PDF Oxu

Siyasət

  • 2 718

Ən uca zirvələrə layiq LİDER XANIM - TƏHLİL

Ən uca zirvələrə layiq LİDER XANIM - TƏHLİL

MEHRİBAN ƏLİYEVA: "İllər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca, məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız - Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır"

Respublikanın ictimai-siyasi, mədəni və sosial həyatında aparıcı qüvvəyə malik olan Azərbaycan qadını həm də dünya miqyasında beynəlxalq cəmiyyətin nüfuz sahibinə çevrilib. Onun qadın gözəlliyi, qadın iradəsi, saflığı və sədaqəti, əlbəttə ki, xalqımızın çoxəsrlik milli-mənəvi dəyərləri sistemində formalaşıb. Bütün sahələrdə öz əməlləri ilə xalqımızın dərin etimadını qazanmış Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi fəaliyyət, gördüyü işlər ən gözəl nümunələrdir.
ƏN LAYİQLİ SEÇİM - XALQ ONU SEVİR VƏ ONA İNANIR
Bu gün ölkəmizdə Birinci vitse-prezident Mehriban Əliyevanın timsalında Azərbaycan qadınının cəmiyyətdəki yeri, nüfuzu, işgüzarlığı, dövlətə layiqli xidmət missiyası daha aydın görünür. Təsadüfi deyil ki, Mehriban Əliyevanın siyasi-ictimai fəaliyyəti təkcə ölkəmizdə deyil, həm də dünyada Azərbaycan qadınının obrazının formalaşmasında müstəsna rola malikdir.Xalq onu sevir və ona inanır. Ona görə ki, Mehriban xanım Əliyevanın sayəsində cəmiyyətin sosial həyatında xeyriyyəçilik ənənələri canlanıb. Birinci vitse-prezident insanlara xeyirxahlığa meyil, başqasının dərdinə şərik olmaq, köməyə ehtiyacı olana yardım əlini uzatmaq kimi hiss və bacarıqları aşılayıb. Onun "Xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətlərdən biridir və biz bu gün Heydər Əliyev Fondu olaraq ənənələri davam etdirməyə çalışırıq" sözləri xeyriyyəçiliyin həyatının kredosuna çevrildiyini bir daha təsdiqləyir.
2017-si il fevral ayının 21-də Prezident İlham Əliyev Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması onun Vətən və xalq naminə göstərdiyi ardıcıl fəaliyyətə verilən yüksək qiymət idi. Mehriban xanım Əliyeva yeni təyinatadək ona həvalə olunan bütün vəzifələrin öhdəsindən layiqincə gələrək özünün yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirmişdi. Yeni təyinatadək Azərbaycan ictimaiyyəti Mehriban xanım Əliyevanın Bakının ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı yarışmasını, tarixdə ilk dəfə keçirilən Birinci Avropa Oyunlarını təşkil edən peşəkar komandanın rəhbəri kimi necə böyük əzmkarlıq, iradə, təşkilatçılıq, ətrafındakıları gələcək uğurlara inandırmaq bacarığı nümayiş etdirdiyinin şahidi olmuşdu. Bəhs olunan mötəbər tədbirlərdə Azərbaycan yeni yüksək standartlar nümayiş etdirdi, özünü güclü, hər şeyə qadir olan dövlət kimi göstərdi ki, burada Mehriban xanım Əliyevanın xidmətləri müqayisəyə gəlməzdir.
SƏMƏRƏLİ FƏALİYYƏT, YORULMAZ MİSSİYA
Bu bir tarixi həqiqətdir ki, vətəni, xalqı üçün çalışan, təmənnasız xeyirxahlığı, humanistliyi həyat amalına çevirən şəxslərin ideyaları, xoş əməlləri gələcək nəsillər üçün nümunəyə çevrilir. Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tariximizin şanlı salnaməsinə öz dəstxətti ilə daxil olan belə şəxsiyyətlərdəndir. Xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Heydər Əliyev Fondunun rəhbəri Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir. Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərməkdədir. Prezident İlham Əliyevin dövlətçilik ideyalarından güc alan Mehriban xanım Əliyevanın humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq reallaşdırdığı genişmiqyaslı layihələr onu xalqın sevimlisinə çevirib.
Əlbəttə ki, bu xeyirxahlıqdan, nəcib əməllərdən, sosial layihələrdən danışarkən Mehriban Əliyevanın 2004-cü ildən bəri rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etməmək mümkün deyil. Artıq 18 ildir ki, əsasında mərhəmət, şəfqət, xeyirxahlıq kimi ali dəyərlər dayanan Heydər Əliyev Fondu öz prinsiplərinə sadiq qalaraq, təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirir. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətinə diqqət yetirsək bu kmmi əhəmiyyətli məqama layiq olan şəxs məhz Mehriban xanım Əliyevadır. Çünki O, fəaliyyəti müddətində gördüyü bütün işləri ilə, reallaşdırdığı nəhəng layihələri ilə həmin məqamı kifayət qədər təsdiqləmiş olur.Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ulu öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Fond ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür. Bir sözlə, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. O cümlədən Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən bəhs edərkən onu da vurğulamaq lazımdır ki, Fond, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Fondun dəstəyilə artıq uzun illərdir ki, müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, “Qarabağ həqiqətləri” adlı bukletlər və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı təqdim olunur. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır. Təsadüfi deyil ki, məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub.Ölkəmizin inkişafında təhsilin misilsiz əhəmiyyəti olduğunu nəzərə alan Heydər Əliyev Fondu bir neçə iri miqyaslı layihələr hazırlayaraq həyata keçirmişdir. Bu baxımdan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı xüsusi əhəmiyyət kəsb edir. Müəllifi Mehriban xanım Əliyevanın olduğu bu proqramda respublikamızın rayon və şəhərlərində yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, təhsil ocaqlarının əsaslı təmiri, maddi-texniki bazasının yaxşılaşdırılması, təhsilin keyfiyyətinin qaldırılması əsas məsələlər sırasındadır. Təkcə 2005-2007-ci illərdə 60-dan çox rayonda 200 məktəb binası tikilmişdir. Respublikada uşaq evlərinin və internatların əsaslı şəkildə yenidən qurulmasına dair "Uşaq evlərinin və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində 29 uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş, əlavə yardımçı binalar tikilmiş, təzə avadanlıqlarla təmin olunmuşdur. Son illərə qədər ölkəmizin bütün regionlarında təhsil sistemindəki əsas problemlər Mehriban xanımın qayğısı və diqqəti nəticəsində artıq öz həllini tapmışdır. Ümumiyyətlə, belə bir münasibət ölkəmizin pedaqoji kollektivlərini, bütün müəllimləri, tərbiyəçiləri saf əqidəli, dərin bilikli, geniş dünyagörüşlü, ən başlıcası Vətənini alovlu məhəbbətlə sevən uşaqların və gənclərin tərbiyə edilməsinə səfərbər edir. İstər milli mənəvi dəyərlərin qorunması və dünya miqyasında təbliği, istər elm və təhsilin səviyyəsinin yüksəlməsi, istərsə də səhiyyənin inkişafı, insanların fiziki və mənəvi sağlamlığının təminatı sahəsində həyata keçirilən mühüm layihələr Mehriban xanımın geniş dünyagörüşündən, yüksək mənəvi keyfiyyətlərindən xəbər verir.Milli Gimnastika Federasiyasının Prezidenti kimi Mehriban xanım Əliyeva gənc nəslin fiziki-mənəvi sağlamlığının təminatı məqsədilə genişmiqyaslı iş aparır.
AZƏRBAYCANIN DAVAMLI İNKİŞAFINA MÜHÜM TÖHFƏLƏR VERƏN GENİŞMİQYASLI FƏALİYYƏT
Mehriban xanım Əliyevanın çoxşaxəli, məqsədyönlü fəaliyyəti həm ölkəmizdə ayrı-ayrı sahələrin inkişafı, həm Azərbaycanın müsbət beynəlxalq imicinin daha da möhkəmləndirilməsi, həm də milli birliyin gücləndirilməsi baxımından böyük önəm kəsb edir. Mehriban xanım Əliyeva hələ Birinci vitse-prezident təyin edilməmişdən öncə ölkənin siyasi həyatında fəal iştirakı ilə Azərbaycanın inkişafına, sosial məsələlərin həllinə mühüm töhfələr verib. Mehriban xanım Əliyeva millət vəkili kimi fəaliyyət göstərərkən xalqa və dövlətə ləyaqətlə xidmət edərək milli maraqları daim üstün tutub, mühüm təşəbbüslərlə çıxış edib. Təsadüfi deyil ki, Azərbaycan xalqı Mehriban xanım Əliyevanın həm də millət vəkili kimi fəaliyyətini yüksək qiymətləndirib, ona yüksək etimad göstərib. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə çox genişmiqyaslı sosial-iqtisadi layihələr həyata keçirilib. Yeni tibb ocaqları, məktəblər, uşaq bağçaları, internat məktəbləri istifadəyə verilib. Mehriban xanım Əliyeva, həmçinin Milli Məclisdə Amnistiya aktının qəbul olunması təşəbbüsləri ilə çıxış edib və bunun sayəsində minlərlə məhkum azadlığa qovuşub.Bununla yanaşı, pandemiya səbəbindən ölkəmizdə yaşanan böhran zamanı Mehriban xanım Əliyevanın peşəkarlığı sayəsində idarətmədə güc birliyi təmin olunmuşdur. Onun tapşırığına əsasən Heydər Əliyev Fondu tərəfindən pandemiya dövründə ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı həyata keçirilmişdir. Bakı və regionlardakı körpələr və uşaq evləri, internat məktəbləri, Uşaq Psixonevroloji Mərkəzi, bütün sosial xidmət müəssisələri, o cümlədən pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi belə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələrlə, maskalar, digər qoruyucu vasitələr və zəruri ehtiyaclarla mütəmadi təmin edilmişdir.2020-ci ildə - Nəsimi ilində Mehriban xanım Əliyevanın ideyası və təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilmişdir. Bakıda IDEA-nın təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilmiş və beynəlxalq ekspertlərin diqqəti Azərbaycanda, eləcə də bütün Qafqazda biomüxtəlifliyin qorunmasına yönəldilmişdir. Bizim milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Mehriban xanım Əliyevanın təşəbbüsü nəticəsində mümkün olmuşdur. Mehriban xanım Əliyeva Azərbaycanın maddi və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirmişdir. Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil edilərək qorunma altına alınmışdır. Məhz bunun nəticəsində dünya insanı Azərbaycanı müasir və dinamik inkişaf edən ölkə, eyni zamanda, Azərbaycan xalqını öz tarixi köklərinə bağlı olan multikultural və tolerant xalq kimi tanımağa başlamışdır.
Mehriban xanım Əliyevanın UNESCO-nun Xoşməramlı səfiri və ölkəmizin Birinci vitse-prezidenti kimi 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs göstərməsi və buna nail olması tarixi hadisədir.Mehriban xanım Əliyeva 2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun, 2006-cı ilin noyabrında isə humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür.Müxtəlif müsəlman ölkələrində xeyriyyə aksiyalarının keçirilməsi, müsəlman uşaqların təhsili və sağlamlığı ilə bağlı davamlı layihələrin reallaşdırılması, həmçinin Bakının İslam mədəniyyətinin paytaxtı olması önəmli təşəbbüs və vacib işlər kimi qeyd edilə bilər. Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdə yeni məscidlər inşa etmiş, müqəddəs ziyarətgahların təmir-bərpa işlərini həyata keçirmişdir. Bundan əlavə, Mehriban xanım Əliyeva yüz illər boyu Azərbaycanda dost və qardaş şəkildə yaşamış müxtəlif dinlərin nümayəndələrinin mədəni özünəməxsusluğunu qoruyub saxlaması, dini ayinlərini sərbəst yerinə yetirməsi üçün ibadət evlərinin bərpası və inşası işində də öndə dayanmışdır. Mərdəkan qəsəbəsindəki XVI əsrə aid “Pir Həsən” ziyarətgahında, Binə qəsəbəsindəki “Möhsün Səlim” və “İmam Rza”, Gəncədəki “Həzrəti Zeynəb”, Buzovna qəsəbəsindəki “Cümə” və s. məscidlərdə əsaslı təmir və bərpa işləri həyata keçirmişdir. Davamlı olaraq ölkəmizdəki müqəddəs məkanları, dini ibadət yerlərini ziyarət edən Mehriban xanım Əliyeva bu nəcib fəaliyyəti ilə ölkəmizdə dövlət-din münasibətlərinin daha yaxşı şəkildə qurulması işinə böyük töhfə vermişdir.
QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜN SOYDAŞLARIMIZIN MƏNZİL-MƏİŞƏT ŞƏRAİTİNİN YAXŞILAŞDIRILMASINA HESABLANAN YENİ LAYİHƏLƏR UĞURLA REALLAŞDIRILIR
Son 19 ildə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həlli məqsədilə müxtəlif proqramlar reallaşdırılıb. Son 19 ildə qaçqın və məcburi köçkünlər üçün 102 müasir qəsəbə salınıb. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsində 2017-ci il martın 9-da keçirdiyi ilk müşavirədə məhz Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsi məsələsi müzakirə edildi. Birinci vitse-prezidentin yanında keçirilən ilk müşavirədən sonra birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planı hazırlandı. Bəhs olunan müşavirədən cəmi bir neçə ay sonra isə - 2017-ci il may ayının 30-da Mehriban xanım Əliyevanın iştirakı ilə Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən “Ümid” yaşayış kompleksinin təməli qoyuldu. Bundan başqa, çox qısa müddətdə Abşeron rayonunun Masazır, Mehdiabad, o cümlədən Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edilib. Ötən ilin mayında istifadəyə verilən “Qobu Park” yaşayış kompleksində hər biri 2 bloklu, 9 mərtəbəli, 1026 mənzilli 11 yaşayış binası inşa olunub.Ötən il dekabrın 24-də Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verilib. Məcburi köçkün soydaşlarımız üçün daha bir yaşayış kompleksi 27 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Sumqayıt şəhərində istifadəyə verilib. Pirallahı rayonunda Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən yeni yaşayış kompleksində isə 306 məcburi köçkün ailəsi üçün gözəl şərait yaradılıb.
ÖZ ƏMƏLLƏRİ İLƏ XALQIMIZIN DƏRİN ETİMADINI QAZANMIŞ BİRİNCİ VİTSE-PREZİDENT XANIM MEHRİBAN ƏLİYEVANIN ÖTƏN İLLƏRDƏ HƏYATA KEÇİRDİYİ FƏALİYYƏT, GÖRDÜYÜ İŞLƏR ƏN GÖZƏL NÜMUNƏLƏRDİR
Birinci vitse-prezident Mehriban Əliyevanın ötənilki fəaliyyəti ölkəmizin yüksəlişinə və beynəlxalq nüfuzunun daha da artmasına böyük töhfələr verib. 2021-ci il Azərbaycanın tarixində olduqca yüksək uğurlarla yadda qaldı. Öz əməlləri ilə xalqımızın dərin etimadını qazanmış Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ötən il həyata keçirdiyi fəaliyyət, gördüyü işlər ən gözəl nümunələrdir. 2021-ci ildə respublikamızın əsas prioritetlərindən biri işğaldan azad olunmuş ərazilərimizin bərpası olmuşdur. Elə bu günlərdə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Qarabağın giriş qapısı adlandırılan Ağdama səfəri, səfər zamanı bərpa işləri, o cümlədən Acdam Cümə məscidinin Heydər Əliykv Fondu tərəfindən bərpa-restavrasiya işlərinin aparılması bir daha Mehriban xanımı Əliyevanın xalqına, dövlətinə sevgisinin təsdiqidir. Həmçinin, Mehriban xanım Əliyevanın ölkə Prezidenti İlham Əliyevlə mütəmadi olaraq işğaldan azad olunmuş torpaqlara səfəri bir daha öz Vətəninə, torpacına bağlılığın təcəssümüdür. Azərbaycan ictimaiyyəti Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza səfərləri ilə bağlı ilk və ən müfəssəl məlumatları məhz Mehriban Əliyevanın yolboyu etdiyi çəkilişlər vasitəsilə alırdı. Eyni zamanda bu görüntülər erməni barbarlığını, düşmənin vəhşiliyini bütün dünyaya çatdırdı. Mehriban Əliyevanın apardığı bu çəkilişlərdə Prezident İlham Əliyev həm də Ermənistana xəbərdarlıqlar edirdi, Azərbaycanın prioritetləri ilə bağlı mühüm mesajlar verirdi.
BÖYÜK ZƏHMƏTLƏRƏ SÖYKƏNƏNƏN ÖNƏMLİ TƏLTİFLƏR
Hər bir azərbaycanlı üçün fərəhlidir ki, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın fəaliyyəti beynəlxalq səviyyədə diqqətdədir. Onun gördüyü işlər cavabsız qalmamış, dünya dövlətləri, nüfuzlu təşkilatlar tərəfindən müxtəlif adlara, mükafatlara layiq görülmüşdür. Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsində sanballı töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin, islam aləmində görülən işlərə böyük dəstəyinə görə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülüb. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə "Qızıl ürək" beynəlxalq mükafatı, Mərhum Polşa prezidenti Lex Kaçinski tərəfindən Azərbaycanla Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni, Fransanın eks-prezidenti Nikolya Sarkozinin sərəncamı ilə "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə təltif edilməsi və digər belə mükafatlar Onun fəaliyyətinin real qiymətidir.Fəaliyyətinə görə təqdim olunan mükafatların davamı olaraq Onun Pakistanın nüfuzlu "Daily times" qəzeti və Qadın Könüllülər Təşkilatının "Humanizm simvolu-2012-ci ilin adamı" elan edilməsi də bəşəri, humanizm prinsiplərini yüksək tutmasına söykənir. Mehriban xanım bu ada Heydər Əliyev Fondunun 2012-ci ildə Pakistanın bütün əyalətlərində keçirdiyi humanitar aksiyalara, o cümlədən, təhsil və səhiyyə sahəsində işlərə görə layiq görülüb. Qeyd edək ki, Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda bir sıra layihələr gerçəkləşib. Belə ki, 2007-ci ildə Pakistanın zəlzələdən zərər çəkən Müzəffərabad şəhərində qızlar məktəbi tikilib, 2012-ci ildə isə həmin məktəb əsaslı təmir edilib, orada yenidənqurma işləri aparılıb. Həmin işlər bu gün də uğurla davam etdirilməkdədir. Bu və ya digər gördüyü işlər onu "Humanizm simvolu-2012-ci ilin adamı" elan edib.Prezident İlham Əliyev Heydər Əliyev Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunan mərasimdə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “Heydər Əliyev Mükafatı”nı təqdim edib. Dövlət başçısının 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə isə Mehriban xanım Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə ölkəmizin ən ali dövlət təltifi olan “Heydər Əliyev” ordeninə layiq görülüb.Mehriban xanım Əliyevanın xeyriyyəçilik fəaliyyəti, həmçinin xalqlar və mədəniyyətlərarası əlaqələrin inkişafına verdiyi əvəzsiz töhfələr xarici ölkələr və təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. On ildən artıqdır ki, Mehriban Əliyeva UNESKO-nun və ISESKO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda səfiri olsun. Bundan başqa, Mehriban xanım Əliyeva Rusiyanın, Fransanın, Polşanın, Pakistanın, Serbiyanın, çoxsaylı beynəlxalq təşkilatların yüksəksəviyyəli mükafatları ilə təltif olunub. 2019-cu ildə isə Prezident Vladimir Putinin Fərmanı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunub. Birinci vitse-prezident bu mükafata Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə layiq görülüb.Bu, Azərbaycanın Birinci vitse-prezidentinin layiq görüldüyü mükafatların heç də tam siyahısı deyil. Mehriban xanım Əliyeva hesab edir ki, ən böyük mükafatı xalqın ona olan sevgisi, inamı və etimadıdır. Onun dediyi kimi, "İllər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca, məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız - Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır".
Mehriban xanım elə bu amalla da öz ömür kitabını yazmaqda davam edir, onu gündən-günə, ildən-ilə yeni parlaq və mənalı səhifələrlə zənginləşdirir.Bir sözlə, Azərbaycan xalqı ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti kimi bundan sonra da bu çətin və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gələcəyinə inanır və dəstəkləyir.
RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər