“Bu gün Şuşada diplomatların iştirakı ilə beynəlxalq konfrans öz işinə başlamışdır. ABŞ və Fransanın səfirləri isə dəvəti qəbul etməyib və Şuşadakı beynəlxalq konfransa qatılmayıblar”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, ABŞ və Fransa səfirlərinin dəvətimizi qəbul etməməsini birinci növbədə Azərbaycana qarşı hörmətsizlik kimi başa düşürəm: “İkincisi isə bu dövlətlər üçün beynəlxalq hüquq, ədalət boş şeydir. Onlar ancaq öz mənafələrinə və maraqlarına xidmət edən siyasət yürüdürlər”.
Deputat sözlərinə belə davam edib: “Burdan belə bir nəticə çıxarmaq olar ki, Ermənistan-Azərbaycan münaqişəsinin 30 il davam etməsinin səbəbkarları bu ölkələr olmuşddur.
Əgər ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi ABŞ və Fransa bu illər ərzində ədalətli mövqedən çıxış edərək Ermənistana təsir göstərsəydi, münaqişə də çoxdan bitərdi və müharibəyə ehtiyac qalmazdı. Hətta 44 günlük Vətən müharibəsi zamanı bu ölkələr BMT TŞ–da Azərbaycana qarşı qətnamə qəbul etmək istəyirdilər. Amma bizə dost ölkələr o zaman Azərbaycana qarşı qətnamənin qəbul olunmasını bloklamışdılar.
Bu günlərdə ABŞ dövlət katibi Entoni Blinkenin ATƏT-in Minsk Qrupuna yeni həmsədr təyin etdiyi haqqında da xəbərlər yayıldı. Amma Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalarla bağlı bu ölkə ilə eyni təşkilatda təmsil oluna bilməyəcəklərini də bildirmişdilər. Bu o demək idi ki, faktiki Minsk Qrupu yoxdur.
Həm də biz ərazi bütövlüyümüzü təmin etməklə münaqişəni bitirmişik və Minsk Qrupunun fəaliyyətini də pensiyaya göndərdiyimizi elan etmişik. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, bu iki ölkə müharibənin bitməsini və indi sülh müqaviləsinin imzalanması mərhələsində olduğunu qəbul etmək istəmir. Çünki Cənubi Qafqazda sülhün yaranması onların siyasətinə və maraqlarına uyğun gəlmir. Onlar regionda gərginliyin olmasının və özlərinin daima mövcudluğunun qorunmasının marağındadır. Azərbaycanın atdığı bütün addımlar beynəlxalq hüquqa və beynəlxalq konvensiyalara uyğundur. Ona görə də onlar məsələlərə birbaşa müdaxilə edə bilmədiyindən ancaq uzaqda dayanaraq xoşa gəlməyən belə hərəkətləri ilə öz mövqelərini bildirmiş olurlar”.
Ayşən Vəli