Düzgün aparılan xarici siyasət Azərbaycan Respublikasının siyasi iradəsinin göstəricisi olmaqla yanaşı, onun beynəlxalq münasibətlər sistemində mövqelərinin müəyyən edilməsini və möhkəmlənməsini, iqtisadi, siyasi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasını və inkişafını, milli təhlükəsizlik sahəsində mənafelərinin ödənilməsini, regional və beynəlxalq problemlərin birgə səylərlə aradan qaldırılmasını nəzərdə tutur. Coğrafi baxımdan Qərb və Şərqin kəsişməsində, sivilizasiyaların qovuşma məkanında, strateji yanaşmalarda isə geosiyasi və geoiqtisadi maraqların kəsişmə nöqtəsində yerləşən Azərbaycan üçün xarici siyasətin düzgün müəyyənləşdirilməsi həm ötən dövrlərdə, həm də indi müstəsna əhəmiyyətə malikdir. Ölkəmiz öz milli maraqlarını, regionda aparıcı dövlət statusunu qorumaqla yanaşı, Qərb, islam ölkələri, türk dünyası və Müstəqil Dövlətlər Birliyinin siyasi iqtisadi-mədəni məkanları ilə qarşılıqlı faydalı münasibətlər qurur, beynəlxalq əməkdaşlığı və bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini genişləndirir. Azərbaycan Respublikasının bu gün siyasi və iqtisadi potensialı artmış, regionda söz sahibi olan dövlətə çevrilmiş, beynəlxalq "siyasət səhnəsi"ndə nüfuzu və mövqeyi daha da möhkəmlənmişdir. Bu uğurlar vaxtilə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və hazırda dövlət başçısı İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursun məntiqi nəticələridir. Bu gün möhtərəm Prezident İlham Əliyevin apardığı xarici siyasətin təməli sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı faydalı əməkdaşlıq kimi əsas prinsiplərdən, bərabərhüquqlu və ölkəmizin milli mənafelərinə cavab verən iqtisadi, siyasi, mədəni əlaqələrin qurulmasından, Azərbaycan xalqının milli maraqlarına uyğun olan ardıcıl və açıq xarici siyasət yürüdülməsindən ibarətdir.Aparılan uğurlu xarici siyasətin nəticəsində Azərbaycan bölgədə və regionda etibarlı tərəfdaş kimi böyük potensiala malik olan bir dövlətdir və öz milli dövlətçilik maraqları çərçivəsində dünya arenasına uğurla inteqrasiya etməkdədir. Məlum olduğu kimi, avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdükdən sonra tərəflər müvafiq əməkdaşlıq sənədləri imzalanmışdır. Yeni imzalanan bu sənədlər Azərbaycan- Qazaxıstan arasında yeni bir mərhələnin başlanğıcına təkan vermiş oldu. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər, atılan addımlar türk dünyasının birliyinin daha da möhkəmləndirilməsi sahəsində yeni səhifələrin açılmasına şərait yaradıb. Səfər zamanı Qazaxıstan Prezidentinin Azərbaycan dövlət başçısı İlham Əliyevə Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” Ali ordenini təqdim etməsi isə iki qardaş türk dövlətinin birgə əməkdaşlığının, çoxəsrlik dostluq ənənələrinin qazandığı uğurların, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyinin təqdimatı oldu. Qardaş ölkənin Prezidenti Kasım-Jomart Tokayev bütün qazax xalqı adından ehtiram əlaməti olaraq İlham Əliyevə “Altın kıran” ordenini təqdim edərkən bildirib: “Qazaxıstanda Sizi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər”. Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı dövlət başçıları qarşılıqlı əlaqələrin inkişafını geniş müzakirə ediblər, tərəflər arasında 20-dən artıq sənəd imzalanıb. Bu sənədlər arasında strateji münasibətlərin və müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi haqqında Bəyannamə xüsusi əhəmiyyət kəsb edir. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü 44 günlük Vətən müharibəsində şanlı Zəfər çalan, regionda yeni reallıq yaradan Azərbaycan diplomatiyasının növbəti uğuru idi.
Məmləkət Qaraçobanova
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı