PDF Oxu

Siyasət

  • 2 368

Tarixi qardaşlıq - Azərbaycan və Qazaxıstan

Tarixi qardaşlıq - Azərbaycan və Qazaxıstan

Azərbaycan ilə Qazaxıstan münasibətlərinin tarixi, qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və qazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir. Hər iki xalq Çar imperiyası və Sovetlər ittifaqı dönəmində vahid mərkəzdən idarə olunublar. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Qazaxıstanda yaşayan azərbaycanlılar elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrdə çalışırlar. Onlar Qazaxıstanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. 1990-ci illərdən etibarən Qazaxıstanda bir sıra Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Böyük qazax mütəfəkkiri Oljas Süleymanov 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında, rus-erməni şovinizminə qarşı çıxış edərək Azərbaycanın haqq səsini dünyaya bəyan edib. Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi çərçivəsində mövcud olmuşdur.

2022-ci ilin 24 avqustunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasına rəsmi səfərə gəldi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayevlə görüşdü.Bu gün Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir, biz strateji tərəfdaşlarıq, müttəfiqlərik.Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir.
Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, humanitar əməkdaşlığın daha bir elementidir. Bu əməkdaşlıq da uğurla inkişaf edir. Mərkəz Füzuli şəhərində tikiləcək. Füzuli şəhərinin tikintisinin aş planı təsdiqlənib, artıq yaşayış fondunun ilk tikililəri başlayır. Məhz, həmin vaxtadək, bu mərkəz hazır olanda Füzulinin ilk sakinlərinin oraya köçürülməsi planlaşdırılır.Xarici siyasətdə iştirak etdiyimiz aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edirik, daim bir-birimizi dəstəkləyirik və bu, gələcəkdə də davam edəcək. Çünki əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur və hər yerdə Qazaxıstan və Azərbaycan nümayəndələri sıx, qarşılıqlı fəaliyyətdədirlər.Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı tərəflər arasında 20-dən artıq sənəd imzalanmışdır. Bu qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi kömək edəcək. Səfər zamanı imzalanmış aşağıdakı sənədləri xüsusi ilə qeyd etmək olar:
- “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”;
- “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”;
- “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında 2022-2025-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlığa dair Proqram”;
- “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2024-cü illər üzrə Əməkdaşlıq Planı”;
- “Azərbaycan Respublikasının Hökuməti ilə Qazaxıstan Respublikasının Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş”;
- “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Qazaxıstan Respublikası İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumu”;
- “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
- “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında tranzit yükdaşımaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
- “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu”.Bu sənədlərin imzalanması ilə iki ölkə arasındakı iqtisadi, ticarət, siyasi, mədəni, nəqliyyat, kommunikasiya, elm, təhsil, xarici siyasət və digər sahələrdə əlaqələr daha da inkişaf edəcəkdir.

Bu Bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir. Biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. Əlbəttə, bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq. Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək. Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Həmçinin, Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaq.

Mürsəl Mürsəlov
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzinin baş direktoru

Digər xəbərlər