Ümummilli Lider Heydər Əliyevin xalqımızın qarşısında ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. 1990-cı illərin əvvəllərində Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. Hərc-mərclik ölkələrin daxili həyatına sirayət etmişdi və idarəetmə potensialı aşağı olan respublikamızda çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Eyni zamanda, həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli Liderin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövrdə Heydər Əliyevin qəbul etdiyi ən vacib qərarlardan biri xalqımızın istəyinə uyğun olaraq 1992-ci il 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasını yaradaraq ona rəhbərlik etmək məsuliyyətini öz üzərinə götürməsi oldu.Heydər Əliyevin nüfuzu, Azərbaycan xalqının göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. 1993-cü ilin iyunun 9-da Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Ümummilli Liderin Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də isə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması, məhz bundan sonra mümkün oldu. Heydər Əliyevin dövlətçilik ideyalarına sadiq qalan xalqımız Ümummilli Liderini qəlbində daim yaşadır.
Cavid İsmayılov
YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi