göstərir ki, bundan sonra da Azərbaycan-Qazaxıstan münasibətləri yüksələn xətt üzrə inkişaf edəcəkdir. Əlbəttə ki, cənab Prezidentin, eləcə də jurnalistlərə bəyanatında Qazaxıstan Prezidentinin söylədiyi fikirlər onu deməyə əsas verir ki, bu dövlətlər bir çox beynəlxalq tədbirlərdə, bir çox beynəlxalq tribunalarda bir-birlərinin mövqelərini və bir-birlərinin haqq, ədalət, demokratiya uğrunda apardıqları mübarizəni dəstəkləyirlər.Sözsüz ki, Qazaxıstan Orta Asiyada ən böyük respublikalardan biridir və Qazaxıstanla münasibətlərin yaxşılaşdırılması Azərbaycan dövləti üçün, Azərbaycan xalqı üçün faydalıdır. Bu tədbir də bu baxımdan xaraklterikdir və hər iki dövlət rəhbərlərinin söylədiyi fikirlər, verdikləri bəyənatlar Azərbaycan və Qazaxıstan xalqlarının gələcək inkişafında, onların xoşbəxt həyatının təmin olunmasında mühüm rol oynayacaqdır”, deyə Tahir Rzayev bildirib.
Müəllif: İnam Hacıyev