PDF Oxu

Siyasət

  • 2 756

İki dövlət arasında münasibətlər bundan sonra da yüksələn xətlə inkişaf edəcək ŞƏRH

İki dövlət arasında münasibətlər bundan sonra da yüksələn xətlə inkişaf edəcək ŞƏRH

Azərbaycan-Qazaxıstan münasibətləri dərin qədim, tarixi köklərə bağlıdır. Eyni mənşəyə, eyni kökə malik olan bu iki xalq tarixin bütün çətin dövrlərində bir-birilərinə dəstək olmuş və dostluq münasibətlərini daha da möhkəmləndirmişdir. Azərbaycan Qazaxıstan arasında iqtisadi əlaqələrin də böyük və qədim tarixi var. Hələ 2005-ci il mayın 25-də Qazaxıstan Prezidenti N.Nazarbayev Azərbaycanda səfərdə olarkən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsi tədbirində iştirak etmişdir. Mərasim zamanı Qazaxıstanın da qoşulduğu "Şərq-Qərb enerji nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və genişləndirilməsi haqqında Bakı Bəyannaməsi" imzalanmışdır. Prezident İlham Əliyev isə bəyan edir ki, bu gün biz türk dövlətləri arasındakı birlikdən danışarkən gələcəyə baxırıq. Hazırda bu əlaqələrin əhatə dairəsi çoxşaxəlidir. Bu gün Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında geniş quruculuq-bərpa işləri aparılır. Təbii ki, Qarabağ bölgəsində genişmiqyaslı bərpa və infrastruktur quruculuğu işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir. Lakin bu işdə Azərbaycan tək deyil. Qarabağın yenidən çiçəklənməsində qardaş Türkiyə başda olmaqla digər türkdilli dövlətlər də öz dəstəyini əsirgəmirlər.Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü istər işğal dövründə, istərsə də İkinci Qarabağ müharibəsindən sonra daim dəstəkləyir. Dost ölkə işğaldan azad olunan torpaqlarımızın abadlaşdırılması işində yaxından iştirak edir. Qazaxıstan Prezidentinin ölkəmizə səfəri zamnı dost ölkənin azad Qarabağa hədiyyəsinin təqdimatı oldu. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində inşa ediləcək Kurmanqazı adına Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin layihəsi ilə tanış oldular. Xatırladaq ki, inşa ediləcək Kurmanqazı adına Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin layihəsi Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə hazırlanıb. Bu addımı yüksək dəyərləndirən dövlət başçısı İlham Əliyev Qazaxıstan Prezidenti ilə geniş tərkibdə görüşdə vurğuladı ki, Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatı keçirildi və bu, bizim xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, hazırda bizim hamımızın məşğul olduğumuz Qarabağın bərpası işinə töhfədir. Bu əminlik də ifadə edildi ki, qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi həm də Qazaxıstan-Azərbaycan dostluğu mərkəzi olacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman Türkdilli dövlətlərlə nəqliyyat, enerji və digər sahələrdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib. Bu gün ölkələrimiz arasında nəqliyyat, logistika, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi, mədəniyyət, turizm, təhsil, gənclər siyasəti və digər sahələrdə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir. Qazaxıstanda həyata keçirilən infrastruktur layihələrində və digər istehsal sahələrində Azərbaycan şirkətlərinin iştirakının təmin edilməsi üçün qarşılıqlı məlumat mübadiləsi aparılır.Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşir. Hər iki ölkənin marağı bu tranzit xəttin imkanlarından səmərəli şəkildə faydalanmaqdır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Yeni Bakı Beynəlxalq Dəniz Limanı, Qazaxıstanın qərb və şərq sərhədlərini birləşdirən dəmir yolu xətləri və Kurık dəniz limanı ölkələrimizin tranzit potensialının daha da artırılmasına müsbət təsir göstərir. Çin-Avropa istiqamətində region üzərindən yükdaşımalarının artması bunun bariz ifadəsidir. Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, İlham Əliyevin Azərbaycan- Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir. Bütün əldə olunan bu uğurların əsasını isə ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası təşkil edir. Məhz ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün istiqamətlərdə inkişafın və tərəqqisinin əsasını təşkil edir. İnanırıq ki, iki dövlət arasında münasibətlər bundan sonra da yüksələn xətlə inkişaf edəcək.

Laçın İsmayılov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının əməkdaşı

Digər xəbərlər