PDF Oxu

Siyasət

  • 2 027

Narahat olan İrandır, yoxsa diplomatları? TƏRS BAXIŞ+ÖZƏL

Narahat olan İrandır, yoxsa diplomatları? TƏRS BAXIŞ+ÖZƏL

Yaxud, Laçın şəhərinin azad edilməsi və Zəngəzur dəhlizi faktorunun Zuhtavəndin sərsəm iddiası ilə üst-üstə düşməsi təsadüf hesab edilə bilərmi?

Zaman-zaman qonşu İranın rəsmi şəxslərinin, eləcə də ali dini nümayəndələrinin istər dolayı, istərsə də birbaşa Ermənistanın ya qeyri-müəyyən, ya da ümumiyyətlə qəbuledilməz mövqeyinə dəstək müsbətləri sərgiləmələri və bu vasitə ilə Azərbaycan dövlətinin maraqlarına qarşı neqativ davranışları yalnız təəssüf deyil, həm də hiddət hissləri oyadır. Məhz bu baxımdan, bugünlərdə nüvə danışıqlarında İran tərəfindən iştirak edən Əbülfəzl Zuhtəvəndin səsləndirdiyi ifadələri Tehranın qeyri-səmimiliyinin, daha dəqiq desək, İrəvanın anti-Azərbaycan siyasətinə dəstək göstərmək etirafına bənzəyir.Üstəlik, iranlı diplomatın regionda güc balansının məhz Azərbaycanın tərəfinə keçməsindən doğan narahatlığı, habelə qıcıqlanması da belə deməyə zəmin yaradır ki, onun fikirləri əlbəttə ki, özbaşına səsləndirilmir, yəni həmin fikirlər birbaşa sifarişli xarakter daşımaqdadadır.
Daşıdıqları diplomatik statuslarına belə əhəmiyyət verməyən belələri dövlətlərarası münasibətlərə də kölgə salmaqla məşğuldurlar
Faktiki olaraq millətçilik və ultraşovinizm xarakterinə xas olan “Qafqaza sahibliyi biz etməliyik” tipli ifadələr də məhz belə qənaətə gəlməyə zəmin yaradır ki, yalnız adıçəkilən şəxs deyil, eləcə də onun kimi digər tehranlı yuxarı eşalon adamlarının media və TV-lər, eyni zamanda, sosial şəbəkələr vasitəsi ilə erməniyönümlü bəyanatlar vermələri artıq ciddi şəkildə araşdırılmalı mövzuya çevrilməkdədir. Dəlil isə budur ki, hətta daşıdıqları diplomatik statuslarına belə əhəmiyyət verməyən belələri dövlətlərarası münasibətlərə də kölgə salmaqla məşğuldurlar.Halbuki, İran və Azərbaycan arasında uzun illərə söykənən qonşuluq prinsipləri mövcuddur və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən İranın daxilindən bu kimi dövlətə yaxın insanların əks, ziddiyyətli bəyanatlar vermələri istər-istəməz suallar doğurmaqdadır. Yəni iş o yerə çatır ki, hətta üzərində diplomat kimliyi daşıyan, beynəlxalq hüquqdan çıxış etməli olan İran rəsmiləri belə, beynəlxalq hüququ, qanunları və dövlətlərarası münasibətləri heçə sayan sərsəm açıqlama verməkdən çəkinmirlər.
Açıq-aşkar konfrontasiyaya çağırış
Buna misal olaraq artıq bir neçə gündür ki, ölkə mediasında yazılan və danışılan və İran tərəfindən nüvə sazişi ilə bağlı danışıqlarda iştirak edən Əbülfəzl Zuhtəvənd adlı şəxsin həddini olduqca aşan səs yazısını göstərə bilərik. Fikirlərinin əvvəlindən sonuna qədər Azərbaycanı, eləcə də Türkiyəni hədəfə alan iranlı diplomat ölkəmizin və qardaş Türkiyənin regional uğurlarını ölkəsinə zərərli hesab edir. SİTAT: “Təəssüf ki, hökmranlıq İrəvandan Bakıya keçib. Bu, bizim ziyanımıza olub. Azərbaycan yenidən İrana birləşdirilməlidir. İlhaq edilmədikcə onlar xərçəng hüceyrəsi kimi İranın başına bəla olacaq... Türklər Zəngəzuru da almaq istəyirlər. Onlar bizim Ermənistanla bir neçə kilometrlik sərhədimizi də kəsmək istəyirlər. Xameneyi bununla bağlı lazımi xəbərdarlıq edib. Amma türkləri bunu vecinə almazlar”.Açıq-aşkar konfrontasiyaya çağırış edən Zuhtavənd İranın Türkiyə ilə də strateji müttəfiq ola bilməyəcəyini qeyd edir, üstəlik dolayısı ilə bütövlükdə Cənubi Qafqaza sahiblənmək marağında olduğunu, o cümlədən, Azərbaycanın deyil, həmçinin Gürcüstanın, o cümlədən, dolayısı ilə Rusiyanın da ərazilərinə göz dikdiyini sətiraltı ifadəsi ilə isbatlayır. Onun “Türkiyə ilə strateji müttəfiqliyi, hətta strateji tərəfdaşlığı düşünə bilmərik. Cənubi Qafqaz bizim sivilizasiya məkanımızdır. Şimali və Cənubi Osetiya xalqı İran mənşəlidir”, ifadəsindən başqa hər hansı digər nəticələri də çıxarmaq olmaz...
Azərbaycan “dəhşətli fenomenyimiş” (?!)
Bu da azmış kimi, Azərbaycanı “dəhşətli fenomen” adlandıran iranlı diplomatın Naxçıvanı “Axillesin dabanı” adlandırmaqla Azərbaycanın ayrılmaz hissəni olan bu bölgəmizin də İrana birləşdirilməsi iddiası ilə çıxış etməsi artıq bütün qırmızı xətləri keçmiş olur.Maraqlıdır ki, sözügedən məsələ nədənsə (?!) Laçın şəhərinin, eləcə də Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarəti altına keçməsi ərəfələrində çıxır və burada digər qaranlıq məqamların da dayandığını proqnozlaşdırmaq mümkündür. Bildiyimiz kimi, erməni lobbisi yalnız Qərb ölkələrində deyil, eyni zamanda, İranda da fəaliyyət göstərir və nəzərə alsaq ki, fars millətçi-şovinizmi və antitükr isterikası ilə erməni millətçiliyi arasında paralel faktorlar mövcuddur, bu zaman həmin səs yazısının nəyə görə məhz indilərdə üzə çıxmasını anlamaq elə də çətinlik yaratmır.
Zuhtavənd: “Ermənilər İranın müttəfiqidir, tarix boyu həmişə belə olub”
Məsələn, o da əbəs deyil ki, Zuhtavənd “Ermənilər İranın müttəfiqidir, tarix boyu həmişə belə olub” fikirlərini önə sürməsi ilə yanaşı, tarixi saxtalaşdıran sərsəm və əsassız iddia ilə çıxış edib, guya Azərbaycan deyə bir yerin olmadığını bildirib, “Azərbaycan yenidən İrana birləşdirilməlidir. İlhaq edilmədikcə İranı başına xərçəng hüceyrəsi kimi bəla olacaqlar”, kimi şizofrenik xarakterli ifadələrini səsləndirib.Beləliklə, belə bir fikirlərdən sonra İranın Azərbaycandakı səfirliyi dərhal əks-bəyanatla çıxış edib. "İran Azərbaycanla nəqliyyat əlaqələrini daha da genişləndirməyə davam edir", kimi fikirləri ilə Zudavəndin iddialarını arxa plana keçirib. Rəsmi Tehranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib: “Buna misal olaraq, yeni çəkilən dəmir yollarını göstərə bilərik. İran Zəngəzur dəhlizinin əleyhinə deyil və İranın qardaş Azərbaycanla əsas koridoru mövcuddur. Bu əsas dəhliz Azərbaycan və Naxçıvanı artıq 30 ildir ki, bir-birinə bağlayır. Azərbaycan və Naxçıvan arasında bütün əlaqələr İran torpaqları vasitəsilə baş tuturdu. Biz indiyə qədər olan dəhlizi əsas hesab edirik. Təbii ki, alternativ dəhlizlər də olmalıdır. Yeni dəhlizin Azərbaycan və Ermənistanı birləşdirmək məsələsinə gəlincə, bu, hər iki ölkədən asılıdır və beynəlxalq məsələdir. Bizim ölkəmizin prinsipi odur ki, bir ölkə digər bir ölkənin, o cümlədən, qonşularının milli maraqlarına təsir göstərə bilməz”. Regionda əməkdaşlıq məsələsindən bəhs edən səfir qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan 3+3 platforması regionda olan əməkdaşlığa töhfə verəcək. “Bu platformanın ilk iclası keçən il Moskvada baş tutdu. Bu il isə Tehranda keçiriləcək. Bu format çərçivəsində biz regionda olan problemləri dialoq yolu ilə həll edə bilərik. Biz regionda normallaşma, həmçinin, Qarabağın yenidən qurulması, mina təmizlənməsi istiqamətlərində irəliləyiş görürük”, - deyə o əlavə edib.
Əli Əkbər Vilayəti demişdi: “Biz niyə Azərbaycana (Cənubi Azərbaycana) sərmayə qoymalıyıq? Azərbaycan əvvəl-axır İrandan ayrılacaq”
Göründüyü kimi, İranın Azərbaycandakı səfirliyi necə deyərlər, odun üzərinə su tökməyə müvəffəq olub, amma təəssüf ki, bundan əvvəl də bənzər məsələlər yaşanıb və kimsə zəmanət verə bilməz ki, bu gün, yaxud sabah Zuhtavənd kimi digər şovinist ünsürlər Azərbaycanın əleyhinə hər hansı sərsəm fikirlər səsləndirməsin.Bu arada, “Azad İran” “YouTube” kanalında İranın keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin bir zamanlar səsləndirdiyi fikirlərlə bağlı süjet işıqlandırılıb və həmin süjetdə sabiq XİN başçısının fikirləri ilə yazını sonlandırmağı qərara aldım.Süjetdə isə deyilir ki, 1995-ci ildə, Rəfsəncaninin prezidentliyi dövründə Təbrizdə türklərin yaşadığı əyalətlərin iqtisadi baxımdan geridə qalmasına dair nazirlər kabinetinin iclası keçirilirdi. Həmin iclasda o zaman Xarici İşlər naziri vəzifəsini tutan Əli Əkbər Vilayəti demişdi: “Biz niyə Azərbaycana sərmayə qoymalıyıq? Azərbaycan (Cənubi Azərbaycan) əvvəl-axır İrandan ayrılacaq, ona görə mən bu əyalətlərə investisiya qoyuluşunu məsləhət bilmirəm”.
Məncə, nəticə çıxarmaq olar..!

Rövşən RƏSULOV

Digər xəbərlər