PDF Oxu

Siyasət

  • 3 545

Azərbaycan və Qazaxıstan münasibətləri yüksələn xətt ilə inkişaf edir ŞƏRH

Azərbaycan və Qazaxıstan münasibətləri yüksələn xətt ilə inkişaf edir ŞƏRH

Dərin köklərə malik olan Azərbaycan və Qazaxıstan Respublikaları arasındakı ikitərəfli münasibətlər 30 avqust 1992-ci ildə yaradılmışdır. Müstəqillik illərində iki ölkə arasında təməli ulu öndər Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən qoyulmuş münasibətlər 1 mart 2004-cü ildə Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyənnamə” və 24 may 2005-ci ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə möhkəmləndirilmişdir.Geniş iqtisadi potensiala malik Azərbaycan və Qazaxıstan Respublikaları müxtəlif beynəlxalq təşkilatlarda bir-birlərinə dəstək verərək, nəqliyyat, enerji və digər layihələr vasitəsilə regional əməkdaşlığı möhkəmləndirmək üçün çox işlər görüb. Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq, əlverişli tranzit potensialı və logistika imkanları beynəlxalq yükdaşımalarda onların rolunun artmasına böyük təkan verir. Aktau dəniz limanının xüsusi zonasında Azərbaycanın investisiyası ilə inşa edilən “Aktau İstehsal və Logistika Mərkəzi” ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrinin artmasında əhəmiyyətli rol oynayır.Dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan, eyni etnik soy-kökə malik olan hər iki türkdilli dövlət Xəzəryanı ölkələr kimi ortaq su sərhəddinə malikdir. 29 noyabr 2001-ci ildə Moskvada Azərbaycanla Qazaxıstan arasında Xəzərin dibinin bölüşdürülməsinə dair Saziş imzalanıb. Bu saziş Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından çox ciddi əhəmiyyətə malik olub. Prezident İlham Əliyevin 2004-cü ildə Qazaxıstana ilk rəsmi səfəri zamanı iki ölkə prezidenti arasında iqtisadi münasibətlər, xüsusilə Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb. 2006-cı ildə “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında neftin Qazaxıstandan Xəzər dənizi və Azərbaycanın ərazisi ilə Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə beynəlxalq bazarlara nəql edilməsinə dəstək verilməsi və şərait yaradılması haqqında” müqavilə imzalanıb. Azərbaycan neftçiləri və alimləri Qazaxıstanın neft mədənlərində uğurlu fəaliyyət göstəriblər, bu gün də Xəzər dənizi hövzəsinin araşdırılmasında da əməkdaşlıq edirlər.Azərbaycan tarixinin və mədəniyyətinin öyrənilməsi üçün hazırda Qazaxıstanın Aktau, Almatı və Nur-Sultan şəhərlərində yerləşən 5 mərkəz fəaliyyət göstərir ki, bu da Azərbaycan və Qazaxıstan Respublikalarının humanitar sahədə geniş əməkdaşlıq əlaqələri qurmasının isbatıdır. Hazırda Qazaxıstanda ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes sahələrində çalışan, ölkənin içtimai-siyasi həyatında yaxından iştirak edən üç yüz minə qədər azərbaycanlı yaşayır, Azərbaycanda isə 165 Qazaxıstan şirkəti fəaliyyət göstərir.Vətən Müharibəsi dövründə ölkəmizin haqlı mübarizəsini dəstəkləyən Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin inşa edilməsi iki dövlət arasındakı dostluq münasibətlərinin təzahürlərindən biridir.Müsahibələrində dəfələrlə türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsinin prioritet məsələlərdən biri olduğunu qeyd edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin bu ölkələrlə nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də öz növbəsində çıxışlarında iki ölkə arasında əlaqələrin son illərdə yüksələn xətlə davam etdiyini bildirib.30 il ərzində siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə böyük inkişaf yolu keçmiş Azərbaycan Qazaxıstan münasibətləri bu il yeni mərhələyə qədəm qoydu. Belə ki, 24 avqust 2022-ci il tarixdə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana ilk rəsmi səfəri baş tutdu. Səfər çərçivəsində Azərbaycan və Qazaxıstan prezidentlərinin təkbətək və geniş tərkibdə görüşlərinin keçirilməsi, Pezident İlham Əliyevin Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ordeni ilə təltif olunması iki ölkə arasında olan münasibətlərin yeni inkişaf mərhələsinin başlanğıcına işarədir. Qazaxıstan Prezidenti öz çıxışında İlham Əliyevin güclü, nüfuzlu rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi kimi tarixi əhəmiyyətli vəzifəni yerinə yetirməsini yüksək qiymətləndirdiyini, Qazaxıstan dövlətinin Azərbaycana münasibətində dövlətin ərazi bütövlüyünün qorunması prinsipini həmişə dəstəklədiyini, burada da eyni mövqe, eyni yanaşma və ortaq baxış olduğunu bildirib. O, qeyd edib ki, bu ədalətli prinsip müasir beynəlxalq hüquqa təmamilə müvafiqdir. Ali ordeninin təqdim olunması mərasimində Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir: “Möhtərəm Kasım-Jomart Tokayev, mənim əməyimi yüksək qiymətləndirdiyinizə görə Sizə səmimi qəlbdən təşəkkür etmək istərdim. Mən çox fəxr edirəm ki, Siz məni qardaş ölkə olan Qazaxıstanın ali ordeni ilə təltif etməyi lazım bilmisiniz. Bundan sonra da bizim dostluq və qardaşlıq münasibətlərinin inkişafına töhfə vermək üçün öz tərəfimdən əlimdən gələni edəcəyəm”.Bu səfər çərçivəsində ikitərəfli gündəliyin aktual məsələləri, regional təhlükəsizlik, müxtəlif beynəlxalq problemlərə dair geniş fikir mübadiləsi aparılmış, 20-dən çox mühüm sənəd imzalanmışdır. İki mühüm sənəd - Azərbaycan ilə Qazaxıstan arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram və strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə iki ölkənin əməkdaşlıq əlaqələrinin daha da inkişafına təkan verəcək. Bəyənnamə Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı, ölkələrimizi birləşdirən Orta Dəhlizinin buraxıcılıq qabiliyyətinin artırılması baxımından böyük əhəmiyyət kəsb edir. Beynəlxalq gündəliyin bütün problemlərinə dair eyni mövqeyi nümayiş etdirən və mövqeləri üst-üstə düşən Azərbaycan və Qazaxıstan yeni nəqliyyat-logistika marşrutu yaratmağı nəzərdə tutur ki, bu layihə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına töhfə verəcək. Son aylarda Qazaxıstan-Azərbaycan münasibətlərində iri infrastruktur layihələrinin həyata keçirilməsi məsələsində mühüm mərhələ başlayıb. Bu baxımdan Tokayevin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcək. Söhbət xüsusilə, “Dostıq-Moyıntı” dəmir yolunun tikintisindən, konteyner qovşaqlarının, o cümlədən Aktau dəniz limanının və digər rəqabətədavamlı istiqamətlərin inkişafından gedir. Bu rəsmi səfər iki qardaş ölkə arasında strateji münasibətlərin formalaşması və gələcək inkişafında böyük uğurlara yol açacaqdır.

Günay Məmmədli
Yap Yasamal rayon “Azərsu” ASC üzrə
ərazi partiya təşkilatının sədri

Digər xəbərlər