Keçmiş SSRİ-nin iki respublikası – Qazaxıstan və Azərbaycanın əməkdaşlıq tarixləri uzun illərə və möhkəm bağlara malikdir. Məhz bu bağların möhkəmliyi hazırkı dövrdə, bu dəfə müstəqillik reallığında özünü bir daha göstərir. Söz yox ki, belə bir faktorun kökündə dayanan daha bir amil eyni soykökə malik olmaqdan ibarətdir. Belə ki, Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından da bir-birinə çox yaxındırlar. Lakin bu yaxınlığı özündə birləşdirən daha bir gerçəklik vaxtilə Stalinin kütləvi repressiyalar tətbiq etdiyi zamanlara söykənir. Ötən əsrin 30-40-cı illərində minlərlə azərbaycanlı ailələri, eləcə də ayrı-ayrı şəxslər Qazaxıstana sürgün olunublar. Orta hesablamalara görə, hazırda Qazaxıstanda 300 minə yaxın azərbaycanlıların yaşadığı bildirilir. Soydaşlarımız bu ölkənin inkişafı, tərəqqisi üçün çalışır, fəaliyyət göstərirlər. Demək olar ki, bütün sahələrdə fəaliyyət göstərən azərbaycanlılar bütövlükdə Qazaxıstanın ictimai-siyasi, mədəni həyatında öz uğurlu sözlərini deməkdədirlər.Yuxarıda da qeyd edildiyi kimi, Azərbaycan-Qazaxıstan münasibətləri Sovet İttifaqı dağıldıqdan sonra da inkişaf edib və bu inkişaf öz yüksələn xətti ilə qeydə alınıb. Buna daha bir əhəmiyyətli səbəb onların Xəzəryanı ölkələr kimi ortaq su sərhədinə malik olmalarıdır. Belə ki, SRRİ dövründə sıx dostluq münasibətlərinə malik olan Ulu Öndər Heydər Əliyev və Qazaxıstanın sabiq prezidenti, Elbası Nursultan Nazarbayev bu əlaqələri hər iki ölkə müstəqilliyini qazandıqdan sonra da davam və inkişaf etdiriblər. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrından isə Azərbaycanın Qazaxıstanın Aktau şəhərində konsulluğu fəaliyyət göstərir. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir.Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbəri kimi Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə ilk görüşü 1994-cü il oktyabrın 19-da türk dövlətləri başçılarının ikinci Zirvə görüşündə baş tutub. Həmin görüşdə prezidentlər iki ölkə arasında münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər. Görüş zamanı Azərbaycan-Qazaxıstan münasibətlərinin həm türk dövlətlərinin münasibətləri çərçivəsində, həm də ikitərəfli formatda inkişaf etdirmək barədə qərar qəbul edilib. Bir il sonra isə Ulu Öndər Heydər Əliyev və Qazaxıstan prezidenti Nursultan Nazarbayev Almatıda keçirilən MDB ölkələri dövlət başçılarının Zirvə toplantısında görüşüblər. 1996-cı ilin sentyabrında isə Nursultan Nazarbayev Azərbaycana rəsmi səfər edib. Həmin vaxt Heydər Əliyevin və Nursultan Nazarbayevin iştirakı ilə Azərbaycan və Qazaxıstan nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Danışıqların əsas mövzusu iki ölkə arasında siyasi-iqtisadi əməkdaşlığın yeni inkişaf istiqamətləri olub. 1997-ci il iyunun 10-11-də Heydər Əliyev Qazaxıstana rəsmi səfər edib. Səfərin yekunlarına əsasən, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında xüsusi əhəmiyyət kəsb edən bir sıra sənədlər imzalanıb.Bundan əlavə, 2001-ci il noyabrın 29-da Moskvada Azərbaycanla Qazaxıstan arasında Xəzərin dibinin bölüşdürülməsinə dair saziş imzalanıb. Bu saziş Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından çox ciddi əhəmiyyətə malik olub.Prezident İlham Əliyev isə Qazaxıstana ilk rəsmi səfərini 2004-cü ildə edib. Səfər zamanı Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev iqtisadi münasibətlər, xüsusilə Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıblar. Bu görüşdən sonra Nazarbayev bildirib ki, İlham Əliyev Ulu Öndərin layiqli davamçısı olmaqla yanaşı, ölkənin regionda və dünyada mövqeyini gücləndirəcək.2006-cı ildə "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında neftin Qazaxıstan Respublikasından Xəzər dənizi və Azərbaycan Respublikasının ərazisi ilə Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə beynəlxalq bazarlara nəql edilməsinə dəstək verilməsi və şərait yaradılması haqqında" müqavilə imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə Türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsinin prioritet məsələlərdən biri olduğunu qeyd edib. Dövlətimizin başçısı, həmçinin bu ölkələrlə nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də öz çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevlə mütəmadi əlaqədə olduğunu və iki ölkə arasında əlaqələrin son illərdə yüksələn xətlə davam etdiyini bildirib.Mövcud strateji münasibətləri daha da inkişaf etdirmək üçün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin yaxın vaxtlarda Azərbaycana səfəri nəzərdə tutulur.Xatırladaq ki, iki ölkə arasında yaxın dostluq münasibətləri 2004-cü il martın 1-də Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2005-ci il mayın 24-də Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə daha da möhkəmləndirilib. Bütövlükdə isə, Azərbaycan ilə Qazaxıstan arasında 119 ikitərəfli sənəd imzalanıb. Bu sənədlər iki ölkənin münasibətlərinin müxtəlif sahələrdə inkişafına öz uğurlu töhfələrini bəxş edib. Azərbaycan və Qazaxıstan geniş iqtisadi potensiala malikdir. Hər iki ölkə Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan sərmayəsi ilə inşa edilən “Aktau İstehsal və Logistika Mərkəzi” ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Həmçinin qazax neftinin alternativ marşrutların əvəzinə, Azərbaycan vasitəsilə digər ölkələrə nəqli ilə bağlı da müzakirələr aparır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tamamlanması Qazaxıstan və Azərbaycanın Avropa və Asiyanın mühüm iqtisadi mərkəzlərinə çevrilməsinə kömək edəcək. Belə ki, bu dəmir yolu vasitəsilə Çindən Türkiyəyə məhsullar cəmi 12 günə çatdırıla bilir. Hər iki ölkənin kənd təsərrüfatı sahəsində də əməkdaşlığının inkişafı üçün geniş potensialı var. Xüsusilə ərzaq təhlükəsizliyi qlobal miqyasda ən önəmli məsələlərdən birinə çevrildiyi indiki dövrdə bu əməkdaşlığın inkişaf etdirilməsi çox vacibdir. Artıq bu sahədə tərəflərin ehtiyaclarının hesablanması üçün yeni araşdırmalar aparılır, ticarət missiyaları təşkil olunur.Xüsusilə vurğulamaq və xatırlatmaq yerinə düşərdi ki, Qazaxıstan xalqı hər iki Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək nümayiş etdirib. Böyük qazax mütəfəkkiri Oljas Süleymenov 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında rus-erməni şovinizminə qarşı çıxış edərək Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olan qazax şəhidi Yerbol Barımbekovun xatirəsi daim anılır. 44 günlük Vətən müharibəsi dövründə isə Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib. O cümlədən, Qazaxıstanın ölkəmizdəki səfirliyi Qarabağda yaradılacaq kitabxanalara kitab dəstəyi verməyə hazır olduğunu qeyd edib.Artıq faktlar da göstərir ki, həm etnik, həm dini, həm də mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz – Azərbaycan və Qazağıstan arasında bağlar sarsılmaz möhkəmliyə əsaslanır. Bu sarsılmazlıq isə əbədidir.
Muxtar Nağıyev,
YAP Səbail rayon təşkilatının sədri