PDF Oxu

Siyasət

  • 2 226

Azərbaycan və Qazaxıstan arasında imzalanmış sənədlər münasibətlərin çoxşaxəli inkişafını təmin edəcəkdir ŞƏRH

Azərbaycan və Qazaxıstan arasında imzalanmış sənədlər münasibətlərin çoxşaxəli inkişafını təmin edəcəkdir ŞƏRH

2022-ci ilin avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü keçirilmişdir. Görüş zamanı dövlətimizin başçısı cənab İlham Əliyev Azərbaycanın inkişafından, tərəqqisindən, dünya dövlətləri ilə əlaqələrinin durmadan inkişaf etməsindən danışıb. İki dövlət arasında imzalanmış sənədlər göstərir ki, ölkələr arasında əlaqələrin həm iqtisadi həm ticari, həm siyasi dialoq, həm də mədəni sahələrdə inkişaf üçün geniş perspektivlər mövcuddur.
Azərbaycan Prezidenti İlham Əliyev cənablarının Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının daha bir təsdiqi olmaqla yanaşı, eyni zamanda da, möhtərəm dövlət başçımızın Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymət kimi dəyərləndirilir.Ölkələrimiz və xalqlarımız arasındakı dostluğun daha bir təzahürü kimi, Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakını da qeyd etmək lazımdır.
Hazırda ölkələrimiz arası münasibətlər özünün ən yüksək mərhələsini yaşayır. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin nümayəndə heyəti ilə Azərbaycana yüksək səviyyəli rəsmi səfəri və qarşılıqlı əməkdaşlığa dair 20 sənədin imzalanması ölkələrimiz arası münasibətlərin gələcək inkişafında böyük perspektivlərin olacağını deməyə imkan verir. Xüsusilə qeyd etmək lazımdır ki, prezidentlərin imzaladıqları “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram” və “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” ölkələrimiz arası inkişafın vektorlarını müəyyənləşdirir.
Çox sevindirici haldır ki, Qazaxıstanla Azərbaycan dost və qardaş ölkələr olaraq, bu dostluq və qardaşlıq həm torpaqlarımızın erməni işğalı altında olduğu dövrdə, həm də Vətən müharibəsi və işğaldan azad olunmuş ərazilərimizin yenidən qurma və bərpası müddətində yüksək səviyyədə nümayiş olunur. Qazaxıstan hər zaman bütün beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyibdir. Qazaxıstan, həmçinin Azərbaycanın Zəfərinə böyük dəyər verən və sevinən ölkədir. 44 günlük Vətən müharibəsi dövründə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından böyük ümidlər bəslədiyi zaman da Qazaxıstan Azərbaycanın apardığı haqq işini dəstəkləyərək, ərazi bütövlüyümüzün təmin olunmasına hörmətlə yanaşdığını bildirmişdir.
Bu əməkdaşlığın əsas istiqamətlərindən biri də humanitar sahədir. Qazaxıstan şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması və bərpası işində iştirak etmək təşəbbüsü ölkəmiz tərəfindən yüksək dəyərləndirilmişdir.
Prezidentlər Şuşa və Türküstan şəhərlərinin qardaşlaşması barədə sənəd imzalayıblar. Şuşa və Türküstan tarixi oxşarlığı olan və xalqlarımız üçün çox əhəmiyyət daşıyan şəhərlərdir. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olduğu kimi, Türküstan da Qazaxıstanın mədəniyyət mərkəzidir. Hər iki şəhər qədim tarixə malik olmaqla yanaşı, böyük hadisələrə şahidlik edibdir. Avqustun 1-dən Bakıda fəaliyyət göstərən “Qazax yurtası”nda dost və qardaş ölkənin turizm potensialı təqdim edilmiş,Bakı sakinləri “Qazax yurtası”nı ziyarət edir və böyük maraq göstərir. O cümlədən Kasım-Jomart Tokayevin təşəbbüsü ilə bu il Qazaxıstanda Azərbaycan mədəniyyətinin 10 günlüyünün keçirilməsi nəzərdə tutulub. Qazaxlar azərbaycanlıların mədəniyyətinə böyük maraq göstərirlər. Belə ki, mədəniyyət günləri çərçivəsində zəngin proqramla milli mədəniyyətimiz Qazaxıstanda təqdim ediləcəkdir.
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin əhəmiyyəti xüsusi qeyd olunmalıdır. İlk növbədə, bu sənəd artıq təsdiq edir ki, Azərbaycan və Qazaxıstan sadəcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərdir. Bu Bəyannamə ölkələrimiz arasında əməkdaşlığın bir çox istiqamətlərini əhatə edir və gələcək fəaliyyət üçün ciddi baza rolunu oynayır. Qeyd etmək lazımdır ki, Bəyannamədə son dərəcə mühüm siyasi məqamlar da əks olunubdur. Sənəddə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi qeyd edilibdir. Bu, Orta Dəhlizin tərkib hissəsi olacaqdır. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verəcəkdir.

Bəhruz Ramazanov
YAP Qusar rayon təşkilatının əməkdaşı.

Digər xəbərlər